Azərbaycan–Ukrayna münasibətləri son illərdə ardıcıl olaraq yüksələn xətlə inkişaf edərək dostluq və strateji əməkdaşlıq mühitində daha da möhkəmlənmişdir. İki ölkə arasında siyasi dialoq fəal şəkildə davam edir, iqtisadi əlaqələr genişlənir, ticarət və enerji sahələrində yeni əməkdaşlıq imkanları formalaşır. Humanitar və mədəni sahələrdə qarşılıqlı əlaqələr isə xalqlar arasında dostluğun dərinləşməsinə xidmət edir. Beynəlxalq münasibətlər sistemində Azərbaycan və Ukrayna bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət yürüdür. Rusiya–Ukrayna münaqişəsi dövründə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyərək münaqişənin yalnız beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu bəyan etmişdir.
Azərbaycan həmrəylik nümayiş etdirərək Ukraynaya humanitar yardımlar göstərmiş, münaqişədən zərər çəkmiş mülki əhaliyə ərzaq, elektrik avadanlıqları və digər zəruri vasitələrlə dəstək vermişdir. Bu addımlar Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini və beynəlxalq humanitar məsuliyyətə verdiyi önəmi nümayiş etdirir.
Ümumilikdə, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf edərək gələcəkdə daha da genişlənmək potensialına malikdir. Ukrayna Prezidentinin ölkəmizə səfəri və keçirilən yüksək səviyyəli görüşlər onu deməyə əsas verir ki, ölkələrimiz münasibətləri daha da dərinləşdirmək və əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu səfər çərçivəsində aparılan müzakirələr siyasi dialoqun intensivləşməsinə, iqtisadi-ticari əlaqələrin genişlənməsinə və humanitar sahədə əməkdaşlığın güclənməsinə mühüm töhfə vermişdir. Ümumilikdə, bu cür qarşılıqlı səfərlər Azərbaycan–Ukrayna münasibətlərinin strateji xarakter daşıdığını və gələcəkdə daha da inkişaf edəcəyini göstərir.
Birgə bəyanatlarda səsləndirilən fikirlər mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev iki ölkə arasında siyasi dialoqun davamlılığını, imzalanmış strateji sənədlərin əhəmiyyətini və qarşılıqlı səfərlərin münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayaraq qeyd etdi ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq suverenlik və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi bu münasibətlərin əsasını təşkil edir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Azərbaycanın müharibə dövründə göstərdiyi humanitar və enerji sahəsindəki dəstəyini yüksək qiymətləndirərək bildirdi ki, humanitar yardımlar, enerji təminatı və sosial dəstək tədbirləri iki ölkə arasında əməkdaşlığın real və səmərəli xarakter daşıdığını nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də xüsusi vurğulandı.
Beləliklə, Volodimir Zelenskinin ölkəmizə səfəri onunla yadda qaldı ki, Azərbaycan–Ukrayna münasibətləri diplomatik müstəvidə, eləcə də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanaraq inkişaf edir. Mövcud siyasi etimad və əməkdaşlıq formatları gələcəkdə bu əlaqələrin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır. Volodimir Zelenskinin Prezident İlham Əliyevə müraciət edərək mövcud münaqişə ilə bağlı danışıqların Azərbaycanda aparılması təklifini səsləndirməsi isə ölkəmizə və onun liderinə göstərilən yüksək etimad və hörmətin bariz ifadəsi kimi yadda qaldı.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

