Azərbaycan–Ukrayna münasibətləri möhkəm təməl üzərində ardıcıl inkişaf edir

post-img

Ukrayna Azərbaycan üçün dost və tərəfdaş ölkədir. İki dövlət arasında münasibətlər siyasi, iqtisadi və diplomatik sahələrdə ardıcıl şəkildə inkişaf edir, eyni zamanda xalqlarımız arasında qarşılıqlı hörmət və mədəni əlaqələr bu əməkdaşlığı daha da möhkəmləndirir. Mövcud münaqişə fonunda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir, qarşıdurmanın beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Prezident İlham Əliyevin tapşırıqları əsasında Ukraynaya müntəzəm olaraq göstərilən humanitar yardımlar Azərbaycanın dost ölkəyə münasibətinin aydın ifadəsidir. Eyni zamanda Volodimir Zelenskinin Azərbaycana səfəri və Qəbələdə göstərilən yüksək səviyyəli qonaqpərvərlik iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin bariz göstəricisidir. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Volodimir Zelenskinin Azərbaycan rəhbərliyinə humanitar yardımlara və ukraynalı uşaqlara göstərilən diqqətə görə təşəkkür etməsi təsadüfi xarakter daşımırdı. Azərbaycan illərdir bu təşəbbüslərlə beynəlxalq humanitar əməkdaşlığa sadiqliyini nümayiş etdirməklə dost ölkələrə ardıcıl şəkildə dəstəyini əsirgəmir.

Görüşdən sonra Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan ilə Ukrayna arasında münasibətlərin möhkəm və ardıcıl şəkildə inkişaf etdiyini göstərir. Dövlət başçısı iki ölkə arasında yüksək səviyyəli təmasların müntəzəm xarakter daşıdığını və son illərdə bu dinamikanın daha da gücləndiyini qeyd etdi.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq SOCAR-ın Ukraynada fəaliyyətini, ticarət dövriyyəsinin artmasını və yeni investisiya imkanlarını bu münasibətlərin real nəticələri kimi qiymətləndirdi. Bununla yanaşı sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi perspektivlərin mövcud olduğu vurğulandı və bu istiqamətdə gələcəkdə münasibətlərin daha da dərinləşəcəyi bildirildi.

Ukrayna Prezidenti isə sülh prosesi ilə bağlı səylərin müzakirə olunduğunu qeyd edərək bu prosesdə vasitəçilik edən tərəfdaşlara, xüsusilə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə etdi. O, müxtəlif formatlarda Türkiyədə, daha sonra isə amerikalı tərəfdaşlarla Cenevrədə aparılan danışıqlara toxundu və gələcək görüşlərin Azərbaycanda keçirilməsinin mümkünlüyünü də istisna etmədi. Bunun üçün Rusiya tərəfinin də diplomatik prosesə açıq olmasının vacibliyini bildirdi.

Deputat  yekunda qeyd edib ki, uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq qlobal problemlərin və münaqişələrin həllində mühüm rol oynayan ölkəyə çevrilib. Bu da ölkəmizin gücünü göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm vacib tərəfdaş, həm də sülhə töhfə verən ölkə kimi dünyanın diqqətindədir. Ukrayna Prezidentinin səfəri də bunu bir daha təsdiqlədi.

 

 

Siyasət