Tərifnaməli əsgərin şərəfli döyüş yolu

post-img

2001-ci ilin noyabr ayının 8-i idi. Çiskinli, dumanlı bir payız günündə Tovuz rayonunun Düz Qırıqlı kəndində Bədirovların evindən şən, gülüş səsləri ətrafa yayılırdı. Bu şadyanalıq səbəbsiz deyildi. Ailənin 2 qız övladına qardaş doğulmuşdu. Yaxınları Nurəddinin ailəsini təbrikə gəlmişdi... Nəcməddin ayla, illə deyil, günlə böyüdü. 2007-ci ildə Nurəddin Bədirov oğlunun əlindən tutub onu kənd məktəbinin 1-ci sinfinə apardı. Orta təhsilini doğulduğu kənddə alan Nəcməddin 2018-ci ildə məktəbi bitirdi.

O, 2019-cu ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Andiçmə mərasimindən sonra Beyləqandakı N saylı hərbi hissədə xidmətinə davam edib. Müharibə başlayan gün əsgər yoldaşları ilə birgə cəbhəyə göndərilib. Ailəsi ilə əlaqə saxlayanda hərbi xidmət dövründə nümunəvi əsgər olduğuna görə üç dəfə tərifnamə aldığını, qayıdanda hamısını özü ilə gətirəcəyini söyləyib.

…Nəcməddingil ailədə üç uşaq – iki bacı, bir qardaş olublar. Evin sonbeşiyi olub Nəcməddin. O, orta məktəbi bitirəndən sonra ali təhsil dalınca getməyib. Həm evin sonbeşiyi, həm də tək oğul olduğundan anasına çox bağlı olub. Həmişə deyirmiş ki, böyüyüb əsgərliyə gedəcəyəm. Qayıdandan sonra anamı işləməyə qoymayacağam, özüm işləyib hamınıza baxacağam…

– Sentyabrın 28-də Nəcməddin zəng vurub dedi ki, cəbhədəyəm, amma, narahat olmayın. Dedi, “ana, Allaha çoxlu-çoxlu dua elə”. İki gün sonra yenidən zəng vurdu. Hamımızla danışdı. Mənə dedi ki, “sən danış, qoy səsinə doyunca qulaq asım, həyatda ən çox sənə görə yaşayıram, heç nədən qorxma, oğlun qəhrəman olacaq, qələbə ilə dönəcək”. Mənim oğlum ağıllı uşaq olub. Balam fəxr ediləsi oğul idi. Elə dediyi kimi də oldu. Torpaq uğrunda canını verdi balam, qəhrəmanlıq göstərdi, ölümündən sonra oğluma medal da verdilər. Balamın ölümünə yanıb-yaxılsam da, onun adı ilə fəxr edirəm.

Nəcməddin ata-anasını bacısı Ayselə əmanət edib. Zəng edəndə ona deyib: “Mənə axıracan qulaq as, bizi müharibəyə göndərdilər, indi cəbhədəyəm. Səngərdən sənə zəng edirəm. Həyatda hər şey istədiyin kimi olmur. Birdən sağ qayıtmasam, oğlun olsa, mənim adımı qoyarsan, onunla fəxr eləyərsən. Qorxmayın, hər şey yaxşı olacaq, amma ürəyimə damıb ki, mən şəhid olacağam. Başınızı dik tutar, mənimlə qürur duyarsınız. Aysel, ata-anamı sənə, səni də Allaha əmanət edirəm”.

Sentyabrın 30-dan sonra Nəcməddinlə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri ondan heç cür xəbər tuta bilməyiblər. Gözlər yolda, qulaqlar səsdə qalıb. İntizar uzun çəkib. Müharibənin qələbə sorağı gəlib, amma Nəcməddindən xəbər gəlməyib. Bir müddət sonra ailəyə övladlarının itkin düşməsi barədə xəbər verilib. Noyabrın 23-də isə hərbi komissarlıqdan Nəcməddinin oktyabırın 10-da Füzuli rayonu, Qaraxanbəyli kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olduğunun təsdiqləndiyi bildirilib. Ertəsi gün nəşi doğulduğu kəndə gətirilib və Düz Qırıqlı kəndindəki məzarlıqda torpağa tapşırılıb.

19 yaşlı bu gənc Bədirovlar ailəsinin ilk şəhidi olmayıb. Şəhidin atası Nurəddin Bədirov danışır ki, Nəcməddinin əmisi Polad Bədirov da I Qarabağ müharibəsində könüllü cəbhəyə yollanıb, Füzuli rayonunun Şükürbəyli kəndində şəhid olub... Taleyin qismətinə bax ki, Nəcməddin döyüşə 27 il əvvəl əmisinin şəhid olduğu kənddən başlayıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nəcməddin Bədirov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Zərifə BƏŞİRQIZI
XQ

 

 

Sosial həyat