Milli ruhumuzun “Varlıq” tərcümanı

post-img

Cavad Heyət – 100

Təbrizdə doğulub, İstanbulda və Parisdə ali tibb təhsili almış, Tehranda parlamış, Bakıda haqqa qovuşmuş məşhur cərrah və türkoloq Cavad Heyət bütün varlığı ilə ziyalı bir şəxsiyyət idi. Özünün 100, yaradıcısı olduğu “Varlıq” jurnalının 45 yaşı qeyd edilən böyük insan daim qəlbində və əməllərində böyük Azərbaycan sevgisini yaşadıb.

Bir neçə dəfə Cavad Heyəti qəbul edərək səmimi söhbətlər etmiş ulu öndər Heydər Əliyev onun şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi. Cavad Heyət isə Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, mən bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi.

Prezident İlham Əliyev də Cavad Heyətə diqqət və qayğı göstərirdi. Onun fəaliyyətinə yüksək dəyər verən dövlətimizin başçısı ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində, Nizami küçəsində ev hədiyyə edib. Ömrünün son 9 ilində hər Bakıya gələndə bu mənzildə könül xoşluğu ilə qalan Cavad Heyətin qapısı bütün cavadsevərlərin üzünə açıq olub. Şairlər, jurnalistlər, həkimlər, ürəyi “dəcəllik” edən adi vətəndaşlar ard-arda bura üz tutur, gur işıq selindən hərə özünə dəyərli bir zərrə götürürdü.

Güney Azərbaycanda ona bir ağsaqqal kimi Dədə Qorqud deyirdilər. Türkologiya, fəlsəfə, ilahiyyat və digər sahələrdəki tədqiqatları ilə dünyada diqqət mərkəzində idi. İranda uğurla apardığı ilk açıq ürək əməliyyatı sayəsində milyonların ürəyinə yol tapmışdı. Azərbaycana sıx bağlı idi. İlk dəfə 1982-ci ildə görkəmli tibb professoru Nurəddin Rzayevin dəvəti ilə Bakıya gəlmişdi. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və başqa böyük simalarla dostlaşmışdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra buraya daha tez-tez səfər edən Cavad Heyət tanınmış elm və mədəniyyət xadimlərimizin, yaradıcı ziyalılarımızın, sanki, “üzük qaşı” olmuşdu. Onun böyük milli təəssübkeşliyini göstərən yüzlərlə faktdan biri kimi,1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə Prezidenti Süleyman Dəmirələ məktub yazması, dünyanı və qardaş ölkələri qətiyyətlə Azərbaycana arxa durmağa çağırması yaddaşların işıqlı guşəsində yer alır. Cavad Heyət Azərbaycanın bir çox universitetlərin və elmi qurumların fəxri doktoru seçilmişdi, yuvarlaq ildönümləri ölkəmizdə sevgilərlə qutlanmışdı. Əsl ürək adamı olan alim Azərbaycanla bərabər, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində cərrahiyyə ilə bağlı mühazirələr oxumaq üçün tez-tez dəvətlər alırdı.

İranda bir sıra iri xəstəxanaları quran, böyrək dəyişdirilməsi, açıq ürək əməliyyatları və sair möcüzə kimi görünən bir çox başqa təbabət hünərlərini ilk dəfə göstərən Cavad Heyət olub. Onun dünya cərrahiyyəsindəki xidmətlərini zərrəcə azaltmadan, türkologiya sahəsində fəaliyyətini xüsusi vurğulamaqla qürur duyuruq. Əvvəlcə dostu, professor Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub, sonrakı çoxşaxəli çalışmalarında Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və islamşünaslığa dair geniş tədqiqatlar aparıb. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik göstərən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdir olunub. 2-si fars, 5-i isə türk dilində nəşr edilmiş 7 cildlik türkologiya kitabı, bu sahədə 300 (tibb sahəsində isə 100) məqaləsi alimin bilik və düşüncə dairəsi haqqında çox şey deyir.

Cavad Heyətin “Varlıq” dərgisi milli varlığımızın o tayda əsl kimlik sənədi – pasportu idi. Böyük ziyalı bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Bu nəşrdəki yazıların beşdə-dördü Azərbaycan dilində, az bir qismi isə fars dilindədir. Dərin elmi-tarixi və mədəni mövzulara işıq tutan “Varlığ”a

Şəhriyar, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Şahmar Əkbərzadə və bir çox digər ünlü şairlər şeirlər həsr edib. Cənublu soydaşımız Şikar Məstəli bu jurnalı “Qoruyaq “Varlığ”ı canımız kimi, Anamız söyləyən bayatıdır o” – deyə qiymətləndirib. Bu dərginin çevrəsində böyük bir aydınlar nəsli yetişib. “Varlıq”dan daha öncə də Cavad Heyət heç nədən çəkinmədən bu yöndə cəsarətli addımlar atıb. O, fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb.

Cavad Heyət Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının “Məmməd Araz” mükafatına layiq görülüb. Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə bir vaxt onun xidmətlərini belə dəyərləndirib:

Həkim nüsxələri yazdın həmişə,
Xəstə şəfa tapıb sağaldı... fəqət,
Ədib qələmiylə yazdığın nüsxə
Bir xalqın dərdinə şəfadır, əlbət!

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət