“Qanun” Nəşrlər Evində Xalq şairi Rəsul Rzanın yeni çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından kitabının təqdimatı keçirilib. Nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən işıq üzü görən kitab şairin 115 illik yubileyinə həsr olunub.
Tədbirdə Xalq şairi Nigar Rəfibəylinin eyni seriyadan bir qədər öncə işıq üzü görmüş kitabı da oxuculara təqdim edildi. Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dedi ki, XX əsrdə sərbəst şeir mərhələsinin başlanması Azərbaycan poeziyasında gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi nəticəsi idi. Bu şeir formasının ədəbiyyatımızda xüsusi inkişaf mərhələsinə çatmasında isə məhz Rəsul Rzanın xidmətləri böyük olub:
– Rəsul Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına geniş fikir və düşüncə sərbəstliyi gətirmiş, lirikanın poetik əksinin bəzi formal tələblərindən xilas olmasına imkan yaratmışdır. Onun şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da, qafiyə iştirak edir və artıq sözə yol verilmir. Məhəbbət mövzusunda yazılmış şeirləri qiymətləndirilməklə yanaşı, Rəsul Rza poeziyasında ictimai fikrin, vətəndaşlıq mövqeyinin aparıcılıq təşkil etdiyi xüsusi qeyd edilməlidir. Rəsul Rzanın adı çəkiləndə, ilk növbədə, Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə baxmayaraq, Rəsul Rza ədəbiyyatda Azərbaycanın sözünü demək vəzifəsini yerinə yetirməyi bacarıb.
Kitabın tərtibçi və redaktoru, yazıçı Şərif Ağayar bildirdi ki, Rəsul Rza sadəcə sərbəst şeir yazmırdı, şeirdə fərqli duyum və dünyagörüşünü ifadə edirdi. Misra və bəndlərin məna tutumunu gücləndirmək onun yaradıcılığına xas olan əsas keyfiyyətlərdir.
– “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub kimi görkəmli Azərbaycan şairlərinin kitablarını çap edib. Növbəti mərhələdə Məmməd Arazın və Aşıq Ələsgərin kitablarının nəşri nəzərdə tutulur.
Kitabın “Ön söz” müəllifi, tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli isə Rəsul Rzanı modern Azərbaycan şeirinin öncüllərindən biri kimi xarakterizə edərək dedi ki, şair dünyəvi formaya yerli məzmun verməsi ilə milli şeirimizi dünya poeziyasına qovuşdurmağa çalışır, onun üfüqlərini genişləndirirdi.
Rəsul Rzanın və Nigar Rəfibəylinin övladı – AYB-nin sədri, Xalq yazıçısı Anar Bakıda başlanmış 4-cü Beynəlxalq Ədəbiyyat və Kitab Festivalı ərəfəsində bu əsərlərin çapına və tədbirin təşkilatçılığına görə “Qanun” nəşriyyatına təşəkkürünü bildirdi. O, təqdimat iştirakçılarına valideynləri ilə bağlı xatirələrini bölüşdü.
Digər çıxış edənlər də təqdim olunan kitabların məziyyətlərindən danışdılar. Sonra Xalq şairlərinin şeirləri səsləndirildi.
Rizvan FİKRƏTOĞLU
XQ