“Qala adam”

post-img

Rəşad Məcidin yubileyinə kitab töhfəsi

Yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcidin 60 yaşı münasibətlə onun yazdıqlarından və haqqında yazılanlardan ibarət “Qala adam” adlı kitab çapdan çıxıb.

Bəri başdan dəqiqləşdirim ki, onun 60 yaşı ötən il avqustun 21-də tamam olub. Sadəcə, işgüzar adamın başı o qədər qarışıb, işi-gücü o qədər çox olub ki, yubileyinə həsr olunan kitabın nəşri 61 yaşına düşüb. Amma bir mahnıda deyildiyi kimi, “yaşın nə fərqi var ki...” Əsas odur ki, yeni kitabla tanışlıqdan sonra oxucuda Rəşad Məcidin yuxarıda sadalanan titullarından əlavə, sadə, səmimi, üzügülər, ünsiyyətcil bir insan olduğu qənaəti daha da güclənir.

“Qala adam” toplusunda onun bədii yaradıcılıq nümunələri, publisistik yazıları, oçerkləri və haqqında yazılanlar ipə-sapa düzülüb. Əslində, tanınmış imzanın burada toplanmış bir çox yazısını mətbuat səhifələrindən, saytlardan və sosial şəbəkə hesablarından oxumuşam. Amma yenə də “Qələmsiz yazılanlar”, “Şuşa dəftəri”, “60 yaşa yazı hədiyyələri” və “Rəşad Məcidin sözü haqqında” bölmələrində verilən nümunələri yenidən həvəslə oxudum, yenidən duyğulandım. İsa Həbibbəyli, Vilayət Quliyev, Vaqif Bəhmənli, Cahangir Məmmədli, Əflatun Amaşov, Loğman Rəşidzadə, Fəxri Uğurlu, Qismət Rüstəmov, Asif Hacılı, Bəxtiyar Aslan, İmdat Əfşar, Sevinc Mürvətqızı, Şahanə Müşfiq, Türkan Turan, Şəfa Vəli kimi müəlliflərin duyğu və düşüncələri, Rəşad Məcidin bir şəxsiyyət olaraq, görünən və görünməyən tərəfləri ilə bağlı müşahidələri təkrar oxunuşlarda da eyni xoş təəssürat yaratdı.

Rəşad Məcid Laçının Kosalar (Ağoğlan) kəndində anadan olub, uşaqlığı, ilk gəncliyi Ağdamda, Ağcabədidə keçib – bütün varlığı ilə o ulu yerlərə bağlıdır. Mənim də anam laçınlı idi və o yerlərə mən də çox getmişəm, uşaqlıq xatirələrim çoxdur. Bu mənada qələm dostum Nadir Yalçının Rəşad Məcidlə “Qocalığımı Ağoğlanda yaşamaq istəyərəm” adlı söhbəti, Şahanə Müşfiqin “Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid” (şairin anası ilə görüş) oçerkində ürəyimin sarı siminə toxunan məqamlar az olmadı.

Topludakı “Ürəkdən gələn yazılar” silsiləsindən “Zabuxdan keçirdik...” adlı qeydləri də eyni həssaslıqla oxudum:

– Ana, görə bildin?

– Evin üstünü, damını gördüm ancaq. Bəlkə, qayıdanda, geri qalxanda bir az çox görünər...

Laçına, doğulduğum Ağoğlan kəndinə getdiyim maşında yaxından tanıdığım ailənin – ana ilə oğulun dialoquydu bu. Oğul maşını sürürdü. Ana isə qabaq oturacaqdan boylanıb 30 il görmədiyi doğma yerlərə baxırdı. Sülhməramlıların müşayiəti ilə gedirdik deyə, dayanmağa icazə yox idi.

Ana ilə oğulun ilk baxışdan sakit, amma qəhər və həsrət dolu dialoqu hələ maşın Laçının vaxtilə “Poçt” deyilən ərazisinə qalxar-qalxmaz başlamışdı: Ora filankəsin eviydi... burda abidə vardı, dəyişiblər... dayıngilin evi görünür, odey odur...”

Rəşad Məcidin sözüdür: “Elə indi də gözümü yumanda ən çox Laçının Ağoğlan kəndində tut ağaclarının altına sərilmiş xalça-palazın, döşəyin üzərində uzandığım vaxtları xatırlayıram. Fikirləşirəm ki, ömrümün ən xoşbəxtlər anları məhz onda olub. Laçın işğaldan azad edildikdən sonra nənəmin Ağoğlandakı həmin həyətinə getdim. Evin uçuqları, ağaclar qalsa da, o xatirələrə bir də daldım. Uşaqlığım keçən o kənd mənim mənəvi rahatlığımın simvoludur”. – Mən də Laçının Mığıdərə və Malxələf kəndlərində dumanlı-çiskinli havada quzu otardığım, ilk dəfə at mindiyim, əlimə tikan bata-bata böyürtkən yığdığım yay günlərini tez-tez xatırlayıram...

Onu da qeyd edim ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid bir çox məmurdan fərqli olaraq, internet resurslarında, sosial şəbəkələrdə fəallıq göstərməyi cəsarətlə özünə rəva bilir. Hətta onun “Qələmsiz yazılanlar”ı məhz bu platformalardakı qeydlərindən, monoloqlarından hasilə gəlib. Akademik İsa Həbibbəyli kitabdakı “Rəşad Məcidin statusları və SMS dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına giriş” adlı məqaləsində bunu gözəl təhlil edib: “Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. “Status-esselər” və “SMS-esselər” adlandırdığı sosial şəbəkə yazışmalarından ilk dəfə Rəşad Məcid müstəqil janr kimi söz açmışdır. O, “Qələmsiz yazılanlar” adı ilə “525-ci qəzet”də oxuculara təqdim etdiyi yazılara ön sözündə tərəddüd etmədən “bəlkə də bunlar da bir janrdır” – deyə statusların və SMS-lərin müstəqil janr olma ehtimalını irəli sürmüşdür”.

Ürəyi sevgiylə, şeirlə, nəğməylə döyünən Rəşad Məcidin incə lirikasından nümunələr də yeni kitabı bəzəyir. Əməkdar jurnalist Əflatun Amaşov təbrik yazısında bu cəhəti lazımınca qabardıb: “Onu yaxşı tanımayan ilk oxucu mütaliədən sonra elə güman edər ki, müəllifi əsrimizin Məcnunudur, şairin isə eşqdən, məhəbbətdən qeyri mövzusu yoxdur. Belələrinin, heç olmasa, kompüteri açıb məlumat bazasına sənətkarın yalnız adını yazması kifayətdir. Onun 29 yaşından bəri işıq üzü görən kitablarını sıraya düzək: “Hələ ki, vaxt var”, “Əlvida və salam”, “Dəlicəsinə”, “Çiyələk qadın”, “Bir də gəlməyəcək”, “Cığıraçan”... bunlarda şeirləri toplanıb. “10 sentyabr”da isə hekayələri. Bu kitablarda məhəbbət və ictimai motivli yazıların nisbəti 60-ın 40-a birincilərin xeyrinədir”.

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama, nə bu dünyaya.

Bu kimi nümunələr bir daha göstərir ki, Rəşad Məcid hər zaman könlünün həzin sevgi duyğularını yorulmadan, usanmadan bəsləyən, bacarıqla söz notuna və duyğu palitrasına köçürən qabil qələm sahiblərindəndir. Düşünürəm ki, yubiley kitabı yalnız ayrı-ayrı müəlliflərin lap ürəkdən gəlsə də belə, tərənnüm, vəsf, tərif səciyyəli yazılarından ibarət olsaydı, bəlkə də, bu qədər cəlbedici olmazdı. Nə yaxşı ki, tərtibçilər buraya Rəşad Məcidin maraqlı yazılarını, özəl poetik ürək çırpıntılarını, bədii-publisistik qeydlərini də qatıblar. Bu isə onun haqqında deyilənlərin tam həqiqiliyini göstərən dəstəvuz kimi, toplunun daha dolğun təsəvvür aşılamasını təmin edir.

Kitabın mədəniyyət paytaxtımız, söz-sənət mədəbgahımız Şuşa haqqında olan bölmələrindəki qeydlər, şeirlər də böyük maraq kəsb edir. Mən ötən il – özünün 60 illiyi ərəfəsində Rəşad Məcidin Şuşada keçirilən Poeziya Günlərində, dahi Molla Pənah Vaqifin sənət ocağı olan əzəmətli məqbərəsi önündə alovlu çıxışının, axıcı misralar söyləməsinin də canlı şahidiyəm.

Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.

Özü demişkən, “Şuşa havasının sirri”ni bundan da gözəl və təbii necə təsvir etmək olar?!

Vaqif Bəhmənlinin “Zaman və tale sözçüsü” adlandırdığı Rəşad Məcidin haqqında yazılanların hər biri onun bir portret cizgisidir. Sonuncu səhifəni çevirəndən sonra göz önündə onun bitkin bir portreti canlanır. Bu, zamanın, iş-gücün, qayğıların, şaxəli fəaliyyətin dəyişə bilmədiyi, tutduğu vəzifələrə, xüsusilə də Mətbuat Şurasında sədrliyinə rəğmən, özünü “525-ci qəzet”in baş redaktoru kimi daha rahat hiss etdiyini deyən Rəşad Məcidin işıqlı portretidir. Oxuduqca sanki qulaqlarımızda ürəyəyatımlı musiqi melodoyaları da səslənir. Onun nəğmələşən sözləri qanadlanır. Fidan Hacıyevanın, Ələsgər Əliyevin, Xumar Qədimovanın, Nüşabə Ələsgərlinin, Tünzalə Ağayevanın, Cavan Zeynallının ifalarında dalğalanan, ləpələnən musiqi ovqatı yaranır...

İndi də sual edək: bəs, nədən “Qala adam”? Bu yerdə Rəşad müəllimin müsahibələrindən biri “dadımıza çatır”. R.Məcid deyib: “Həyatımda daş adamlar çox görürəm, amma qala adamlarla da rastlaşıram. Fikirləşirəm ki, insanı məhz qoruyan, güclü edən o qala adamlardır və həyatımda o cür qala adamlar olub, var və arzu edirəm ki, həmişə də olsun”. Fərəhlidir ki, o özü də həmişə qala adam olmağa çalışıb və buna nail ola bilib.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət