Rübail – 85
Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları, əvəzsiz şəxsiyyətlər bəxş edib. Onların sırasında müasirimiz olmuş şair Rübailin adını da çəkə bilərik.
O sənətkar, söz sahibi xöşbəxtdir ki, özündən sonra unudulmaz bir iz qoyur. Məhz Gəncədə yaşayıb yaradan mərhum Rübail də belə qələm sahiblərindəndir.
Hər insan özünün öz möhürüdü,
Hər baxış gözələ göz möhürüdü.
Barmaq möhürüylə seçilir hərə –
Rübai seirimin söz möhürüdü.
Bu il Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim Rübail Nəcəf oğlu Allahverdiyevin 85 yaşı tamam olur. 1940-cı ildə Gəncədə anadan olan Rübail burada orta məktəbi, Aqrar Universiteti bitirib. Aspiranturada təhsilini davam etdirib və namizədlik dissertasiyasını uğurla müdafiə edib. Eyni zamanda, poeziyaya sevgisi onu ömrü boyu müşayiət edib. Bioloq kimi də, filoloq kimi də tanınıb, sevilib.
Çağdaş gəncəli şairlərin ədəbi zövqünün formalaşmasında Rübailin də müəyyən rolu olub. Mirzə Şəfi Vazehə yazdığı şeirini elə onun özünə də aid etmək olar:
Nəğməsinə göz dikənlər çox olub,
Ac gözləri bu dünyada tox olub.
Şeirləri əldən çıxıb yox olub –
Müəmmalı müəmması hardadı?
Yaradıcılığa 1961-ci ildə “Kadr uğrunda” qəzetində dərc olunan “Yaylım atəşi” şeiri ilə başlayan şair Rübail sonralar öz şeirləri ilə əsl atəşfəşanlıq yarada bilib. Azərbaycan mətbuatında davamlı olaraq “Sübhə yaxın”, “Bir işıqlı yol üstəyəm”, “Gecələr yuxusu qaçar qızların”, “Getmişdim günəşi yola salmağa”, “Ömrün fəsilləri”, “İldırımötürən”, “Altı məzar, üstü bazar dünyamız”, “Zamanla əlbəyaxa”, “Dünya dəlilərin şənlik evidi”, “Tələsdikcə gecikirəm”, “Sahilsiz çaya körpü”, “Rübailər” adlı şeir və poema topluları nəşr olunub. “Tələsdikcə gecikirəm” kitabına görə “Beynəxalq Rəsul Rza” mükafatına layiq görülüb.
Onun Vətən, ana, təbiət və sevgi kimi ənənəvi mövzulara müraciəti klassik formanı müasir bir ahəngdə səsləndirmək üsulu kimi diqqət çəkib.Yaradıcılıq üslubunda aşkar duyulan müasirlik ruhu ilə oxucu zövqünü, mənəvi dünyasını daha da zənginləşdirib.
Şair Rübail doğma Gəncəsinə həddən artıq bağlı bir insan idi. Bu şəhərin hər bir küçəsi, xüsusilə də Xan bağı və buradakı ağ çinarlar onun üçün daha əziz idi. Onun hər misrasında Gəncənin havası, təravəti duyulurdu. Gəncə ona Cavad xanın yurdu olmaqla yanaşı, Nizami, Məhsəti yadigarı olaraq doğma idi. Gəncə onun ədəbi taleyinin sirli məkanı idi. O, bütün varlığı ilə bu şəhərin ruhunu, əxlaqını, ədəb-ərkanını varlığına çevirə bilmişdir.
Əlimdən çıxanda fürsət yad kimi,
Yandırır dilimi son fəryad kimi.
Yüyəni çeynəyən dəli at kimi,
Məni dalğalara atır yelkənim.
Bu gün şair Rübaili xatırlayarkən filologiya elmləri doktoru, professor Rüstəm Kamal onun haqqında yazır: “Ömür, Rübail poeziyasının baş qəhrəmanıdır və əsas yaşantı hadisəsidir. Ömrü anlamaq zərurəti şairi müdrik edir. O, ömür haqqında bilgilərini və duyğularını dörd misralıq hikmətə sığışdırır”.
Bəli Rübail öz şerlərində həqiqətən də ömür haqqında bilgilərini və duyğularını dörd misralıq hikmətə sığdıra bilirdi. Məhz bu misralar Rübail hikmətini və varlığını qoruya bilir. Onun söz xəzinəsi gələcək nəsillər üçün bir məktəb, həqiqətin varlığı, hikmət bulağıdır.
Anar Ərtoğrul BURCƏLİYEV