Çinin Yanşan Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi və mətbəxinə dair 25 fərqli adda 32 ədəd kitab hədiyyə edilib.
Nəşrlər universitetinin azərbaycanlı tələbəsi Sadiq Qaçayevin təşəbbüsü, Azərbaycanın Çindəki səfirliyi və Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının dəstəyi ilə ali təhsil ocağına təqdim olunub.
Universitet kitabxanasının direktoru xanım Yuan Sümey kitabxana resurslarının zənginləşdirilməsinə töhfəyə görə təşəkkürünü bildirib. O deyib ki, ianə edilmiş kitablar Azərbaycan–Çin dostluğunun möhkəmlənməsinə töhfə verəcək, çinli və əcnəbi tələbələr həmin kitablardan istifadə etməklə Azərbaycan haqqında daha çox məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, Yanşan Universitetinin yeganə azərbaycanlı tələbəsi olan Sadiq Qaçayev humanitar elmlər və hüquq məktəbində doktorantura pilləsi üzrə təhsil alır. O, həm də Hebey əyalətinin Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin əsas ekspertidir.
Əli NƏCƏFXANLI
XQ