Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib

post-img

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçirilib.

XQ xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq:

"Əminik ki, şurada səsləndirilən yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı, konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığın inkişafında yeni bir səhifə açır. Ötən il təşkilat daxilində aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində Qadınlar Şurasının müvafiq əsasnaməsi qəbul edilib. Nəticədə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılıb".

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışıb. Bildirib ki, qadınların rolu hər sahədə gücləndirilməlidir. Baş katib Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib və buna görə də rəsmi Bakıya təşəkkür edib.

K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

Yekunda Qadınlar Şurasının tövsiyə sənədi səsə qoyularaq qəbul edilib.

Sosial həyat