Dünya qadın hərəkatı tarixində mühüm mərhələlərdən biri 1901–1917-ci illəri əhatə edir. Bu dövrdə Avropada, Rusiyada, daha sonra isə Şərqdə maarifçilik ideyalarının təsiri ilə qadın hərəkatı genişləndi, onların təhsil almaq uğrunda mübarizələri gücləndi.
Dünya ictimaiyyətinin diqqəti qadınların təhsilə cəlb edilməsi üçün məktəblərin açılması və bu işə hamilik köməyi göstərilməsi istiqamətində təşəbbüslərin artırılması məsələlərinə yönəldi. Həmin illərdə Azərbaycan ziyalıları da cəmiyyətdə qadın hüquqlarının müdafiəsinə qalxdılar və mövzunu ictimailəşdirmək üçün məsələni mətbuatın gündəminə çıxardılar, Azərbaycanda qadın hərəkatı ideologiyasının işlənib hazırlanmasında mühüm rol oynadılar.
Bu dövrdə cəmiyyətin fanatik düşüncəsi qız uşaqlarının müxtəlif şəhər və ölkələrə təhsil almaq üçün getməsi yolunda maneəyə çevrilmişdi. Ona görə də qızlar bir qayda olaraq ibtidai təhsildən yuxarı qalxa bilmirdilər. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüskarlığı və maddi vəsaiti ilə Bakıda qız məktəbinin fəaliyyətə başlaması qadınlar arasında təhsilin genişlənməsi, ictimai həyatda onların daha tez-tez nəzərə çarpmaları kimi hallar ictimai rəyə təsirin ən güclü vasitəsi olan mətbuatın bu yönümdə apardığı işlərin də uğurlu nəticələrindən biridir.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən birinin – təhsil almaq imkanının məhdudluğu ilə bağlı məsələlərin mətbuatda səslənməsində Əhməd bəy Ağayevin böyük rolu olmuşdur. Müsəlman qadının təhsilə cəlb olunmasının vacibliyi ilə bağlı “Həyat” qəzetinin dərc etdiyi oxucu məktubları mühüm əhəmiyyətə malikdir. Qəzetin redaktorlarından biri olan Əhməd bəy Ağayev qadın intibahı tərəfdarı idi və bu barədə öz düşüncələrini 1901-ci ildə “Kavkazski vestnik” jurnalında nəşr etdirdiyi “İslam dinində və islam aləmində qadın” əsərində ifadə etmişdi. Əsər çox tez məşhurlaşmışdı və dövrün tərəqqipərvər ziyalıları tərəfindən təqdir olunmuşdu.
Ə. Ağayev “Həyat”, “İrşad”, “Tərəqqi” – “Proqress” qəzetlərində redaktorluq fəaliyyəti zamanı xeyriyyə cəmiyyətləri, mədəni-maarif ocaqları yaratmaq və qızlarımızı təhsilə cəlb etmək üçün ciddi səylər göstərmişdir. Əhməd bəy Ağayevin Bakıda nəşr etdirdiyi “Tərəqqi” qəzeti qadınları birliyə çağırır, ictimai rəyi qadınların öz problemlərini təşkilatlar vasitəsilə birləşərək həll edə biləcəklərinin vacibliyinə yönəldirdi. Bu sahədə Osmanlı qadınlarının fəaliyyətindən nümunə götürməyi məsləhət görən qəzet “Osmanlı qadınları”, “Müsəlman xanımlarının ittifaqı”, “Xatunlar ictimai”, “Xanımlar arasında Osmanlı tərəqqipərvər cəmiyyəti” sərlövhəli yazılarında belə cəmiyyətlərin proqramlarını da dərc etməklə azərbaycanlı qadınları bu sahədə işlər görməyə istiqamətləndirirdi.
Çar Rusiyasının senzura idarələri milli dildə çıxan qəzetləri tez-tez bağlasa da, ziyalılarımız onları başqa adlar altında yenidən dirçəldirdilər. Əhməd bəy Ağayev söz demək, qəzet çıxarmaq, xalqın siyasi-mənəvi hüquqları uğrunda mübarizə aparmaq, qəzet vasitəsilə hökumət və cəmiyyət qarşısında mühüm məsələlər qoya bilmək üçün mətbu tribunanı əldə saxlamağa çalışırdı. Ə.Ağayevin sonralar nəşr etdiyi “Tərəqqi” qəzeti də öz sələfinin ideyasını davam etdirərək “Qızlar ana olacaqlar. Səd heyif ki, oxumağın vacib olduğunu hər kəs bilmir” sərlövhəli məqaləsində valideynlərin öz qız övladlarına qarşı mərhəmətsiz davranmaları, onların hissiz, şəfqətsiz buraxıldıqları və beləliklə, fəlakətə sürükləndiklərini diqqətə çatdırırdı.
Qəzetin “Hacı Zeynalabdin cənabları və onun qız məktəbi” sərlövhəli məqaləsində məktəb binaları inşa etmək üçün digər “sərvət və hümmət sahiblərinə” Hacı Zeynalabdin Tağıyevi tək buraxmamaq tövsiyə edilirdi.
“Həyat” qəzetində Sankt-Peterburq, Sibir və Kazanda yaşayan müsəlman qızların onlara təhsil verilməsi ilə bağlı tələbləri əks olunurdu. Zeynəb Əhmədova adlı bir qızın “Rusiyadan bir müsəlman qızından gələn bir kağızdır” sərlövhəsi altında dərc edilən məktubunda qızların “millət islahatçıları”na qarşı ittihamları səslənirdi: “Millətimizdə tərbiyəyi-ətfal (uşaq tərbiyəsi – A.Q.) yox hökmündə olsa da, ər oğlanların da tərbiyəli olmasına, təlimləri haqqında da bəhslər açılıb islahına çalışılır. Amma, gələcəkdə millətin də anaları olacaq biz zavallı qızcığazlar xüsusunda bir məqalə, ya bir məsələ açılmadı”.
Müəllif “millətin kiçik xəstəliklərinə əlac arayan millət doktorlarını” qınayır və onların bu mövzuda susmalarını xalqa xəyanət saydığına görə əlinə qələm aldığını bildirirdi: “Amma, əfəndilər! Bu nə hüquqsuzluq, insaniyyət, ədalət, həqaniyyət, bilməm. Nələr deyə bağırıb-çığırırsınız. Sonra da mənim nə səbəbə həqqimi ayaqlar altına çəkib üzürsünüz? İnsaf, əfəndilər! Bizim haqqımız yoxdu?.. Bizim hal-hazırımıza siz məsul deyilmisiniz?”.
Zeynəb Əhmədovanın məktubuna cavab olaraq Qədriyyə xanım adlı bir qız Sibirdən göndərdiyi məktubda təhsil və tərbiyə məsələlərində müsəlman xanımlarının geridə qaldıqlarından şikayətlənirdi. “Kazanlı bir xanımdan”, “Tatar xanımlarından” başılıqlı məktublar da eyni məzmunu ifadə edirdi. Məktubların sayının artdığından fərəhlənən Qədriyyə xanım “Həyat”a göndərdiyi “İslam qızları” sərlövhəli ikinci məktubunda yazırdı: “Tatar (azərbaycanlı – A.Q) qızları dəxi qələmi ələ aldılar. Qızlar tərbiyəsi məsələsini meydana qoydular”. O, İstanbul ünas məktəbində qızların islam adətlərinə müvafiq tərbiyə olunduğundan bəhs edirdi: “Hicab rəf olunmamalıdır. Hicab həqiqət, hicab şəridir (şəriətə müvafiqdir – A.Q)”. Müəllif İslamın qayda-qanunlarında qızların təhsil və tərbiyə görmələrinin heç bir maneə təşkil etmədiyini vurğulayırdı.
Maarifçilik hərəkatının təsiri ilə XX yüzilliyin ilk illərindən məktəblər açılmasını, oğlanlarla birlikdə qızların da təhsilə cəlb olunmasını ictimai şüura çatdıran ziyalılarımız qadına cəmiyyətin tamhüquqlu üzvü kimi baxır, onun təhsil alması, sosial həyata qovuşması kimi məsələlər qaldırırdılar. Qadın hüquqları uğrunda mübarizə Azərbaycan milli mətbuatının sonrakı dövrdə də davam etdirilib bugünümüzə çatdırılan sivil və demokratik ənənələrindən biri kimi öyünc doğurur.
AMALYA QASIMOVA,
tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvu