Həsən bəy Zərdabi “Əkinçi” yolunu burada davam etdirmişdi
Rusiya imperiyasının Quzey Azərbaycanı işğal etməsindən sonrakı yarım əsrdən uzun müddətdə – 1875-ci ildə “Əkinçi”nin nəşrinədək ölkəmizdə anadilli qəzet olmadığından rus dilində yazıb-oxumağı bacaran azsaylı ziyalılarımız Qafqazda hakim xalqın dilində çap olunan mətbuatda çıxış etməli olmuşlar. Bu baxımdan Tiflisdə buraxılan “Kavkaz” qəzetində Azərbaycan həyatı ilə bağlı, eləcə də maarifçi ziyalılarımızın qələmindən çıxmış xeyli yazı işıq üzü görmüşdür.
1881-ci ildən Bakıda nəşr edilən “Kaspi” qəzetini 1898-ci ildən isə Hacı Zeynalabdin Tağıyevin satın alıb redaktorluğunu Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşova, ona peşəkar himayədarlığı isə Həsən bəyin özünə etibar etmişdi. Bundan sonra “Kaspi” 1919-cu ilədək Azərbaycan həyatının rus dilində davamlı və əhatəli güzgüsünə çevrilmişdi. İlk 17 ildə bu qəzetin yad-yabançı yaradıcı heyəti və auditoriyası formalaşmışdı. Onların maraqları Bakının milli mühitindən, yerli tələbatından, Azərbaycan xalqının gerçək həyatından uzaq olmuşdu. Bu daha çox onun əvvəlki redaktorlarının qeyri-azərbaycanlılar olması ilə bağlı idi.
Bu zaman qəzetdə Azərbaycan tarixi və mədəniyyəti haqqında nadir hallarda materiallar dərc olunur, azərbaycanlılar isə “tuzemsı” – yerli əhali və ya “tatar” adlandırılırdı. 1891-ci ildə “Kaspi” qəzetinin müvəqqəti redaktoru olmuş Məhəmməd ağa Şahtaxtlı bir məqaləsində azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən bu məsələyə “Zaqafqaziya müsəlmanları necə adlandırılmalı?” başlığı altında cavab axtarmışdı.
Müəllif rusları yerli əhalini düzgün çağırmağa çalışmışdı: “Zaqafqaziya müsəlmanlarına ad vermək istəyərkən son zamanlar Qafqazda onları rus dilində “tatar” adlandırmağa başladılar. Bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz, belə ki, dil, görkəm, adət, xasiyyət baxımından Zaqafqaziya türkləri ilə daxili quberniya tatarları arasında böyük fərq var. Zaqafqaziya müsəlmanlarının danışdığı dil osmanlı, səlcuq, Azərbaycan dialektlərinə bölünən türk qrupuna aiddir. Zaqafqaziya müsəlmanları, əlbəttə, heç fars da deyillər. Bu xalqlar dillərinə görə bir-birindən seçilirlər, türk və fars dilləri ciddi surətdə fərqlidirlər. Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, onların danışıq dilini isə Azərbaycan dili çağırmaq daha düzgün olardı”.
“Kaspi” Qafqazda və Rusiyada kifayət qədər nüfuz qazanmış qəzet idi. XIX əsrin 90-cı illərində Rusiyada ümumdemokratik tendensiyaların fəallaşdığı zaman Bakıda demokratik ruhlu azərbaycanlı yazıçı-publisistlərin böyük qismi ana dilində mətbuat olmadığından “Kaspi” qəzeti ətrafında birləşmişdilər. Qəzetin redaksiya kollegiyasına A.Mahmudbəyov, N.Nərimanov, M.Sidqi, M.Şahtaxtlı daxil idilər. Həsən bəy Zərdabi hələ Zərdabda yaşadığı 16 ildə qəzetlə sıx əlaqələr qurmuşdu. Qəzet “azərbaycanlaşandan” sonra isə onun nəşrinə fəal müəllif və redaktor kimi milli yön vermişdi.
Milli folklor toplayıcısı Teymur bəy Bayraməlibəyov qəzet səhifələrində xalq yaradıcılığı nümunələri dərc etdirirdi. O, Şah Abbas və digər padşahlar haqqında yazdığı esselərdə Şərq hökmdarlarının yaxşı əməllərindən və nöqsanlarından söz açır, oxucuların diqqətini onların qalibiyyət yürüşləri ilə yanaşı, uğursuz döyüşlərinə də cəlb edirdi. T.Bayraməlibəyov və digər müəlliflər “Kaspi” qəzetinn səhifələrində mütəmadi çıxış edə bilmirdilər. Onları narahat edən məsələlər çox zaman redaksiya rəhbərliyini maraqlandırmırdı. Yalnız Zeynalabdin Tağıyev və Həsən bəy Zərdabi “Kaspi” və onun nəşriyyatını “milliləşdirəndən” sonra redaksiyanın yeniləşmiş heyəti qəzetin ictimai-siyasi xəttini yerli maraqlara yönəltdi.
Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetinə baş redaktor təyin edilməsi təsadüfi deyildi. O, vicdanlı hüquqşünas və səmərəli vəkil kimi şöhrət qazanmışdı. “Kavkaz” qəzeti ilə əməkdaşlıq etmiş savadlı jurnalist, qərəzsiz hüquqşünas idi. Sonrakı illərdə Rusiya Dövlət Dumasının yaranması və fəaliyyəti illərində Ə.Topçubaşov bütün Rusiya müsəlmanları arasında ən məşhur ictimai-siyasi xadimə çevrilmişdi. Bu illərdə Qafqazdan tutmuş Volqaboyu müsəlmanları onu “bizim Topçubaşov” adlandırırdı.
“Kaspi” qəzetinin 1898-ci ilin 24 iyun tarixli sayında Ə.Topçubaşov “Redaktordan” sərlövhəsi altında proqram xarakterli məqaləsində mətbuatın cəmiyyətlə qarşılıqlı əlaqəsini belə göstərirdi: “Cəmiyyət mədəni mənada nə qədər inkişaf edərsə, ictimai rəyin idealı və sözçüsü olan mətbuatın təsiri bir o qədər güclü olar”.
Ə.Topçubaşov müsəlmanların Rusiyada acı taleyi, dini etiqadlarına görə hüquqlarının pozulması, həmçinin, azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılması haqqında siyasi məqalələr çap etmişdi.
Ə.Topçubaşovun redaktor olduğu dövrdə qəzetin ən görkəmli və məhsuldar müəllifi məşhur publisist Əhməd bəy Ağaoğlu idi. O, Sorbonna Universitetini bitirdikdən sonra doğma Qarabağa qayıdıb və Şuşa real məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərirdi. İlahiyyat, filologiya və hüquq elmləri sahəsində dərin biliyi olan Ə.Ağaoğlu Fransada yaşadığı illərdə Paris nəşrlərində çap olunur, kübar dairələrdə tanınır, görkəmli alim və ictimai xadimlərlə əlaqələr qurmağa müvəffəq olmuşdu.
Lakin 1894-cü ildə atasının qəfil vəfatından sonra Ə.Ağaoğlu doğma yurda dönmək məcburiyyətində qalmışdı. O, Parisdə parlaq elmi karyeradan imtina edərək, özünü xalqına xidmətə, maarifçilik fəaliyyətinə həsr etmək qərarına gəlmişdi. Əhməd bəy Şuşada qiraətxana açmışdı, müəllim işləmişdi, “Kavkaz” və “Kaspi” qəzetlərinin redaksiyalarına məqalələr yazmışdı.
“Kaspi”nin redaktoru təyin olunan Ə.Topçubaşov onu dərhal işə dəvət etdi. Azərbaycan “Kaspi”sinin 24 iyun 1898-ci il ilk sayında Ə.Ağaoğlu kəskin məqalə ilə çıxış edərək, Rusiya imperiyasını öz əyalətlərini unutmaqda, orada yaşayan xalqların problemləri ilə maraqlanmamaqda ittiham etdi. O yazırdı ki, əyalət əhalisinin “qayğısına qalmaq dövlət adamlarının və rus mətbuatının ümdə vəzifəsidir”.
Birinci rus inqilabı ərəfəsində “Kaspi” qəzeti siyasi istiqamətdə xüsusilə fəallaşmışdı, hər sayında müsəlmanların Peterburqa ünvanladıqları ərizələrini dərc edir, əsas mahiyyətini oxuculara izah eləməyə çalışırdı: “Budur, bu vaxta qədər görünməyən səhnənin şahidiyik – Rusiyanın müsəlman əhalisinin yaşadığı bütün yerlərdə nümayəndəliklər təşkil olunur, ona görə yox ki, hansısa qəza və ya başqa pristava mədhnamə təqdim edilsin, bu və ya digər qəza rəisinə onun müdrik rəhbərliyi altında və atalıq qayğısı nəticəsində firavan həyat üçün minnətdarlıq bildirilsin. Əsla yox! Onlar Peterburqda imzalanan Ümidverici Ali Reskriptdən ruhlanıb müvafiq idarə və dairələrdə öz ehtiyac və tələbatları haqqında danışmaq, özlərinə Rusiya vətəndaşı hüququnu əldə etmək... hüquq və vəzifələrlə bölüşmək haqqını əldə etmək üçün paytaxta üz tutublar”.
Həmin dövrdə Ə.Topçubaşov da müsəlmanları narahat edən problemlərdən yazır, Rusiyada müsəlmanların hüquqlarının pozulmasında qanunvericiliyə, idarəyə, hətta məhkəməyə belə nüfuz etmiş dini baxışın müstəsna səbəb olduğunu ön plana çəkirdi: “Rusiya müsəlmanlarına qarşı bir növ səlib yürüşü rolunu alan bu baxış yüz illər boyu müsəlmanların başına yağan bütün pisliklərin mənbəyi idi”.
O dövrdə Azərbaycan ziyalılarını narahat edən mühüm məsələlərdən biri milli mətbuatın inkişafının ləng getməsi idi. Ə.Ağaoğlu “Şərqdə jurnalistikanın icmalı” və “Tatar-Azərbaycan dilində qəzetin zəruriliyi haqqında” adlı məqalələrində Misir, Osmanlı imperiyası, İran və Azərbaycanda mətbuatın inkişaf meyillərini tədqiq edir və Şərq xalqlarına xas mədəniyyət, temperament, əlifba məsələlərini araşdırır. O yazırdı ki, dövri mətbuat, xüsusilə gündəlik jurnalıstika, icrada çeviklik və cəldlik, işdə dəqiqlik və səliqəlik tələb edir: “Bu keyfiyyətlər isə Şərqin süst təbiəti ilə bir araya sığmır”.
Ə.Ağaoğlu geriliyin daha bir səbəbini göstərirdi. Bu, çap işinə yaramayan əlifba idi: “Nəfislik baxımından gözəl olan əlifba saitlər olmadığından oxucuya çətinlik yaradır, onların əvəzində samitlərin altında ya üstündə nöqtə və ya tire qoyulur, bu isə öz növbəsində çap dəzgahının işini ağırlaşdırır”. Ə.Ağaoğlu qəzetin səhifələrində publisistika ilə yanaşı, bədii əsərlər də nəşr etdirmişdi.
“Kaspi” qəzetinin məzmununu milli maraqların ifadəsi baxımından təhlil etdikdə aşağıdakı nəticələrə gəlmək olar. 40 ilə yaxın nəşr edilən qəzet ilk illərdə rusdilli olması ilə bərabər, həm də rusdüşüncəli idisə, onu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev aldıqdan sonra yeni redaksiya XIX əsrin sonu – XX əsrin ilk iki onilliyində Azərbaycan ictimai-siyasi və ədəbi fikrinin inkişafını milli mövqelərdən işıqlandırmışdı. “Kaspi” qəzetinin səhifələrində dövrün qabaqcıl milli ziyalılarının, demək olar ki, bütün nümayəndələri çıxış etmişdilər.
Həmin illərdə “Kaspi”nin səhifələrində Əli bəy Hüseynzadənin də imzasına rast gəlinir. O, bəzi hallarda məqalələrini “Təbib” təxəllüsü ilə imzalayırdı. İxtisasca həkim olan ədib araşdırılan dövrdə əhaliyə böyük bəlalar gətirən vəba haqqında bir neçə məqalə yazmışdı. “Kaspi” səhifələrində Ə.Hüseynzadənin ictimai-siyasi mövzularda yazıları da işıq üzü görmüşdü. O, oxucuları Osmanlı imperiyasında yeni yaranan siyasi meyillər – “gənc türklər” hərəkatı ilə tanış etmişdi.
1904-1905-ci illərdə “Kaspi”lə əməkdaşlığa başlayan Üzeyir Hacıbəyli Cəbrayıl və Şuşa qəzalarında qəzetin müxbiri omuşdu. O, bu qəzalardan hazırladığı materiallarda Cəbrayıl qəzasında ipəkçiliyin inkişafından, Zəngəzur və Cavad qəzalarında tuğyan edən vəbadan, Qarabulaq və Cəbrayılda talan və oğurluqlardan, Şuşa qəzasının Tuğ kəndində ermənilərlə azərbaycanlıların toqquşmaları və s. haqda xəbərlər yazmışdı.
“Kaspi” qəzetində bir neçə məqaləsi dərc edilmiş Azərbaycan ədəbiyyatı və dilinin yorulmaz təbliğatçısı Firidun bəy Köçərlinin adını çəkməmək mümkün deyil. Bunların sırasında Azərbaycan ədəbiyyatı tarixinə, böyük şair və siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş məqalələri qeyd etmək lazımdır.
“Kaspi” qəzetinin yarandığı dövr Rusiyada islahatların əleyhinə və milli ucqar ərazilərin sürətli ruslaşmasına yönələn III Aleksandrın hakimiyyəti illərinə təsadüf etmişdi. Məhz bu səbəbdən qəzet 1898-ci ilə kimi yerli əhaliyə yabancı idi.
M.A.Şahtaxtlının qısamüddətli qeyri-rəsmi redaktorluğu istisna olmaqla, onun maraq və ehtiyaclarına cavab vermirdi. Yalnız 1898-ci ildən qəzetin rus dilində çıxmasına baxmayaraq, onun rusdüşüncəli nəşrdən azərbaycanlıların milli qəzetinə trasformasiyası prosesi başlamışdı. “Kaspi”nin yeni sahibi H.Tağıyev, redaktoru Ə.Topçubaşov və mənəvi himayəçisi H.Zərdabi qəzetin istiqamətini əsaslı sürətdə dəyişərək, ona milli ruh vermişdilər.
Lalə HACIYEVA,
filologiya üzrə fəlsəfə doktoru