Xalq artisti, ustad muğam ifaçısı Əlibaba Məmmədovun ifasında xalqa çatdırılan bu məşhur şeirin bəstəçisi də müğənninin özü idi. Bəs ana dilimizin, sanki, portretini çəkmiş, qüdrətini poetikləşdirmiş bu mənzumənin müəllifi kimdir?
Bir neçə il əvvəl redaksiyamızda bununla maraqlananda hərə ana dilində şerləri ilə məşhur olan bir şairin adını çəkdi. Bəs konkret müəllif kimdir? Bu sualla həmin şeiri öz ifasında bir az da məşhurlaşdırmış sevimli qiraət ustamız Ağalar Bayramova üz tutduq. O dedi ki, mən mətni Əlibaba müəllimin ifasından götürmüşəm. Ondan öyrənib sizə deyərəm.
Əlibaba müəllim bildirib ki, neçə illər əvvəl həmin şeiri Ağcabədinin bir kəndində bir ədəbiyyat müəllimi ona verib. Əvvəl o qədər əhəmiyyət verməsə də, sonra şeiri diqqətlə oxuyub heyran qalıb. Başlayıb zümzümə etməyə və belə nadir bir əsər ərsəyə gəlib. Sonrakı axtarışlarımızdan məlum oldu ki, həmin müəllif Ağcabədinin Kəhrizli kəndinin müəllimi Vaqif Kəhrizli imzası ilə şeirlər yazan el şairidir.
Təəssüf ki, sağlığında Vaqif müəllimlə görüşə bilmədik. Rayonda sonuncu dəfə onu axtaranda isə dedilər ki, bu Vətən və ana dili sevgisinə himn qoşmuş şair 66 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin, Ana dili günümüzdə ruhu şad olsun!
Qoy hamı bilsin ki, “Ana dilim ölən deyil!” şeiri kimin qəlbindən süzülüb ölkəmizə yayılıb.
Ana dilim ölən deyil
Aylar ötür, il dəyişir,
Gedən geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan – mənim elim,
Azərbaycan – mənim dilim.
Doğransa da dilim-dilim
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil.
Vaqif deyər aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil,
Ana dilim ölən deyil.