Son günlər Fransada baş verən siyasi hadisə Avropanın təhlükəsizlik sistemində dərin çatların yarandığını açıq şəkildə göstərir.
Fransa parlamentinə ölkənin NATO üzvlüyündən çıxmasını tələb edən qanun layihəsinin daxil olması alyansın gələcəyi ilə bağlı illərdir səssizcə aparılan müzakirələri ictimai və siyasi gündəmin mərkəzinə çıxarıb. Hələlik bu təşəbbüsün real nəticəyə çevrilib-çevrilməyəcəyi bəlli olmasa da, faktın özü Avropa təhlükəsizlik arxitekturasının nə qədər kövrək olduğunu nümayiş etdirir. Fransa kimi hərbi gücü, siyasi çəkisi və tarixi ambisiyaları olan bir dövlətin NATO-dan çıxışı ideyasının parlament səviyyəsində səslənməsi təsadüfi deyil.
NATO uzun illər Avropa üçün təkcə hərbi alyans deyil, həm də təhlükəsizlik hissinin sinonimi olub. Bu struktur Avropanı müharibə qorxusundan qoruyub, siyasi sabitliyin təminatçısına çevrilib. İndi isə Fransa faktoru bu sabitliyin sarsıla biləcəyini göstərir. Alyans daxilində ABŞ-dan sonra ən müstəqil strateji mövqeyə və nüvə silahına malik ölkənin kənara çəkilməsi NATO-nun Avropa dayaqlarını zəiflədər, onu daha çox ABŞ–Britaniya mərkəzli mexanizmə çevirər. Belə bir dəyişiklik Transatlantik tərəfdaşlığın ruhunu boşaldar və NATO-nu formal struktura endirə bilər.
Fransanın mümkün çıxışı Avropada zəncirvari reaksiyaya səbəb ola bilər. Bu addım digər ölkələr üçün presedent yaradaraq NATO-ya skeptik yanaşan siyasi qüvvələrin mövqelərini gücləndirər. Almaniyada, İtaliyada və Şimali Avropada alyansın gələcəyi ilə bağlı suallar daha ucadan səslənməyə başlaya bilər. Nəticədə, NATO formal olaraq mövcud qalsa belə, onun real çəkindirici gücü zəifləyər, kollektiv müdafiə anlayışı isə kağız üzərində qalmaq riski ilə üzləşər.
Avropa üçün bu prosesin ən ağrılı tərəfi daxili parçalanma təhlükəsidir. Fransa illərdir “strateji muxtariyyət” ideyasını irəli sürür və Avropanın ABŞ-dan asılı olmadan öz təhlükəsizliyini təmin etməsini müdafiə edir. NATO-dan çıxış bu ideyanın ən radikal ifadəsi ola bilər. Lakin Şərqi Avropa ölkələri üçün bu yol cəlbedici görünmür. Onlar ABŞ-ın təhlükəsizlik zəmanətlərini həyati hesab edir və Fransa liderliyində qurula biləcək Avropa təhlükəsizlik modelinə ehtiyatla yanaşırlar. Beləliklə, Avropa vahid təhlükəsizlik məkanından çoxsürətli və parçalanmış geosiyasi məkana çevrilə bilər.
Bu vəziyyət qlobal güclər üçün də yeni imkanlar yaradar. Rusiya Avropada yaranan qeyri-müəyyənlikdən istifadə edərək təsir dairəsini genişləndirməyə çalışar. Çin isə hərbi deyil, iqtisadi və siyasi vasitələrlə Avropada mövqelərini gücləndirər. Avropa daxilində koordinasiyanın zəifləməsi bu güclərin manevr imkanlarını daha da artırar.
Fransanın NATO-dan çıxışı, eyni zamanda, nüvə təhlükəsizliyi məsələsini də yenidən gündəmə gətirər. Fransa nüvə potensialı ilə Avropa təhlükəsizliyinin qeyri-rəsmi sütunlarından biri sayılır. Onun alyansdan kənarda qalması Avropada nüvə deterrensiyasının daha çox ABŞ-a bağlanmasına gətirib çıxarar. Bu isə paradoksal şəkildə Avropanın müstəqilliyini artırmaq əvəzinə, strateji asılılığı daha da dərinləşdirər.
Beləliklə, Fransa parlamentinə NATO-dan çıxışla bağlı qanun layihəsinin təqdim olunması, sadəcə, bir siyasi təşəbbüs deyil. Bu hadisə Avropanın təhlükəsizlik modelinin sınaq qarşısında olduğunu göstərən ciddi siqnaldır. NATO-nun dağılması hələlik qaçılmaz olmasa da, Fransa nümunəsi göstərir ki, Avropa artıq köhnə təhlükəsizlik formullarına kor-koranə güvənmir. Qarşıdakı dövr Avropa üçün daha az rahat, daha çox suallar və risklərlə dolu ola bilər. NATO sonrası dünya hələ formalaşmayıb, lakin onun kölgəsi artıq Avropanın üzərinə düşməyə başlayıb.
Səbuhi MƏMMƏDOV
XQ

