Göygöl şəhərində keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, həm də dərin mənəvi məna daşıyan nümunəvi bir tədbir oldu. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Pasha Holding”in dəstəyi, Göygöl Rayon İcra Hakimiyyətinin və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanlar bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramın parlaq təzahürüdür.
2021-ci ildən Qırmızı Ürəklər Fondu tərəfindən icra olunan bu layihənin əsas məqsədi I və II Qarabağ müharibələrində canından keçən qəhrəmanlarımızın xatirəsini əbədiləşdirməkdir. Layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında şəhidlərin sayına uyğun ağacların əkilməsi həm mənəvi borcumuzun ifadəsi, həm də təbiətə, yaşıl gələcəyə verilən dəyərin göstəricisidir.
Göygöl rayonunda keçirilən aksiya zamanı rayonun şəhidlərinin xatirəsinə onların sayı qədər-175 ədəd Eldar şamı əkilib. Hər bir ağac bir ömrün, bir qəhrəmanlığın, bir Vətən sevgisinin rəmzi kimi torpaqla qovuşub. Bu, həm xatirələri yaşadan, həm də gələcək nəsillərə vətənpərvərlik duyğusunu aşılayan çox mənalı bir təşəbbüsdür.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ağsaqqallar, könüllülər, eləcə də “Kapital Bank”ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Bu geniş iştirak bir daha göstərir ki, şəhidlərimizin xatirəsi xalqımız üçün hər zaman uca və müqəddəsdir.
Belə layihələr cəmiyyətimizdə həm həmrəyliyi gücləndirir, həm də şəhidlərimizin adını yaşadan unudulmaz bir mənəvi körpü yaradır. Qəhrəmanlarımızın xatirəsi necə ki, qəlblərimizdə daim yaşayır, onların adına əkilən bu ağaclar da illər boyu boy ataraq bu müqəddəs yaddaşı yaşadacaq.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri










