Yanvarın 12–15-də Vyana şəhərində Türk Dövlətləri Təşkilatı və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir.
“Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində Türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb. Azərbaycanın Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində hazırda TDT-yə sədrlik edən ölkəni - Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib. O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq, Orta Dəhlizin Şərqlə Qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov, həmçinin türk dövlətləri arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın aktual məsələlərinə toxunaraq, ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Sərginin açılışı zamanı TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin, BMT-nin Sənaye İnkişafı Təşkilatının və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbər şəxsləri də çıxış ediblər.
Xarici işlər nazirinin müavini Samir Şərifov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev səfər çərçivəsində, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, “Türk həftəsi” çərçivəsində ATƏT-in mənzilqərargahında dəyirmi masanın, qala konsertin və üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.
XQ


