Naxçıvan şəhəri 2025-ci ildə

post-img

Naxçıvanda muxtar respublika paytaxtının 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İştirakçılar əvvəlcə 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı icra hakimiyyəti binasının foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.

Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, ötən il Naxçıvan şəhərində ümumi məhsul buraxılışı əvvəlki llə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub. Əsas kapitala yönədilmiş vəsait isə 41,7 faiz artaraq 228 milyon 271 min 300 manat, ondan tikinti-quraşdırma işlərinə qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib. 2025-ci ildə sənaye məhsulu 14,3 faiz artımla 240 milyon 250 min 700 manat olub.

Son 1 ildə rabitə və informasiya xidmətləri 4,3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,1 faiz, ictimai iaşə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb. 14 yeni yaradılış və 6 fəaliyyətini genişləndirmiş istehsal və xidmət sahəsində 589 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 886,2 manat təşkil edib. Şəhər rəhbəri sənaye sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər barədə də geniş məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.

Maliyyə idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məmmədnağı Əkbərov şəhər büdcəsinin 2025-ci il üzrə icra nəticələri və 2026-ci il üçün gəlir və xərcləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, növbəti dövrdə muxtar respublikanın, eləcə də Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi istiqamətlər üzrə davam edəcək. İcra qurumlarının və səlahiyyətli şəxslərin vəzifə borcu vətəndaş məmnunluğunun artırılmasını, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılmasını, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların simasının müasirləşdirilməsi, eləcə də sakinlərin həyat şəratinin daha da yaxşılaşdırılması üçün abadlıq və quruculuq işlərini təmin etməkdən ibarətdir.

Bildirilib ki, yol infrastrukrunun yenilənməsi layihələrinin davam etdirilməsi, şəhərlərin baş planlarının hazırlanması işlərinin icra edilməsi, eləcə də möhtərəm cənab Prezidentin memarı olduğu, qlobal müstəvidə diqqət mərkəzində olan Zəngəzur dəhlizinin muxtar respublika hissəsinə aid infrastruktur quruculuğu işləri də ilin önəmli hədəfləri sırasındadır.

Sonda 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi və mədəni inkişafı, ətraf mühitin qorunması sahəsində görülmüş işlərlə bağlı videoçarx izlənilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri



Son xəbərlər