Təqvim öncə Atatürkün 30 Avqust – Zəfər gününü yada salır
Bu gün qardaş Türkiyə Cümhuriyyəti qürurverici faktlarla zəngin olan tarixinin ən unudulmaz günlərindən birini qeyd edir. Ötən əsrin əvvəllərində daha da radikallaşmış bütün antitürk və antiislam qüvvələrin birləşərək dünya xəritəsindən sildiyi Osmanlı İmperiyasının xarabalıqları altından mükəmməl bir Cümhuriyyət çıxarıb, güclü türk dövləti ərsəyə gətirən Mustafa Kamal Atatürkün həm siyasi bəsirəti möcüzə xarakterli idi, həm də hərb sahəsindəki sərkərdə qətiyyəti. Ona görə də planetin hər yerindəki bütün türk insanları bu şanlı tarixi mübarək bayram kimi qeyd edirlər.
30 avqustun Türkiyə dövləti və türk xalqı üçün hansı əhəmiyyəti kəsb etdiyini qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bilavasitə avqustun 30-da – Zəfər Bayramı Günü münasibətilə Türkiyə xalqını təbrik edərkən söyləyib: “Tariximizin dönüş nöqtələrindən, qızıl səhifələrindən biri olan 30 Avqust – Zəfər Bayramının qürur və coşqusunu millət olaraq bir daha yaşamağın xoşbəxtliyi içərisindəyik. Bu müqəddəs gün, Türk millətinin azadlıq və istiqlal uğrunda ortaya qoyduğu bənzərsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü nişanələrindən biridir”.
Cənab Ərdoğanın təbrikində daha sonra deyilir ki, 30 avqust təkcə Türk millətinə deyil, əsarət altındakı bütün məzlum xalqlara ümid olub, müstəqillik idealının simvoluna çevrilib: “Bu böyük zəfərlə Türk milləti bir daha bütün dünyaya bəyan edib ki, bu millət əsla boyunduruq altına alınmaz, əsarəti qəbul etməz, müstəqilliyindən güzəştə getməz. Böyük Zəfərin daşıdığı məna yalnız tariximizin şanlı bir xatirəsi deyil, həm də bizlərə yol göstərən bir rəhbərdir. Bu gün bizlərə düşən vəzifə 30 avqustda yandırılan müstəqillik məşəlini birlik və bərabərlik içində daha qüdrətli bir gələcəyə daşımaqdır”.
Türk xalqları tarixinin 30 avqust səhifəsində nələrin baş verdiyinə gəlincə isə xatırladaq ki, 1919-cu ildə böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz həmin gün özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bu, bütün dünyanı heyrətə salmışdı.
Türkiyəli həmkarlarımızın hazırladığı bu məzmunlu materiallarda qeyd edilir ki, Osmanlı imperiyasının çökməsindən sonra yaranmış gənc müstəqil Türkiyə dövlətini işğal etməyə çalışan güclü dövlətlər 30 Avqust zəfərindən sonra – türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur olmuşdular. Şahidlər yazırlar ki, işğalçı qüvvələr öz qoşununu Türkiyə ərazisindən çıxardığı zaman onun əsgər və zabitləri Vətən uğrunda şəhid olan türklərin al qanına boyanmış aylı-ulduzlu bayrağa heyrətlə, təəccüblə baxmış, onun qarşısında baş əyməyə məcbur olmuşdular.
O zamankı siyasətçilərin fikrincə, regionda bu qədər qətiyyətli liderin və əzmkar xalqın olması əfsanə yox, reallıq idi. Yadellilərin bu fikirləri qəhrəman bir millətin əzminə, düşmənin belə, həsəd aparmasından və buna hörmətlə yanaşmasından irəli gəlirdi. Milli qurtuluş savaşının qələbə ilə nəticələnməsində “Türk Ordusunun böyük hərbi hücumu” adı ilə tarixə düşmüş hərbi əməliyyatın böyük rolu olmuşdur. Bu əməliyyatdan əvvəl bütün hücum planları dəqiqliklə və məxfiliklə hazırlanırdı. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər hesabına döyüş üçün silah-sursat alınmışdı. Ölkənin hər tərəfindən əli silah tutan yeniyetmə və gənclər, hətta qocalar da düşməni Vətəndən qovmaq üçün ordu sıralarına qoşulmağa can atırdılar. Xalq işğala məruz qalmış torpaqları azad etmək məqsədilə öz lideri ətrafında sıx birləşdi.
Tarixi materiallarda oxuyuruq ki, 1922-ci il yay aylarında azadlıq mücadiləsinin banisi Mustafa Kamal Paşa cəbhədəki vəziyyəti yerində öyrənmək və ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsinə şəxsən nəzarət etmək üçün qərb cəbhəsinə yollanmaq istəyirdi. Ancaq Yunanıstan və maraqlı digər dövlətlər onun hər bir addımını diqqətlə, qorxu içərisində izləyirdilər. Onların Mustafa Kamal paşanın qərb cəbhəsinə gəlməsindən xəbər tutmaları, böyük öndər tərəfindən hazırlanan hərbi əməliyyat planının uğurla həyata keçirilməsinə maneçilik törədə bilərdi. Ona görə də səfərin sirr olaraq saxlanılması mühüm əhəmiyyətə malik idi.
Bildirilir ki, Ankara bu məqsədlə guya, Mustafa Kamal Paşanın 1922-ci il iyulun 24-də Konyaya gələrək ingilis generalı Tovnşedlə görüşəcəyi barədə xəbərlər yaydı. Atatürk iyulun 23-də qərb cəbhəsi qərargahında İsmət paşadan cəbhədəki vəziyyət haqqında məlumat aldı. İyulun 28-də isə o, Ağşəhərdə Fevzi Çakmak və İsmət İnönü ilə keçirdiyi məxfi toplantıda özünün hazırladığı hərbi əməliyyat planını müzakirəyə çıxardı. Bu əhəmiyyətli toplantının daha geniş bir diskussiya və müşavirə mahiyyəti qazanması məqsədilə bəzi hərbi korpusların komandirləri də Ağşəhərə çağrılmışdılar. Belə gərgin günlərdə komandirlərin müşavirə keçirmələri şübhə yarada bilərdi. Buna görə də iyulun 28-də zabitlər arasında futbol yarışı təşkil olundu. Hərbi korpuslara mənsub zabitlərlə keçirilən bu yarışı korpus komandirləri də “seyr etdilər”. Türkiyə mətbuatı da Ağşəhərdə keçirilən futbol matçına geniş yer verdi. Hətta Mustafa Kamal paşanın, İsmət paşanın, sahə qərargah rəisi Asim bəyin yarışı izləməsinin zabitlərdə böyük ruh yüksəkliyi yaratdığı barədə məlumatlar da qəzetlərdə dərc olundu. Bununla da gizli keçirilən fövqəladə müşavirədən heç kəsin xəbəri olmadı.
Əlavə edilir ki, Mustafa Kamal paşa aparılan danışıqlar barədə ətraflı məlumat aldıqdan sonra 1922-ci il avqustun 18-də gecə Ankaradan qərb cəbhəsinə getdi. Bunu gizli saxlamışdılar. Hətta mətbuata və xəbər agentliklərinə Mustafa Kamal paşanın avqustun 21-də Çankaya köşkündə ziyafət verdiyi bildirilmişdi. Əslində, isə o, qərb cəbhəsi qərargahında “Böyük hərbi hücum” əməliyyatına hazırlıqları yoxlayırdı.
Türkün böyük lideri Konyada olması haqda xəbərlərin yayılmaması üçün poçtları nəzarət altına aldırmış, onların xarici dövlətlərlə əlaqəsini tamamilə kəsmişdi. Avqustun 20-də gecə o, korpus komandirləri ilə növbəti müşavirəni keçirdi və bu müşavirədə qərara alındı ki, Anadolunun düşmən işğalından azad olunması üçün hərbi əməliyyatlar avqustun 26-da başlansın. Tarixin ironiyasıdır ki, hücuma hazırlaşan Türk Ordusu avqustun 26-da sübh cağını gözləyərkən, yunan ordusunun zabitləri general Trikopislə birlikdə Afyonda keçirilən əyləncəli gecədə “Böyük Yunanıstan” şərəfinə badələr qaldırır, tostlar deyirdilər.
Bildirilir ki, “Böyük hərbi hücum” planlaşdırıldığı kimi avqustun 26-da başlandı. Yunanıstan və Türkiyə hökumətləri isə müharibənin başlanması ilə əlaqədar ilk rəsmi açıqlamalarını avqustun 28-də yaydılar. Türkiyə mətbuatı da cəbhə barədə xəbərləri elə həmin gün dərc etmişdi.
Türk Ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək avqustun 30-da düşməni tam məğlubiyyətə uğratdı. Bundan sonra böyük öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə “Ordular, hədəfiniz Aralıq dənizidir, irəli!” əmrini verdi. Türk Ordusu bu əmri qəhrəmanlıqla yerinə yetirdi.
Beləliklə, həmin hadisələrin nəticəsində Türkiyə düşməndən tam azad olundu. Ancaq buna nail olmaq üçün qəhrəman türk xalqı min bir cəfaya qatlanmış, çətinliklərə sinə gərmişdi. Nəticədə, öz istiqlaliyyətini qazanmış, milli qurtuluş savaşı tarixə qızıl hərflərlə yazılmışdı. Məhz bu savaşın nəticəsində daim Mustafa Kamal Atatürkün prinsipləri ilə yaşayan, güclənən, yüksələn, müstəqil, dünyəvi, hüquqi, demokratik və xalq hakimiyyətinə əsaslanan Türkiyə Cümhuriyyəti quruldu. Biz fəxr edirik ki, bu gün Türkiyə regionun ən qüdrətli dövlətinə çevrilib. Qəhrəman Türk Silahlı Qüvvələri isə öz döyüş qabiliyyətinə görə, bu gün dünyanın ən qüdrətli orduları ilə müqayisə olunur. Biz onu da unutmuruq ki, Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” prinsipini bayraq edən Türk Ordusu regionda və dünyada sülhün, təhlükəsizliyin qarantı kimi çıxış edir.
İttifaq MİRZƏBƏYLİ