8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə təqvim bayramı deyil, qadının cəmiyyətdəki roluna verilən yüksək dəyərin, onun tarixi xidmətlərinin və müasir nailiyyətlərinin ümumiləşmiş ifadəsidir. Bu əlamətdar gün Azərbaycan qadınının keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun dövlətçilik tariximizdə, ictimai-siyasi və mədəni həyatımızda oynadığı rolu bir daha xatırlamaq üçün mühüm fürsətdir.
Bu günün əsası XX əsrin əvvəllərində qadınların əmək hüquqları və seçki hüququ uğrunda apardıqları mübarizəyə dayanır. 1910-cu ildə Klara Setkin tərəfindən qadınlara həsr olunmuş beynəlxalq günün təsis edilməsi təklif edilmişdir. 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı 8 Mart tarixini rəsmi şəkildə Beynəlxalq Qadınlar Günü kimi qəbul etmişdir.
Tarixin bütün mərhələlərində Azərbaycan qadını qəhrəmanlıq, müdriklik və vətənpərvərlik nümunəsi göstərmişdir. “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq Tomris, Möminə Xatun, Sara Xatun kimi tarixi şəxsiyyətlərə qədər Azərbaycan qadını dövlətçilik salnaməmizdə silinməz iz qoymuşdur. Belə ki, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların savaş meydanında göstərdiyi şücaət, onların cəsarəti və müdrikliyi xüsusi vurğulanır. Dastanda qadın obrazı təkcə ailə dayağı deyil, həm də igid döyüşçü və ağıllı məsləhətçi kimi təqdim olunur.
Tarixi mənbələrdə adı qürurla çəkilən qadınlarımız sırasında Tomris xüsusi yer tutur. O, yadelli işğalçılara qarşı mübarizəsi ilə qadın sərkərdə nümunəsi kimi tarixə düşmüşdür. Orta əsrlərdə dövlət idarəçiliyində mühüm rol oynamış Möminə Xatun öz siyasi uzaqgörənliyi və xeyriyyəçilik fəaliyyəti ilə seçilmişdir.
Ədəbiyyat və folklorumuzda rast gəlinən Nüşabə kimi obrazlar qadın zəkasının və dövlətçilik düşüncəsinin rəmzidir. Xalq qəhrəmanları sırasında yer alan Nigar, Həcər və Tutu Bikə kimi qadınlar isə vətənə sədaqət, mərdlik və fədakarlıq simvolu kimi yaddaşlarda yaşayır.
Azərbaycan qadını yalnız tarix səhnəsində deyil, milli-mənəvi dəyərlərimizin qorunmasında, ailə institutunun möhkəmləndirilməsində və gələcək nəsillərin vətənpərvər ruhda tərbiyəsində də mühüm rol oynamışdır. Onların göstərdiyi qəhrəmanlıq və qətiyyət bu gün də cəmiyyətimiz üçün örnəkdir.
Beləliklə, Azərbaycan tarixində qadınların rolu sadəcə bir dövrün deyil, bütün zamanların şərəfli salnaməsidir. Bu ənənə müasir dövrdə də uğurla davam etdirilir.
Müstəqillik illərində qadın hüquqlarının hüquqi əsasları möhkəmləndirilmiş, Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişi hüquqlarının bərabərliyini təsbit etmişdir. Dövlət qadın siyasəti bu gün Cənab prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan yeni siyasi və iqtisadi sistem şəraitində sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş, gender siyasətinin reallaşdırılması istiqamətində də mühüm addımlar atmışdır.
Qadın hüquqlarının müdafiəsi, onların ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakının təmin edilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz və prioritet tərkib hissəsidir. Bu istiqamətdə qəbul olunan qanunlar, imzalanan fərman və sərəncamlar, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq qadınların hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edir. Dövlət siyasətinin əsas məqsədlərindən biri qadınlar üçün bərabər imkanların yaradılması, onların qərarqəbuletmə proseslərində təmsilçiliyinin artırılması və sosial müdafiəsinin gücləndirilməsidir.
Bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 2006-cı ildə qəbul edilmiş Gender bərabərliyinin təminatları haqqında qanun kişi və qadınların hüquq bərabərliyinin təmin olunmasının hüquqi mexanizmlərini müəyyən etmişdir. 2010-cu ildə qəbul olunan Məişət zorakılığının qarşısının alınması haqqında qanun isə ailədaxili zorakılığa qarşı mübarizənin hüquqi əsaslarını formalaşdıraraq qadınların və digər ailə üzvlərinin hüquqlarının qorunmasını gücləndirmişdir.
Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermişdir. Xüsusilə qadın sahibkarlığının təşviqi, kiçik və orta biznesə dəstək proqramları onların maliyyə müstəqilliyini gücləndirmiş, işsizlik səviyyəsinin azalmasına müsbət təsir göstərmişdir.
Bu siyasətin həyata keçirilməsində ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü addımlar atılmış, qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda fəallığı daha da genişlənmişdir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və mədəni layihələr Azərbaycan qadınının mərhəmət, xeyirxahlıq və yüksək intellekt nümunəsini dünyaya nümayiş etdirir.
Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəldir. Onun həyata keçirdiyi humanitar və mədəni layihələr Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, sosial layihələri, mədəni irsimizin qorunması və dünyada təbliği istiqamətində gördüyü işlər geniş miqyaslıdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə layihələri təkcə ölkə daxilində deyil, bir sıra xarici ölkələrdə də reallaşdırılaraq Azərbaycanı humanitar əməkdaşlıq məkanı kimi tanıdır. Bu fəaliyyət ölkəmizə yeni dostlar qazandırır, beynəlxalq tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Fondun təşəbbüsü ilə tarixi-mədəni abidələrin bərpası, beynəlxalq humanitar aksiyalar, incəsənət və mədəniyyət layihələri Azərbaycanın zəngin irsinin qlobal miqyasda tanıdılmasına xidmət edir. Bu missiya, eyni zamanda, Azərbaycan qadınının mərhəmət, xeyirxahlıq və yüksək mənəvi dəyərlərə malik olduğunu nümayiş etdirir.
Bununla yanaşı, ölkədə rəqəmsallaşma və innovasiya siyasətinin inkişafı istiqamətində də mühüm addımlar atılmışdır. 27 fevral 2026-cı il tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik Mehriban xanım Əliyevaya həvalə edilmişdir. Şuranın əsas məqsədi rəqəmsal transformasiyanın sürətləndirilməsi, elektron hökumət sisteminin inkişafı, süni intellekt və innovasiya sahəsində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsidir.
Beləliklə, Mehriban xanım Əliyevanın fəaliyyəti humanitar diplomatiya ilə yanaşı, müasir inkişaf çağırışlarına cavab verən innovativ təşəbbüsləri də əhatə edir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, milli maraqların qorunmasına və ölkəmizin davamlı inkişafına mühüm töhfə verir.
Bu gün Azərbaycan qadınları parlamentdə, dövlət idarəçiliyində, elm və təhsildə, sahibkarlıqda, idmanda və mədəniyyətdə böyük uğurlara imza atırlar. Onlar həm ailənin dayağı, həm də cəmiyyətin inkişafının aparıcı qüvvəsidir.
Beynəlxalq Qadınlar Günü eyni zamanda gender bərabərliyi məsələlərinə diqqət çəkmək üçün mühüm platformadır. Dünyanın bir çox ölkəsində qadınlar hələ də zorakılıq, ayrı-seçkilik və sosial bərabərsizlik problemləri ilə üzləşirlər. 8 Mart bu problemlərin həlli istiqamətində həmrəylik və dəstək günüdür.
8 Mart – Azərbaycan qadınına ehtiramın, minnətdarlığın və sonsuz hörmətin ifadəsidir. Bu bayram münasibətilə bütün analarımızı, bacılarımızı, qızlarımızı və ölkəmizin tərəqqisinə töhfə verən bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan qadını – tariximizin qüruru, bu günümüzün dayağı və gələcəyimizin təminatıdır!
8 Mart – qadınlara hörmət və sevginin ifadə olunduğu gündür.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

