DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Türkiyədən olan şəhid ailələri ilə görüş

post-img

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizə səfər gəlmiş Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,onlar Mərkəzin foyesində əl işlərindən ibarət sərgiyə baxıb, studiyalarda yaradıcılıq prosesini izləyiblər. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Daha sonra qonaqlarla görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev ölkəmizdə şəhid ailələri və  müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bu kateqoriyalara aid vətəndaşlar üçün həyata keçirilən sosial dəstək proqramları, reabilitasiya xidmətləri, məşğulluq tədbirləri qeyd olunub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, Mərkəz və filallarında həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcı potensialının inkişafı üçün işlər aparılır.  Onlar sosial-psixoloji dəstək tədbirlərinə də cəlb olunurlar.

Görüşdə şəhid ailələrinin, qazilərin sosial müdafiəsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL
XQ













Sosial həyat