Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi tapşırığa uyğun olaraq, 2030-cu ilə qədər Bakıda 10 yeni metro stansiyası tikilməlidir. Bu stansiyalar Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına, eləcə də şəhərdə tıxac probleminin, avtobus nəqliyyatını metro ilə uzlaşdırmaq kimi mühüm məsələlərin həllinə xidmət göstərməlidir. Ölkə rəhbəri, eyni zamanda, bildirib ki, bu ildən sözügedən sahəyə investisiyaların qoyulacağı da nəzərdə tutulur.
Dövlətimizin başçısı yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə isə qeyd edib ki, son 30 il ərzində Azərbaycan əhalisi 10 milyon nəfəri keçib. Bakıda yeni metro stansiyaları istifadəyə verilməklə böyük layihələr icra edilsə də, şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artıma uyğun deyil. 2008-ci ildən metronun 7 stansiyası tikilsə də, dövrün çağırışlarına uyğun olaraq, bu istiqamətdə yeni qərarlara ehtiyac var.
Azərbaycan Respublikasının Prezidentinin yanvarın 30-da imzaladığı sərəncamla isə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sənəddə yeni 10 stansiyanın, “İçərişəhər” stansiyasında keçid kamerasının inşası, “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması, 2 elektrik deposunun tikintisinin tamamlanması, enerji sisteminin etibarlılığının artırılması və s. mühüm məsələlər nəzərdə tutulub. Eyni zamanda, “Bənövşəyi” xətdə 6, “Yaşıl” xətdə isə 4 stansiyanın inşa edilməsi planlaşdırılıb.
Bu işlərin tərkib hissəsində kompleks tədbirləri özündə ehtiva edən mühüm vəzifələrdən biri də xətlərin ayrılması layihəsidir.
10 yeni stansiya
Yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat layihəsi hazırlanıb. İşlərə ən qısa müddətdə başlanılacağı nəzərdə tutulub. 2030-cu ilə qədər 10 stansiyanın inşasının başa çatdırılması qarşıya əsas vəzifə kimi qoyulub. Mütəxəssislər tərəfindən metropolitenlər üçün hər xəttin müstəqil fəaliyyətinin çox vacib olduğu bildirilib. Bu stansiyaların isə Bakıda nəqliyyat sıxlığının azaldılmasına təkan verəcəyi proqnozlaşdırılıb.
Ümumiyyətlə, nəzərdə tutulan layihələrin icrası paytaxtımızda mobilliyin inkişafına mühüm təsir göstərəcək. Metro və digər ictimai nəqliyyat vasitələri inteqrasiya olunacaq. Bu, eyni zamanda, insanlar üçün ictimai nəqliyyatın daha münasib, əlçatan və rahat olmasına xidmət edəcək. Belə halda isə “Qırmızı” və “Yaşıl” xətlərin mütləq şəkildə ayrılması qarşıda duran hədəfin gerçəkləşdirilməsini şərtləndirəcək.
“Bənövşəyi” xəttin inşa ediləcək 6 stansiyasından 2-si isə “Yaşıl” xəttə (“Nizami” və “Xətai” stansiyalarında), daha 1-i “Qırmızı” xəttə (“Sahil” stansiyasında) keçid olacaq. Bu layihə sərnişin axını və hərəkət istiqamətlərinə əsaslı dəyişiklik gətirəcək. Eyni zamanda, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolunda yerləşən qəsəbələrdən şəhər mərkəzinə hərəkət yaxınlaşacaq. Başqa sözlə, metropolitenin tranzit rolu artacaq. Və xətt üzrə daşınan sərnişinlərin sayı əsaslı şəkildə çoxalacaq.
Stansiyalardan birinin 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyi nəzərdə tutulub. Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi tamamlanıb.
Hazırda keçidlərin tikintisi ilə yanaşı, daxili xidməti sahələrinin və otaqların, arakəsmələrin tikintisi aparılır. Təchizat məsələləri istiqamətində də layihələr gerçəkləşdirilir. Eyni zamanda, təchizat, quraşdırma, hərəkətin təşkili və s. işlərin də qarşıdakı müddətdə görüləcəyi nəzərdə tutulur.
Ümumiyyətlə, 10 stansiyanın inşası metropolitenin genişləndirilməsinə, mövcud infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılmasına, sərnişinlərə xidmət keyfiyyətinin artırılmasına əhəmiyyətli təsir göstərəcək. Həmin stansiyaların inşası şəhərdə mobillik planının həyata keçirilməsini sürətləndirəcək və metropolitenin nəqliyyat sistemində ictimai sərnişindaşıma baxımından rolunu artıracaq. Lakin qeyd edilənlərlə yanaşı, qarşıda duran ən mühüm vəzifə xətlərin ayrılması layihəsi olacaq.
Xətlər ayrılacaq
“28 May” stansiyasında kəsişərək birləşən “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması layihəsinin icrasına yaxın vaxtlarda başlanacaq. Bu xətlərin müstəqil fəaliyyəti hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə yol açacaq.
Layihəyə “28 May” stansiyası yaxınlığında qazıntı işləri ilə başlanılacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən ərazidə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olmuş texniki çatışmazlıqlar da aradan qaldırılacaq.
Tunelin qazılması ilə əlaqədar artıq ilkin hazırlıq tədbirləri görülür. Bu məqsədlə hazırda iki istiqamətdə hazırlıq layihələri reallaşdırılır. Yeni ildən isə tunel qazıntısına başlanılması planlaşdırılır.
2 stansiya keçidi
Layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə, sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. 2026-cı ildə tamamlanması nəzərdə tutulan bu işlər zamanı əsas tunel qazıntısı müddətində “28 May–Nizami” yol mənzilində qatarların hərəkəti dayandırılacaq. Lakin layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmayacaq.
Mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli də daxildir. İlk növbədə, dünya praktikasında olduğu kimi, qatarlara qulluq, xidmət, təmirin təşkili və tunel, yol, hərəkətin təşkili və digər mühüm sahələrin fəaliyyətinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmalıdır. Hazırda Bakı metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. “Bənövşəyi” xəttə xidmət göstərən “Xocəsən” elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir.
“Qırmızı” və “Yaşıl” xətlərə yalnız bir – “Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bununla yanaşı, xətlərdən birində yaranan texniki problem faktiki olaraq, hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir. Bütün infrastruktura xidmət göstərilməsi, əsasən, gecə saatlarında aparıldığı üçün “Nərimanov” elektrik deposunda bu işlərin görülmə səmərəsi aşağı düşür. Qeyd edilən səbəblərdən 2025-ci ildə “Yaşıl” xəttin “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb. Bu deponun infrastrukturunun tam qurulması vacibdir. Burada müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini gerçəkləşdirən xidməti sahələr də yaradılmalıdır. Qatarların gecələməsi, təmiri, xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulmalıdır.
“Dərnəgül” elektrik deposunun inşasına aprel ayında başlanılıb və iki mərhələdə tikiləcək. Birinci mərhələdə xətlərin ayrılması layihəsi üçün vacib olan infrastruktur qurulur. Bunun üçün lazımi tunel yolları çəkilir, qatarların dayanması və təmir sahəsində inşaat norma və qaydalarına uyğun inşaat işləri görülür.
Enerji təhlükəsizliyi
Silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini gerçəkləşdirən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yeni yarımstansiyalar inşa edilməlidir. Bu işlərin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xətlər ayrıldıqdan sonra “Qırmızı” xətt üzrə ən minimal intervallar təmin olunacaq. Bu isə elektrik enerjisinin hər bir fider zonasında fasiləsizliyini və etibarlığını aktuallaşdıracaq. Həm də xətlər ayrıldıqdan sonra intervallar azaldılacağından qatarların sayının artırılması lazım gələcək. Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq.
Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik təchizatı məsələlərinə də yeni yanaşmanı aktual edir. Buna görə “Qırmızı” xəttin 1967-ci ildən fəaliyyət göstərən və fiziki-mənəvi cəhətdən köhnəlmiş 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması zəruri və qaçılmazdır.
Tezlik, sürət
Xətlər ayrıldıqdan sonra hər birinin səmərəli fəaliyyəti, sərnişinə nümunəvi xidmətin təşkili, daha çox sərnişindaşıma gücü və mövcud sıxlığın tənzimlənməsi optimal hərəkət cədvəlinin təşkilindən və minimal intervalların tətbiqindən asılıdır. Bu səbəbdən hərəkətin təşkili prinsiplərinə uyğun olaraq sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Buna görə “Qırmızı” xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb. Bununla bağlı müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür.
Bununla yanaşı, “Yaşıl” xətdə də funksional fəaliyyət “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsidir. Nəzərdə tutulmuş 10 stansiyadan 4-ü məhz bu istiqamətdə tikiləcək. Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastruktur şərti adı “Y-15” olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işlərinə müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulmuş “Y-15” stansiyasından başlayaraq, “Xətai” stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.
Daha nələr olacaq?
Qeyd olunan işlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli fəaliyyəti fərdi avtomobillərdən imtinaya gətirib çıxaracaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü, eyni zamanda, mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək. Mobillik proqramının uğurla tamamlanması və onun ən qənaətbəxş modelinin qurulması həm də şəhərətrafı yaşayış və sənaye sahələrinin, eləcə də aqlomerasiyaya daxil olaraq böyüyən şəhər və qəsəbələrə doğru nəqliyyat infrastrukturunun optimallaşması istiqamətində ən mühüm addımlardan biridir.
“Yaşıl” və “Qırmızı” xətlərin müstəqil infrastrukturu qurulmaqla hər birinin optimal hərəkət cədvəli olacaq. Belə də “Yaşıl” və “Qırmızı” xətlərdə daha dayanıqlı, daha təhlükəsiz hərəkət təmin ediləcək. İntervallar ən minimum həddə çatdırılacaq. Həmçinin “Yaşıl” və “Qırmızı” xətlərin hazırda birləşdiyi (“Dərnəgül–28 May” və “İçərişəhər–28 May”), lakin gələcəkdə ayrılacaq “28 May” stansiyasına qədər sahələrdə mövcud olan 4 dəqiqə və daha yuxarı interval azaldılacaq.
Bakı metropolitenində sərnişinlərin təhlükəsiz hərəkəti, rahatlığı və məmnunluğu əsas hədəfdir. Yeniləşmə tədbirləri sayəsində əldə olunacaq üstünlüklər hesabına sərnişin axınının optimallaşdırılması və daha çox sərnişin daşınması imkanları rahat tənzimlənəcək. Görüləcək işlər, bununla yanaşı, “Yaşıl” və “Qırmızı” xətlər üzrə, “28 May–Cəfər Cabbarlı” keçid qovşağında sərnişinlərin paylanmasına, bölünməsinə təsir edəcək. “28 May” stansiyasına hazırda daxil olan sərnişinlər ayrı-ayrı xətlər üzrə bölünəcək, stansiyanın sərnişin yükü normaya salınacaq. Sərnişinlərin stansiyaya axını istiqamətlər üzrə keçidlərdə bölünəcəyindən bir xətt üzrə hərəkət cədvəlində yaranan problem digərinə təsir etməyəcək.
Ümumilikdə, metropolitendə il ərzində yenidənqurma işlərinin icrasına başlanılması nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın yerüstü ictimai nəqliyyat və mübadilə mərkəzləri ilə əlaqəli şəkildə təşkil olunacağını nəzərə alsaq, şəhərin sərnişindaşıma dinamikası, mobillik planı sürətlənəcək.
Yeni qatarlar da alınacaq
Hazırda Bakı metropolitenində 347 vaqon və ya 67 qatar sərnişindaşıma prosesinə cəlb edilir. “Bənövşəyi” xətdə 7 vaqonlu, “Yaşıl” və “Qırmızı” xətlərdə 5 vaqonlu qatarlar hərəkət edir. Vaqonların xətdən tam çıxarmaq üçün istismar müddəti bitməlidir. Bu müddət 30-31 ildir. 30 qatar məhz yeni nəsil qatarıdır.
Bağlanılmış müqaviləyə əsasən, 2025-ci ildə alınmış 20 yeni vaqonun Bakıya gətirilərək, xəttə buraxılması üçün son komplektləşdirmə, sazlama və sınaq işləri aparılır. Əldə olunmuş razılığa əsasən, daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna bu il təhvil veriləcək. Dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər 300-ə yaxın yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə planlı işlər davam etdirilir, dünyanın aparıcı istehsalçıları ilə müzakirələr davam etdirilir.
Sərnişin sıxlığının tənzimlənməsi və sərnişin məmnunluğunun artırılması baxımından qatarların hərəkətinin intensivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cari ilin may ayında metropolitenin fəaliyyətində mühüm yenilik edilib – son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Sentyabrın 15-dən isə payız-qış hərəkət cədvəlinə keçid dövründə bu nailiyyət bir qədər də dərinləşdirildi. Metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirildi. Bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə rekord qeydə alınıb.
Bütün bu yeniliklər mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində gerçəkləşdirilib. İndi isə görülmüş əlavə tədbirlər, yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.
Yeri gəlmişkən, yeni hərəkət cədvəlinin hazırlanması çərçivəsində:
• Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı cədvəldən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;
• İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;
• Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.
Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni cədvəl üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni, təxminən, 4,5 saatda 28 min 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.
Bakı metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.
Vaqif BİNYATOĞLU
XQ