Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) təşkil etdiyi “PeşəFest” bu dəfə İmişli rayonunda keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək məqsədi daşıyır.
Tədbirdə rayonun dövlət və özəl təşkilatlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edənlər gənclərin gələcək karyerasında onların düzgün peşə seçimi etmələrinin vacibliyini vurğulayıblar. Gənclər tərəfindən böyük maraqla qarşılanan “PeşəFest” tədbirlərinin bu sahədə, habelə gənclərin müasir peşələrlə bağlı dolğun məlumat almalarına kömək göstərdiyi diqqətə çatdırılıb.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat veriblər. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini çatdırıb, yeniyetmələrin, onların valideynlərinin suallarını cavablandırıblar.
Festivalın təşkil olunacağı digər ünvan və tarixlər belədir:
* Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı
* Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı
* Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı
* Xaçmaz – 13 oktyabr / Zəfər parkı
* Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Mustafa Kamal
XQ