Ümumdünya Təbəssüm Günü
Hər il oktyabrın ilk cümə günü dünya bir az daha işıqlanır. Çünki bu tarixdə Ümumdünya Təbəssüm Günü qeyd olunur. Bu həftənin ilk cüməsi oktyabrın 3-nə təsadüf edir. Belə bir bayramın yaranması isə təsadüfi deyil.
Dünyaya məşhur “smaylik”i – sarı fon üzərində sadə, amma universal təbəssümü bəxş edən amerikalı rəssam Harvi Beldir. 1963-cü ildə sığorta şirkətinin sifarişi ilə hazırlanan bu rəmz əvvəlcə ancaq işçilərə paylanan nişanlarda istifadə olunurdu. Amma çox keçmədən sarı gülən üz milyonlarla insanın sevimlisinə çevrildi, açıqcalardan tutmuş qısaqollu köynəklərədək, hətta ABŞ poçt markalarına qədər hər yerdə göründü. Sadə, amma təsirli bir işarə qlobal miqyasda ümidin, nikbinliyin və xoş münasibətin simvoluna çevrildi.
1999-cu ildən indiyədək ilk oktyabr cüməsi rəsmən Ümumdünya Təbəssüm Günü kimi qeyd olunur. Günün devizi də son dərəcə aydındır: “Yaxşılıq et. Heç olmasa bir insanın təbəssümünə səbəb ol”.
Bu bayram təkcə xoş ovqat deyil, həm də ictimai çağırışdır. Dünyanın müxtəlif ölkələrində aksiyalar, rəsm müsabiqələri, sosial şəbəkə fləşmobları keçirilir. İnsanlar selfilərlə, təbəssümlərlə bir-birinə xoşbəxtlik ötürürlər. Çünki araşdırmalar da təsdiqləyir ki, gülümsəyən insanlar daha uzun ömür sürür, gənc görünür və ətrafında müsbət aura yaradırlar.
Təbəssüm həm də mədəniyyətin ayrılmaz hissəsidir. Onun haqqında mahnılar bəstələnir, filmlər çəkilir, məşhur sitatlar deyilir. Baron Münhauzenin dilindən səslənən məşhur ifadə hələ də aktuallığını qoruyur: “Ağıllı sima hələ ağıldan xəbər vermir. Dünyadakı ən böyük axmaqlıqlar məhz o ifadə ilə edilir. Gülümsəyin, cənablar!”.
Gülümsəmək sadə görünə bilər, amma onun gücü ölçüyəgəlməzdir. Bir təbəssüm insanı ruhlandıra, günü işıqlandıra, bəzən isə həyatını dəyişdirə bilər. Bu günün əsas mesajı da budur: gülümsəyin – özünüz üçün, yaxınlarınız üçün, hətta tanımadığınız insanlar üçün. Çünki gülümsəmək ən sadə, amma ən təsirli xoşbəxtlik reseptidir.
XQ