540 mindən çox uşaq dispanserizasiyadan keçib

post-img

TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 min 389 uşaq icbari dispanserizasiya müayinələrinə cəlb olunub. Paytaxtın tibb müəssisələrinin heyətinin şəhərin orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində apardığı müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s.ixtisaslı mütəxəssislər iştirak ediblər. Xəstəlikaşkarlanan uşaqlarla bağlı məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 mart 2013-cü il fərmanına uyğun olaraq həyata keçirilən icbari dispanserizasiyasının məqsədi uşaqlar və məktəblilər arasında xəstələnmə, sağlamlıq məhdudluğu və ölüm səviyyəsinin azaldılmasıdır. Uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə diaqnostik və laborator müayinələrə cəlb edilir.

XQ

Sosial həyat