Yevlax ölkəmizin coğrafi mərkəzidir, böyük və strateji mərkəzdir. İndi burada gedən quruculuq işləri inkişaf etmiş şəhərlərdə gedən işlərdən geri qalmır. Əslində mən bir neçə dəfə demişəm, bəzi hallarda, xüsusilə müstəqilliyimizin ilk illərində deyirdik ki, “Avropa standartları”, “Avropa standartlarına çatmalıyıq”, belə bir anlayış var idi. Amma indi görürük ki, bizim öz standartlarımız da geri qalmır. Yəni, indi artıq demək olar ki, Azərbaycan standartları vardır – səliqə, zövq, təmizlik, quruculuq, inkişaf, abadlıq işləri. Azərbaycan standartları digər sahələrdə də özünü göstərir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müstəqillik dövründə daha sürətlə inkişaf edərək beynəlxalq aləmdə də diqqət mərkəzində olan Yevlax şəhəri haqqında hazırladığımız bu yazıya Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini epiqraf seçməyimiz təsadüfi deyil. Bildiyimiz kimi, dövlət başçısı bu il iyunun 23-də və sentyabrın 27-də bu şəhərə səfər edib. Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslərin bütün ölkələrin dövlət başçılarının iş qrafikini necə sıxlaşdırması hamıya məlumdur. O da məlumdur ki, dünyada baş verənlərə ən çevik və adekvat cavab verən liderlərdən biri məhz Azərbaycan Prezidentidir. Ancaq bütün bunlara baxmayaraq, cənab Prezident üç ayda iki dəfə Yevlaxda olub.
Yerli tərcüməçi əcnəbi turistlərə danışdı ki...
Hazırlamaq istədiyimiz qəzet materialını məhz bu iki faktla başlamağa tamamilə haqqımız var. Ancaq mən bir haşiyə də çıxmaq fikrinə düşdüm. Belə ki, iki ay əvvəl Yevlaxda təsadüfən tanış olduğum bir sakinin əcnəbi turistə dedikləri indi də qulaqlarımda səslənir: “Yevlax coğrafi baxımdan Azərbaycanın mərkəzində yerləşir, Kür çayı bu şəhərin mərkəzindən keçir, çayın sağ və sol sahilləri eyniadlı rayonun ərazisidir. Ölkəmizdə rayonları sıralayanda “Kürün sağ sahilindəki rayonlar” və “Kürün sol sahilindəki rayonlar” ifadələri işlədilir. Yevlax rayonu və şəhəri isə Kürün hər iki sahilindədir. Yəni Kürün əsrarəngiz gözəlliklərini Yevlaxın mərkəzində görə bilərsiniz. Bu şəhər dövlət və hökumətin, xüsusilə də cənab Prezidentin həmişə diqqət mərkəzində olub”.
Prezidentin 3 ayda 2 səfəri
Dövlət başçımız üç ay əvvəl bu şəhərdə inşa edilən Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olmuşdu. Sentyabrın 27-də isə həmin qurğunun açılış mərasimində iştirak etdi. Prezidentə məlumat verildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik böyük zal, universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərir.
Əlavə edək ki, Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunub. “Xalq qəzeti”nin əməkdaşı Cavid Qaçayev tək Yevlaxda yox, Gəncədə, Şəkidə, Mingəçevirdə, Qəbələdə qəzetimizi təmsil edib, həmin boks yarışlarının ən maraqlı məqamlarını lentə köçürərək redaksiyamızın idman fotoları arxivini xeyli zənginləşdirib.
Uğurlar gəl-gəl deyir
...Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə çox görüşmüşəm. Yevlax və yevlaxlılar haqqında həmişə həvəslə danışıb. Kürün sahilində görülən tikinti-quruculuq işlərindən qürur hissi ilə söhbət açıb. Hər dəfə bura gələndə yevlaxlı dostlarımla şəhərin küçələrini həvəslə gəzirəm. Abad həyətlərdə uşaqların, böyüklərin necə həvəslə istirahət etdiklərinin şahidi oluram. Tələbə yoldaşım Məzahir Quliyev Yevlaxın hər gün dəyişdiyini xüsusi vurğulayır. Bu bir həqiqətdir ki, Anar Tağıyev Yevlax camaatı ilə çox tez dil tapa bildi və 2019-cu ilin oktyabrından rayonun da, şəhərin də inkişafında mühüm uğurlara imza atdı. Bu gün hər şey göz qabağındadır. Hara gedirsə, rayon rəhbərini hamı öz doğması kimi qarşılayır. Problemini ürəklə deyir...
Cənab Prezidentin Gəncədə Ermənistan tərəfindən atılan raket atəşləri nəticəsində hər iki valideynini itirmiş körpə Nilayla görüşü mütərəqqi düşüncəli insanların olduğu hər yerdə, hamıda duyğusal hisslər yaradıb. Mən isə həmin lentə baxanda Yevlaxda şahidi olduğum bir faktı xatırladım. Belə ki, sentyabr ayında Anar Tağıyev Aşağı Qarxun kəndində 44 günlük Vətən müharibəsi şəhidi Özal Yusiflinin ailəsinin qonağı oldu, şəhidin yeganə övladı Sahibə Yusiflini 1-ci sinfə getməsi münasibətilə evində ziyarət etdi.
O, ailənin sosial qayğıları ilə maraqlandı, şəhidin övladını təbrik etdi, ona gələcək təhsil həyatında uğurlar arzuladı. Xatırladaq ki, Özal Yusifli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Yevlax şəhər Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Daha 372 tələbə
Söhbət ki, təhsildən düşdü, deyim ki, yeni dərs ilinin başlanmasından əvvəl Yevlaxda ali təhsil müəssisələrinə 600-dən yüksək balla daxil olan məzunlarla keçirilən görüş yaddaşlardan silinməyib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlərdən olan görüşdə şəhər icra hakimiyyətinin başçısı, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri, 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar iştirak edib.
Bildirilib ki, rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 372 nəfəri ali məktəblərə qəbul olub. Gənclərdən 15 nəfər 600-dən yuxarı, 40 nəfər isə 500-dən yuxarı bal toplayıb. Uğurlu göstəricidir. Xüsusi qeyd edilib ki, dövlətimizin təhsil strategiyasının təməlində milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olub. Məmnunluqla vurğulanıb ki, Şıxəli Qurbanov adına 8 nömrəli şəhər tam orta məktəbinin məzunu Zinyət Məcnunova 668 balla rayon üzrə ən yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə Müalicə işi ixtisası üzrə qəbul olunub.
Nyu-Yorkdan Gəncəyə, Yevlaxdan Vaşinqtona
Məzahirlə söhbətdə dedim ki, gördünüz də, mənim doğulub-böyüdüyüm Gəncənin adı beynəlxalq aviasiya daşıyıcılarının dünya miqyaslı siyahısına düşdü. Əlavə etdim ki, bu faktı Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Nyu-Yorkda BMT Baş Məclisinin 80-ci sessiyasının açılışında iştirak edən nümayəndə heyətinin Vətənə qayıdışı ilə bağlı etdiyi paylaşımda yazıb: “27 Sentyabr – Anım Günü Vətənimiz Azərbaycanda! Uçuş marşrutu: Nyu-York–Gəncə!”
Həmsöhbətim gülümsündü: “Yəqin ki, yadından çıxmayıb. 2023-cü il sentyabrın 19–20-də bir sutkadan da az davam edən antiterror əməliyyatından sonra Qarabağdakı erməni separatçılarının tör-töküntüləri rəsmi Bakıdan aman istəmişdilər. O vaxt bizim Prezident Administrasiyasının təklifi ilə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçirilmişdi. Həmin görüşdə hansısa razılıq əldə edilməsə də, dövlət başçımız sonradan ermənilərə çox məsələləri başa saldı. Nəhayət, bu il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlər, aparılmış müzakirələr və imzalanmış sənədlər məhz Azərbaycan tərəfinin Yevlaxda nümayiş etdirdiyi sülhpərvər siyasətin davamı kimi tarixə düşdü. Düz sözə nə deyəsən?
Birinci Qarabağ müharibəsi dövründə hegemon himayədarlarına güvənən ermənilər Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, əhalimizi Kür çayının sol sahilinə qədər qovmaq istəyirdilər. O zaman rəzilcəsinə “Biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” bəyanatları verilir, erməni donuzlarının Yevlaxda Kür çayından su içdiyini əks etdirən karikaturalar yayırdılar. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” eyforiyasına da qapılmışdı.
Sonra həqiqətən də Yevlaxa kimi gəldilər, ancaq aman diləmək məqsədilə. Azərbaycan ordusu cəmi 24 saata erməni silahlı dəstələrini təslim etməyə, erməni əhalisini bayrağımız altında yaşamaq şərtlərini müzakirə etmək üçün Yevlaxa gəlməyə məcbur etdi. Yevlaxa qədər olan erməni iddiaları məhz Yevlaxda – obrazlı desək, Kür çayının sahilində dəfn olundu.
Çörək boldur, Vətən isə basılmaz
İstənilən kənd rayonundan qəzet materialı hazırlayarkən mənim maraqlandığım ilk məqam taxıl istehsalı olur və istər-istəməz həmişə də ölməz şairimiz Səməd Vurğunun “Çörək bol olarsa, basılmaz Vətən!” misrasını yada salıram. Allaha şükür ki, ölkənin ən böyük aqrar rayonlarından olan Yevlaxda taxıl istehsalı hər il əvvəlki ildən üstün olur. Öyrəndim ki, aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, eləcə də məhsuldarlığa yönəlmiş düzgün aqrotexniki qulluq nəticəsində 2025-ci ildə bu sahədə yüksək nəticələr əldə olunub. Belə ki, biçin mövsümünün sonunda ümumilikdə 16 730 ton buğda, 18 667 ton arpa tədarük edilib. Ən maraqlısı isə bu isti Aran rayonunda, həm də əvvəlki illərə nisbətən daha quraq keçən bu il hər hektardan məhsuldarlıq göstəricisi 37, 8 sentner olub. Bərəkətli olsun! Xüsusilə qeyd edim ki, aqrar sahədə qazanılan uğurlardan nə qədər istəsən, danışmaq olar.
“Ocaq” da nurludur, teatr səhnəsi də
Maraqlı təsadüf idi. Bir dəfə Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının tamaşasından çıxanda mənə bildirdilər ki, gələn şənbə də Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrının yeni tamaşası var və məni Yevlaxa dəvət etdilər. Getdim və tamaşaya baxdım. Həmsöhbətimə dedim ki, İlham Rəhimli kimi görkəmli teatrşünasın doğulub-böyüdüyü şəhərin teatrı məhz bu şəkildə, Azərbaycan mədəniyyət tarixinə özünəməxsus səhifələr yaza bilən səviyyədə olmalıdır.
Bir dəfə də Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı – Şəhər Yaradıcılıq Evinin nəzdində fəaliyyət göstərən “Ocaq” ədəbi birliyinin tədbirində iştirak etmişəm. Fikirləşmişəm ki, üzümü tutub hamıya deyim: Gəlin, siz də Kür sahilindəki ocağın nurunu görün, məmnun olun, zövq alın.
Müstəqillik dövrü futbolumuzda yazılmış “ilk”
“Qarabağ” futbol komandasının son günlər nail olduğu uğurlar hamımızı sevindirir. Tez-tez eşidirik ki, bu əzmkar komanda Azərbaycan futbol tarixinə yazılmış bir neçə “ilk”in müəllifidir. Komandanı alqışlayır, Qurban Qurbanovu təbrik edirik.
Ancaq onu da əlavə etmək istəyirik ki, bir vaxtlar Yevlaxın “Karvan” futbol komandası UEFA kubokunda mərhələ keçən ilk Azərbaycan klubu olub. Həmçinin “ağ-qaralar” Azərbaycanda rəsmi internet səhifəsində çempionat matçı canlı yayımlanan ilk klub kimi də tarixə düşüb. Bundan başqa, komandaya cəlb olunan yeni transferlərlə imza mərasimləri, klub broşürləri, oyun bukletləri kimi ilklər də məhz “Karvan”a məxsusdur.
59 il sonra bəraət
Bəzən dostlar məndən soruşurlar ki, nə üçün Yevlax sənə bu qədər əziz və doğmadır? Cavab verirəm ki, mərhum anam Qarxunlu Əşrəf bəy kimi tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyevin nəslindəndir. Tarixi sənədlərdə Əşrəf bəy haqqında kifayət qədər material var. 1867-ci ildə Qarxun kəndində anadan olub, Tiflis gimnaziyasında oxuyub, 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirib, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dördsinifli, 1919-cu ildə isə yeddisinifli rus-tatar məktəbi açdırıb.
O, Nuru Paşa başda olmaqla, Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnak ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilib. 1919-cu ildə qəza rəisi olub, 1930-cu ildə həbs edilib və həmin il də əks-inqilabi təbliğatla məşğul olduğuna görə güllələnib. Ancaq Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən 59 il sonra ona bəraət verilib.
Bu da Yevlaxın tarixi şəxsiyyətlərindən biri haqqında qısa bir məlumat. Yevlaxın təpərli oğul və qızları haqqında yazılmalı o qədər faktlar var ki...
“Alov saçan Yevlax...”
Mən Yevlaxın “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarının icrası zamanı qazandığı uğurlar, xidmət sahələrinin müasirləşdirilməsi, tikinti-quruculuq və abadlıq işlərinin yeni vüsət alması, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin zamanın tələbləri səviyyəsinə qaldırılması, xüsusən, şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılması barədə çox yazmışam. Həmin yazıların hamısında da sevimli şairimiz, yevlaxlı gözəl insan Zahid Xəlilin bir ifadəsini işlətmək istəyib, növbəti dəfə həmin fikirdən vaz keçmişəm. İndi isə vaz keçmək fikrimdən “vaz keçirəm”. Şair bir şeirində yazır:
Sən məni yaz çağı, çiçək fəslində,
Nə gözəl bir vaxtda yaratdın, Allah!
Sevgin alovluymuş, bəlkə onunçün
Od saçan Yevlaxda yaratdın, Allah!
Alovun, odun, ocağın həmişə gur olsun, ana yurdum Yevlax!
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri