Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, 8 Noyabr – 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi kimi hər il Zəfər Günü kimi qeyd olunur. 2023-cü il 31 iyul tarixli Sərəncama görə isə bu gün həm də Şuşa Şəhəri Günü kimi qeyd edilir.
Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbir filialın Heydər Əliyev auditoriyasında baş tutub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, professor-müəllim heyəti, tələbələr, şəhid ailələri, qazilər, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar filialın foyesində şəhidlərə həsr olunmuş guşə ilə, o cümlədən filialın məzunu, şəhid leytenant Məhəmməd Məmmədovun xatirə guşəsi ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın direktoru Arif Rüstəmov çıxışında Zəfər Gününün xalqımızın qürur mənbəyi olduğunu vurğulayaraq şəhidlərə və qazilərə minnətdarlığını ifadə edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da iştirakçıları təbrik edərək qeyd edib ki, ölkə üzrə olduğu kimi, Qazaxda da Zəfər Gününün beşinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Rəcəb Babaşov 2024-cü ilin ən önəmli hadisələrindən biri kimi Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlının bir güllə belə atılmadan Azərbaycana qaytarılmasını xüsusi vurğulayıb. O bildirib ki, həmin kəndlərdə Böyük Qayıdış proqramı çərçivəsində yenidənqurma işləri aparılacaq və sakinlər doğma torpaqlarına qayıdacaqlar.
Dəyirmi masada dosent Məmməd Yusifov, Vətən müharibəsi qazisi Samir Çobanov, Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qarabağ müharibəsi veteranı Xasay Balayev, qazi Xəyyam Əliyev, gənc fəal Pəri İbrahimova və BDU Qazax filialının tələbəsi, qazi Qılınc Cəfərov çıxış edərək Zəfər Gününün əhəmiyyətindən danışıblar, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





