Ali Məclisin növbəti plenar iclası keçirilib

post-img

Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 2 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib.

Müzakirə olunan məsələ ilə əlaqədar deputatlar fikirlərini bildirdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Məsələ ilə bağlı Bəxtiyar Məmmədov vurğulayıb ki, qanun layihəsi Ali Məclisin 17 aprel 2026-cı il tarixli plenar iclasında birinci oxunuşda qəbul olunub.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Qeyd edək ki, Ali Məclisdə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin tələbələri də plenar iclasda iştirak edib, iclasın gedişini izləyərək qanunvericilik prosesinin praktiki mərhələləri ilə tanış olublar.

Səbuhi HƏSƏNOV
XQ

















Sosial həyat