Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəfael Sultan oğlu Abbasov oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Rəfael Abbasov 1975-ci il iyulun 25-də Ermənistanın Amasiya rayonunun Mağaracıq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Rəfael Abbasov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dünən dəfn olunan dörd şəhiddən biridir.
***
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.
Mərasimdə itkin şəhidin yaxınları da vurğulayıblar ki, Azər Bayramovun 33 ildən sonra tapılaraq dəfn olunması həm ailəsi, həm də bütün xalqımız üçün dərin kədərlə yanaşı, həm də qürur hissi doğurur. Onun qəhrəmanlığı, Vətən uğrunda fədakarlığı heç vaxt unudulmayacaq, adı daim ehtiramla anılacaq.
Həmçinin qeyd edilib ki, Azərbaycan xalqı qəhrəmanları hər zaman uca tutur. Onların göstərdikləri igidlik sayəsində bu gün ölkəmiz müstəqil, qüdrətli və qalib bir dövlət kimi inkişaf edir.
Qeyd edək ki, Azər Bayramov 1973-cü il iyunun 24-də anadan olub. Onun 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu.
***
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev 1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.
***
Birinci Qarabağ müharibəsinin itkin şəhidi İlham İmdad oğlu Mehdiyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, İlham Mehdiyev 1967-ci il aprelin 5-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb.
İlham Mehdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dünən dəfn olunan dörd şəhiddən biridir.
XQ




