Qocalar, arıqlamağa tələsməyin...

post-img

Uzun illər boyu həkimlər, pəhriz mütəxəssisləri və fitnes məşqçiləri artıq çəkinin sağlamlığa zərərli olduğunu təlqin ediblər. Lakin son illərin bir sıra beynəlxalq elmi tədqiqatları göstərir ki, bu məsələ o qədər də birtərəfli deyil.

Görünür ki, müəyyən yaşdan sonra və bəzi hallarda azacıq artıq çəki orqanizm üçün faydalı da ola bilər. Belə ki, mütəxəssislər insan bədənində olan piylər haqqında müxtəlif fikirlər yürüdərək onun insana müəyyən yaş həddində faydasının olduğu qənaətinə gəliblər. Bildirilir ki, bu hal xüsusilə yaşlılar və ya xroniki xəstəlikləri olan insanlarda özünü göstərir.

Harvard Universitetinin 2024-cü ildə dərc etdiyi hesabatda qeyd olunur ki, yaşlı insanların azacıq artıq çəkili olması onların infeksiyalara və əməliyyatlardan sonrakı bərpa dövrünə daha yaxşı dözməsinə kömək edir.

Avropa Tibb Araşdırmaları Jurnalının 2025-ci il məlumatına görə, 65 yaşdan yuxarı pasiyentlər arasında yüngül obez (artıq yağ yığımı ilə xarakterizə olunan xroniki xəstəlik) olanların ölüm riski normal çəkililərlə müqayisədə 10–15 faiz az olub.

Mütəxəssislərin fikrincə, orqanizmdə yağlar yaxşı və pis olmaqla fərqlidir. İnsanın kökəlməsinə səbəb olan yağlar pis yağlardır. Bu yağlar səbəbindən orqanizmimizdəki piylərin miqdarı artır və xəstəliklərə səbəb olur. Amma orqanizm yaxşı yağlarsız yaşaya bilməz. Çünki bəzi vitaminlər orqanizm tərəfindən yağların sayəsində sovrulur.

Qeyd edək ki, pis yağ dedikdə ət və süd məhsullarında olan və orqanizm tərəfindən sovrulmayıb piy toxumasına çevrilərək donub qalmış yağlar nəzərdə tutulur. Yaxşı yağlar isə balıqda, günəbaxan tumunda, təmiz kərə yağında və qozda olur.

Hər bir normal orqanizmdə az miqdarda olsa da, piy toxuması olmalıdır. Bu, orqanizmin normal funksiyası üçün lazımdır. Qadın orqanizmində 20-25 faiz, kişi orqanizmində isə 5-10 faiz piy toxumasının olması normal hesab edilir. Bu göstəricinin az olması ürək-damar sisteminin, endokrin sistemin və mərkəzi sinir sisteminin patologiyalarına səbəb olur.

Mütəxəssislər araşdırmalar nəticəsində maraqlı bir faktı da ortaya çıxarıblar. “Jama Neurology” jurnalında dərc olunan araşdırmaya görə, piylənmə yaşlı insanları demensiyadan unutqanlıqla müşayiət olunan xəstəlikləri qoruyur. Məlumdur ki, orta yaşda piylənmə yaşlandıqca, demensiyanın inkişafı üçün aparıcı risk amilidir. Burada əsas səbəblərdən biri beyinə gedən qan axınının azalmasıdır. Bildiyimiz kimi, piylənmə həm də bütün bədəndəki qan damarlarına zərər verə bilən yüksək qan təzyiqi riski hesab olunur. Amma maraqlısı odur ki, 65 yaşdan sonra bu vəziyyət dəyişir. Belə ki, bu yaş həddindən sonra artıq çəkiyə sahib olmağın beyinə təsir edən xəstəliklərə qarşı qoruyucu funksiyası olduğu aşkarlanıb. Bu iki ziddiyyətli faktı tədqiqatçılar “piylənmə paradoksu” adlandırıblar. Beləliklə, piylənmənin bütün hallarda insan sağlamlığı üçün zərərli olduğuna dair ənənəvi inanca zərbə vurulub.

Beləliklə, mütəxəssislərin elmi araşdırmalarını nəzərə alaraq deyə bilərik ki, yaşlı insanlarda bir az artıq çəki heç də zərərli deyil, əksinə, onlar üçün qoruyucudur.

N.ADİLQIZI
XQ

Sosial həyat