Gülüşü yanağında nur saçan oğul

post-img

Vətən müharibəsində bizə qələbə sevinci yaşadanlardan biri də 19 yaşında ömrü bitən Sayad Azad oğlu Hacıyevdir.

Sayad 2001-ci il martın 21-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. İncəsənət Universitetinin tarixi abidələrin bərpası və mühafizəsi fakültəsini bitirib. Sonra əsgərliyə yola düşüb. Goranboyda “N” saylı hərbi hissədə xidmət edib.

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlananda Sayad da “Öncə Vətən” deyərək silaha sarıldı. Bütün hərbçilər kimi onda da qarşısıalınmaz qələbə əzmi var idi. Savaşın ilk çağında Sayadgil Tərtər istiqamətində dislokasiya olundular. O, imkan tapıb atası ilə də danışdı: “Ata, haqqını halal et, mən döyüşə gedirəm”, – dedi. Oğluna halallıq verən ata inandı ki, oğullarımız azğın düşmənin layiqli cavabını verəcəklər.

Topçu Sayad öz şücaətini hər döyüşdə göstərirdi. Komandirləri onun döyüş bacarığından çox razı idilər. İrəliləmək və əraziyə nəzarət baxımından olduqca önəmli rola malik Suqovuşan ermənilərin “6-cı müdafiə rayonu” sayılırdı və orada onların güclü hərbi hissələrindən biri yerləşirdi. Sayadgil heç nəyə baxmadan inamla döyüşürdülər. Oktyabrın 3-də Suqovuşan düşməndən azad olundu və igid əsgərlərimiz bundan daha da ruhlandılar. Sayadın bu döyüşlərdə, o cümlədən Talış kəndinin azad olunmasında böyük payı vardı.

Onun döyüş yolu Suqovuşan, Ağdərə, Xocavənd və Xocalı istiqamətində davam edib. Şəhid olarkən onunla bir səngərdə olan döyüş dostu sonralar Sayadın atasına bunları demişdi: “Oktyabrın 13-dən 14-nə keçən gecə idi. Biz adsız yüksəkliklərdən birində idik. Gündüz də döyüşdə iştirak etdiyimiz üçün o səhnələr heç gözümüzün qabağından getmirdi. Sayad zarafatlar edir, əhvali-ruhiyyəmizi qaldırırdı. Səhərə yaxın komandir bizə irad tutdu: – Yatın, bəsdir güldünüz. Səhər bizi ağır döyüş gözləyir”. O nə biləydi ki, bu gülüş Sayadın işıqlı dünyadakı son gülüşü olacaq?..”.

Səhər döyüş zamanı onların səngərinə minomyot düşür. Sayad şəhid olur, dostu isə bir qolunu itirir. Oktyabrın 14-də şəhid olan Sayadın nəşi ərazidən götürülüncə, ailəsinə verilincə günlər keçir. Onu əzizləri, el-obası oktyabrın 17-də Sarıpir deyilən bölgədə məşhur ziyarətgahın yerləşdiyi kənd qəbiristanlığında torpağa tapşırır. Müharibənin qanunu belədir: Vətən torpaqları qarış-qarış azad olunduqca, şəhid verməli olursan.

Artıq həmin şərəfli “Zəfər yürüşü”ndən, qanlı döyüşlərdən 5 il keçib. 44 günlük müharibənin qələbə sevincini yaşadığımız kimi, bu qələbəni qazanan şəhidlərin də ruhunu hörmət və ehtiramla yad edirik. Sayadın şəklini atasının iş yoldaşları onun vaxtilə çalışdığı Sədərək ticarət mərkəzinin girişində general Polad Həşimovun şəkli ilə yanaşı asıblar. Hörmət nənəsi bunu xüsusi qürur hissi ilə qeyd edirdi:

– Balamın şəkli generalın şəkli ilə yanaşıdır. Əmisi Dağıstanda olduğu üçün pandemiya səbəbindən dəfn mərasimində iştirak edə bilməmişdi. O pul göndərib ki, kəndin mərkəzində Sayadın adına bir bulaq ucaldın. Hazırda bulağın tikintisində tamamlama işləri gedir və tezliklə hamılıqla bu bulağın açılışında iştirak edəcəyik. Bir vaxtlar biz içməli su sarıdan çox korluq çəkərdik. Sayad kəndə gələndə həvəslə evə su daşıyar və deyərdi: “Ay nənə, bir gün özüm sənin həyətinə bulaq çəkəcəyəm”.

Onun dəfnindən sonra bu arzusunu kənd rəhbərliyi reallaşdırıb. Tikilən el bulağı şəhidin ruhuna gözəl bir xatirədir.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunan Sayad Hacıyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Elmira MEHDİYEVA

Sosial həyat