2020-ci ilin payızı Azərbaycan xalqı üçün əbədi olaraq zəfər mövsümünə çevrildi. 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi yalnız hərbi güc və diplomatiyanın təntənəsi deyil, həm də ədəbiyyatımızın qürur mövzusudur.
Şair Tapdıq Əlibəyli “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir kitabı ilə Vətən müharibəsinin dolğun poetik salnaməsini yaradıb. O, qələbə coşqusunu və xalqın həmrəyliyini, müharibənin acılarını sözün bədii qüdrəti ilə tərənnüm edib.
Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yaddadı illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.
Bu misralarda müharibənin sonunda yüksələn Zəfər çiçəyi – döyüşlərdən sonra yenidən canlanmış, qürurlu, şanlı Azərbaycanın payızı təsvir edilir. Yəni həm fiziki, həm də mənəvi olaraq qayıdan həyat və bərpaolunan vətənə sevgilərlə yeni bir mənzərə yaradılır.
Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı!
Sərkərdə gur çatıb tonqal, ocağı...
Qələbə tarixi yazdı 44 Gün!
Kitabda Azərbaycan Ordusunun bədii obrazı xüsusi yer tutur. T.Əlibəyli ordumuzun birliyini və igidliyini şeirində yüksək mənəvi dəyərlər şəklində tərənnüm edir. Şair, silahlı qüvvələrimizin haqq işini və qələbə əzmini təsvir edir.
Ordumun müzəffər, haqq səsi gəlir,
Qələbə qoxulu nəfəsi gəlir...
Allahın da xoşu, həvəsi gəlir,
“İrəli!” marşından Azərbaycanın!
Bu misralar Azərbaycan xalqının birliyini, Vətənə olan sədaqətini və zəfər yürüşünün həmişəlik yaddaşlarda qalacağını təsdiqləyir. Şair burada Ordunun yalnız hərbi gücünü deyil, gözəl ideallarını – haqqın, ədalətin və insanlığa olan sevginin də qələbəsini təcəssüm etdirir. Tapdıq Əlibəyli şəhidlərin unudulmaz xatirəsinə ehtiram olaraq Zəfərlə dalğalanan bayrağımızın şöləsində ölməz şəhidləri salamlayır:
Körpələrin yuxusundan,
Süd ətirli qoxusundan,
Dan yerinin yaxasından
Şəhidlərə salam olsun!
“Qələbə təqvimin mübarək” şeiri, xüsusilə 8 Noyabr tarixinin, Azərbaycanın Zəfər Günü kimi tarixə düşdüyü günün hər bir azərbaycanlı üçün necə əhəmiyyətli olduğunu poetik şəkildə ortaya qoyur.
Doğub Qarabağda zəfər günəşi,
Zəfər gözlü şəfəq göz qamaşdırır.
Ordumun çiynində Vətən savaşı
İşğala son qoyur, sədləri aşır...
Bu şeir həm də Vətənin yeni bir dövrə qədəm qoymasını, müharibənin bitməsini və yeni həyatın başlanmasını təcəssüm etdirir. Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın yeni bir dönəmə – daha güclü və qürurlu bir dövrə girməsinin təntənəsidir.
Kitaba daxil edilmiş “Zəfər paradı” adlı şeir haqqında. “Baş meydan başını dik tutub, Yurdum” ifadəsi paradı tam suverenliyin və müstəqilliyin simvolu kimi dəyərləndirir.
Baş meydan başını dik tutub, Yurdum,
Sinəsin süsləyib Zəfər paradı.
Müzəffər yürüşdən dönübdür Ordum,
Şəhid, qazi, qalib - əsgərin adı!..
Tapdıq Əlibəylinin bu kitabı yalnız müharibənin və zəfərin şeirə düşməsini deyil, həm də müasir Azərbaycan poeziyasının yeni bir mərhələyə keçməsini göstərir. Müəllif zəfəri qeyd etməkdən daha çox, bu zəfərin cəmiyyətin ruhunda, millətin yaddaşında necə yer etdiyini, xalqın birliyinin necə təcəssüm tapdığını göstərir.
Səyadulla KƏRİMLİ,
yazıçı-publisist

