Həyatla vidalaşmaqlarının 5 ili tamam olan şəhidlərimizi xatırladıqca, istər-istəməz kövrəlirik. Yarımçıq ömürləri kimi arzu-xəyalları, həvəs-istəkləri də yarıda qırılan, torpağa, Vətənə sevgisini canını fəda etməklə sübut edən şəhidlərimiz, təbii ki, unudulmur. Onların hər birinin adı ilə fəxr edirik. Bu gün ömrünü Vətənə qurban verənləri qürurla anırıq.
Qələbənin 5 illiyi ərəfəsində xatırladığımız igidlərimizdən biri də Orxan Eminalıyevdir. Orxan 1994-cü il noyabrın 5-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. Ermənistan tərəfdən rayonun kəndlərinə edilən atəş səsləri altında böyüyən Orxan hələ kiçik yaşlarından oz tay-tuşları ilə tez böyümək, mənfur qonşularına layiqli cavab vermək arzusu ilə yaşayıb.
İllər ötdükcə düşmənə nifrət hissi ilə böyüyən Orxanda hərbçi olmaq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaş başlayarsa, peşəkar döyüşçü kimi qarşı tərəfə qan uddurmaq istəyi daha da artıb. Orta məktəbdə keçdiyi hərbi hazırlıq dərslərini daha çox sevib. Müəllimlər onun gələcəkdə yaxşı hərbçi olacağını deyirmişlər. Valideynlərinə bu istəyini bildirəndə anası öncə narazı olsa da, oğlunun təkid etdiyini görüb onun hərbi zabitlər hazırlayan ali məktəbə getməsinə xeyir-dua verib. Bundan sonra Orxan 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb və hərbçi sənətinə mükəmməl yiyələnib.
Orxan Eminalıyev 2017-ci ildə leytenant kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır. 2019-cu ildən xidmətini baş leytenant olaraq davam etdirir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi başlananda bir hərbçi kimi qələbə çalacaqlarına inanır və qürurlanır. Bunu valideynlərinə də bildirir, amma özünün döyüşdə iştirakını ailəsinə bildirmir. Atası Eyvaz və anası Nəzakət Eminalıyevlər hər an cəbhədən xoş xəbərlər gözləyir, narahatlıqlarını büruzə vermirlər. Onlar televiziyada verilən cəbhə xəbərlərini diqqətlə izləyir, azad edilən ərazilərlə bağlı eşitdikləri hər xoş xəbərin sevincini yaşayırlar.
Vətən müharibəsində Orxan Eminalıyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun davamçısı olub. Onun kimi tankçı komandir olmağı seçərək cəsarətlə döyüşə qatılıb. Füzuli, Cəbrayıl və Qubadlıda vuruşub. Bir neçə dəfə tankı vurulsa da, yenə döyüşməyə davam edib. İdarə etdiyi ilk tank vurulandan sonra yanan tankdan cəld çıxa bilib və ikinci tanka keçib. Yalnız irəli gedib və düşmənin xeyli hərbi texnikasını sıradan çıxarıb. Amma ikinci tankı da vurulub. Alovlanan tankdan çıxmağı yenə bacarıb və növbəti tanka keçib. Taqım komandiri olan “dəmir atlı” cəngavər düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
Füzuli uğrunda gedən ağır döyüşlərdə çoxlu itkimiz olur. Düşmənin qurduğu istehkamları yarıb keçmək elə də asan deyildi. Yaralılar döyüş meydanından böyük çətinliklə təxliyə olunurlar. Orxan Eminalıyevin idarə etdiyi 4-cü tank oktyabrın 26-da Qubadlı döyüşləri zamanı bir neçə istiqamətdən vurulur. Döyüş o qədər şiddətli imiş ki, həmin anda yaralıları atəş altından çıxarmaq mümkün olmur. Çoxlu güllə yaraları alan igidimiz qanitirmə nəticəsində şəhadətə ucalır.
Orxanın şəhid olma xəbəri ailə üzvlərinə çatanda bütün kənd sakinləri Eyvazgilin həyətinə toplanır, şəhidin yolunu gözləyirlər. Nəhayət, maşın karvanı görünür və dalğalanan Azərbaycan bayraqları altında Orxanın nəşi vidalaşmaq üçün həyətə gətirilir. Kənd camaatı bu ağır xəbəri elliklə qarşılayıb, 26 yaşlı şəhidi Tovuz rayonunun Aşağı Mülkülü kəndində ehtiramla dəfn edir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Orxan Eminalıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, həmçinin “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Orxan subay idi. Onun Vasif adlı qardaşı, Nigar adlı bacısı var. Orxanın adı qəhrəman olaraq dillərdə dolaşır. Aylar, illər keçəcək, kənddə çox orxanlar doğulacaq, məktəblərdə igidlərimizdən söz düşəndə Orxan Eminalıyevin adı da şərəflə çəkiləcək. Amma anası hələ də ovunmur. Yaşadığı 26 ilin 10 ilini Vətənə həsr etmiş nakam oğlu üçün göz yaşı axıdır, sonda toxdayıb: “Təki Vətən yaşasın!”, – deyir.
Zərifə BƏŞİRQIZI
XQ


