Veysəl Yadulla oğlu Musibov 15 fevral 1989-cu ildə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olub. Sonra ailəsi doğma ata yurduna qayıdıb. Şahbuz rayonunun Sələsüz kəndində Vahid Ələkbərov adına orta məktəbdə oxumağa başlayıb. 7-ci sinfə qədər bu məktəbdə təhsil alıb. Sonra Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 2007-ci ildə oranı bitirib və Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. Zabit kimi “N” saylı hərbi hissədə taqım komandiri qismində xidmət edib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursu keçərək Xüsusi Əməliyyat Qrup komandiri təyin olunub. 2012–2016-cı illər ərzində dəfələrlə çətin döyüş tapşırığında fədakarcasına iştirak edib. 2016-cı ildə məlum Aprel döyüşlərində özünəxas məharəti, qorxmazlığı ilə düşməni pərən-pərən salıb.
Veysəl Musibov dəfələrlə hərbi hissədə və Milli Ordu səviyyəsində, xarici silahlı qüvvələrin təmsilçiləri arasında keçirilən yarışlarda üz ağardıb, Azərbaycan zabitinin nəyə qadir olduğunu göstərə bilib. 2018-ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında 1-ci yeri tutub. Həmin il “Efes-2018” Xüsusi Təyinatlılar yarışında onun dəstəsi 24 ölkədən olan iştirakçılar arasında mütləq qalibiyyət əldə edib. Xüsusi taborda əməliyyat zabiti, qərargah rəisi vəzifələrində Vətənə layiqincə qulluq göstərib. “Hərbi xidmətlərə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, yubiley təltifləri olub.
İkinci Qarabağ müharibəsinə can-başla qatılan Veysəl Musibov Kəlbəcər rayonu istiqamətində Murov yüksəkliyinin alınmasında fərqlənib. Həmçinin Füzuli rayonunun bəzi kəndlərinin azad olunmasında iştirak edib. Döyüşlərdə rəhbərlik etdiyi qrupla birgə düşməni pusquya salaraq hərbi texnikasını və 200-dən çox canlı qüvvəsini məhv edən təcrübəli kəşfiyyatçı göz qırpmadan ölümün üstünə getməsi ilə seçilir və silahdaşlarını daha da ürəkləndirirdi. Veysəl Musibov oktyabrın 7-də Cəbrayıl uğrunda döyüşlərdə Vətənə can borcunu ləyaqətlə ödəyərək şəhidlik zirvəsinə ucalıb.
Cəbrayıl yurdunun tanınmış şairi İsmayıl İmanzadə Veysəlin və torpaqlarımızın uğrunda can əsirgəməyən digər şəhidlərimizin müqəddəslik qazanmasını özünəməxsus tərzdə belə tərənnüm edib:
Uğrunda can verdiyin
bu ana torpaq sənin,
Döyüş günü səsini əks etdirən
dağ sənin.
Bayraqdarı olduğun
üçrəngli bayraq sənin,
Şəhid ucalığında
vətən daşına döndün –
Azadlıq nəğməsinə,
Zəfər marşına döndün!
Onun döyüş yoldaşı Elvin Məmmədov deyir ki, o, həqiqətən də bizim irəlidə yürüyən qəhrəmanımız idi. Komandirin ən çətin məqamlarda ani olaraq verdiyi qərarlar, atdığı addımlar bütün heyəti xilas edirdi. Məzarı nurla dolsun qəhrəman şəhidimizin!
Veysəl Musibova şərəfli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Şəhid kəşfiyyatçı, həmçinin “Vətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Xocavəndin və Füzulinin azad olunmasına görə medallarına layiq görülüb. Əlbəttə, hərbçilərə bu adlar, təltiflər müstəsna xidmətlərə görə verilir. Veysəl kəşfiyyatçı olduğu üçün biz onun konkret olaraq icra etdiyi döyüş tapşırıqları barədə ətraflı söhbət aça bilmirik, çünki çoxu hərbi sirr olaraq qalır. Heç özü də bu haqda danışmaz, “adi xidmətimizi yerinə yetiririk” deyərdi. Onun əməliyyatlar zamanı nümayiş etdirdiyi fərdi fərqlənmə cəhətlərini, necə deyərlər, bilənlər bilir. Bizsə “Aprel döyüşləri”, “Lələtəpə”, “Murov”, “Ohanyan səddinin yarılması” kimi ifadələrə əsasən fəhmlə duyuruq ki, Veysəl necə vətənpərvər, torpaq həsrəti çəkən, dözümlü, iradəli, nümunəvi zabit olub.
...Qəhrəmanımızın dəfn olunduğu Xırdalan şəhər Şəhidlər xiyabanında, adını daşıyan 5 saylı tam orta məktəbdə anım tədbirləri həmişə yaddaqalan olur. Məktəblilər tərəfindən hazırlanan və şəhidlərimizə, vətənimizə aid şeir və mahnılar təqdim olunur. Belə tədbirlərin birində şəhid kapitanın anası Səməngül Musibovanın həyəcanlı çıxışının hələ də təsiri altındayıq. O, balasının adının uca tutulmasından məmnunluğunu bildirdi. Dövlət tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğının göstərildiyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etdi. Qürurla vurğuladı ki, ailəsi şəhidin 6 yaşlı oğlu Yadullaya və 8 yaşlı qızı Nilaya vətənpərvər ruhda gözəl tərbiyə verir.
Ə.DOSTƏLİ
XQ

