Livan-İsrail danışıqları 23 apreldə davam edəcək

post-img

Livan və İsrail rəsmiləri arasında ikinci görüş aprelin 23-də Vaşinqtonda keçiriləcək. Bununla bağlı rəsmi detallar daha sonra açıqlanacaq. Məlumatı Livanın yüksək vəzifəli rəsmisi bildirib.

Adının çəkilməsini istəməyən bir mənbə “Anadolu” agentliyinə bildirib ki, “İsrail ilə ikinci görüş cümə axşamı Vaşinqtonda keçiriləcək” və əlavə edib ki, “təfərrüatlar daha sonra rəsmi olaraq açıqlanacaq”.

Bazar ertəsi günü Livan Prezidenti Cozef Aun ABŞ-ın Beyrutdakı səfiri Mişel İssanı qəbul edib. Prezident administrasiyasının məlumatına görə, onlar ötən həftə ABŞ Dövlət Departamentində keçirilən Livan-İsrail görüşündən sonra atılacaq növbəti addımı, eləcə də atəşkəsin qorunması yollarını müzakirə ediblər.

Çərşənbə axşamı günü keçirilən 43 ildən sonra bu səviyyədə ilk görüşdə Livan və İsrail səfirləri birbaşa sülh danışıqlarına başlamaq barədə razılığa gəliblər. 

İsrailin 15-ci Kanalı da Livanla danışıqların ikinci mərhələsinin cümə axşamı (23 aprel) Vaşinqtonda İsrail səfiri Yechiel Leiter və Livan səfiri Nada Mayadın iştirakı ilə keçiriləcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

 

Dünya