Azərbaycanın qədim və cazibədar guşəsi – İçərişəhər bu dəfə payız mövsümünə xüsusi rəng qatan unikal bir tədbirə ev sahibliyi etdi. 31 oktyabr – 2 noyabr tarixlərində keçirilən “Zeytun Festivalı” ölkəmizdə bu mövzuda təşkil olunan ilk festival kimi yadda qaldı.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan festival çərçivəsində üç gün ərzində ziyarətçilər zeytunun mədəni, qastronomik və ekoloji dəyərlərini yaxından tanımaq imkanı qazandılar.
Tədbir çərçivəsində yerli və beynəlxalq zeytun və zeytun yağı istehsalçılarının iştirakı ilə geniş sərgi-yarmarkası, rəsm plenerləri və retro avtomobillərin nümayişi və rəngarəng maraqlı proqramlar təşkil edildi. Qonaqlara məhsulların təqdimatı ilə yanaşı, zeytun yağının hazırlanma prosesi və hazırlanan müxtəlif yeməklərin hazırlanma mərhələsi nümayiş olundu.
İçərişəhərdə fəaliyyət göstərən 17-dən artıq restoran festivala qoşularaq öz menyularında dəyişiklik edib, zeytundan hazırlanan xüsusi yeməkləri menyularına daxil etdilər. Tanınmış aşpazların iştirakı ilə hazırlanan bu təamlar qonaqlara təqdim olunaraq böyük maraqla qarşılandı.
Dekorativ sənət və əl işləri zonasında zeytun ağacından ilhamlanmış sənət nümunələri nümayiş olundu. Uşaqlar üçün yaradıcı guşələr və interaktiv fəaliyyətlər isə festivala ailəvi, isti bir ovqat qazandırdı.
Zeytun Festivalı həm mədəniyyət, həm də turizm baxımından yeni bir ənənənin əsasını qoydu. Tədbir zeytunun Azərbaycan mətbəxində və gündəlik həyatında tutduğu xüsusi yeri ön plana çıxararaq, yerli istehsalın, ekoloji düşüncənin və payız mövsümünün gözəlliyini birləşdirdi.
XQ


                                







