Dəmiri “danışdıran” misgər

post-img

Onun emalatxanasında əl işlərinə tamaşa edirəm. Sakit tərzlə peşəsi ilə məşğuldur və zərb alətində musiqi ifa edirmiş kimi ətrafına məhəl qoymur. Metal parçası ilə “danışır” və ona yeni “həyat” verməyə çalışır. Misi cilalayır, istədiyi formaya salır, son “akkord”ları vurur.

Misgər Nəzər Əliyev 1962-ci il iyunun 25-də Böyük Qafqazın cənub yamacında 1375 metr hündürlükdə yerləşən Lahıc qəsəbəsində anadan olub. Nəslinin 200 illik ənənəsini davam və inkişaf etdirir. Deyir ki, qəsəbəmiz XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Burada mürəkkəb və incə naxışlarla bəzədilən dolça, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Azərbaycanda və xarici ölkələrdə də tanınıb. Yerli ustaların yaratdıqları maddi–mədəniyyət nümunələri hazırda da dünyanın məşhur muzeylərinin ekspozisiyalarını bəzəməkdədir.

Aram-aram danışan usta “misgərlik krallığı” kimi tanınan qəsəbənin tarixinə toxunur: “Lahıcda olan mis emalatxanaları, “misgər bazarı” bir çox ölkələrdə tanınıb. Lakin XIX əsrin sonlarında ucuz rus fabrik məhsullarının gətirilməsi ilə emalatxanaların sayı azalsa da, artıq yenidən tarixi ənənə dirçəldilib. Dövlət dəstəyi nəticəsində ənənəvi emalatxana qurğuları və alətləri, mistökmə, döymə və oyma bəzəklər ənənəsi qorunub saxlanılır”.

“Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Əlini bir an belə işindən ayırmayan Nəzər kişi ilə söhbətdə öyrənirəm ki, misgərlik babalarından sonra onun atasına və əmilərinə keçib. O da ağlıkəsəndən bu sənətin içində olub, bu işə qəlbən bağlanıb. Ali təhsil aldıqdan sonra bir müddət müəllim işləsə də, yenidən ənənəvi sənətinə qayıdıb. İki oğlu ali təhsil alıb başqa sahədə çalışsa da, onlar da misgərliyi yaxşı bacarırlar.

– El şənliklərində ustalar arasında keçirilən yarışlarda mütəmadi olaraq mən də iştirak edirdim, – deyə o bildirir. – Yaxşı yadımdadır, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən sərgidə 20 usta arasında qalib oldum və mükafat qazandım. Bakıda keçirilən COP29-da isə ilk gündən sona qədər iştirak etdim və misgərliklə bağlı ustad dərsi keçməklə bu sənətin incəliklərini geniş şəkildə təbliğ etdim. Bir sözlə, misgərlik sənətimlə dünyanı gəzirəm. Almaniya, Fransa, Rusiya, Avstriya, Gürcüstan, Qazaxıstan və digər ölkələrə səfər etmişəm, evimdə də xeyli qonaqlarım olub. Bakıda keçirilən tədbirlərin birində Prezident İlham Əliyevlə görüşdüm və onu evimizə qonaq dəvət etdim. Cənab Prezident dedi ki, mütləq sənin qonağın olacağam.

Dövlət başçısı Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak etdikdən sonra əvvəlcə emalatxanama, sonra evimə gəldilər. Ailə üzvlərimizlə birlikdə xatirə şəkli çəkdirdik. Bu hisslər sözlə ifadə edilə bilməz. Bu, mənim və ailə üzvlərimin həyatında ən gözəl və ən unudulmaz hadisə oldu. Bu, həm də dövlət başçısının sənətə, sənətkara, kəndliyə və vətəndaşa verdiyi ən yüksək dəyərin göstəricisidir.

Söhbətimizin şirin yerində usta deyir ki, Birinci vitse-prezident Mehriban xanım qızları ilə birlikdə 2019-cu ildə qəsəbəmizə gələrkən də onun qonağı olub. Səmimi söhbətdən sonra ustad sənətkar bildirib ki, yaxınlıqda olan məscid 1791-ci ildə tikildiyindən təhlükəli vəziyyətə düşüb. Bunu eşidən kimi Mehriban xanım tapşırıq verib ki, məscid Heydər Əliyev Fondunun vəsaiti hesabına təmir olunsun. Göstəriş qısa vaxt ərzində həyata keçirilib və 2022-ci ildə məscidin təmirdən sonra açılışı olub.

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tanınmış misgər turizm sahəsində də peşəkarlığı və işgüzarlığı ilə seçilir. Prezident İlham Əliyevin 2 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Nəzər Əliyev Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat