Azərbaycanın Tacikistandakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ziyafət keçirib

post-img

Ziyafətdə Tacikistan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Qeyrət Əzizzoda,Tacikistan daxili işlər nazirinin müavini İlhomiddin Valizoda , Xarici İşlər Nazirliyinin əməkdaşları, millət vəkilləri, digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak edib.

Ziyafətdə Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Əlimirzamin Əskərov çıxış edərək beş il əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulduğunu və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin azad edildiyini bildirib.

Ə.Əskərov qazanılan qələbənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ardıcıl və prinsipial siyasətin, gərgin diplomatik fəaliyyətin, informasiya cəbhəsində nail olunmuş üstünlüyün məntiqi nəticəsi olduğunu qeyd edib.

Səfir həmçinin ölkəmizin qarşılaşdığı mina problemi və mina terrorunun qurbanları, “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə barədə məlumat verib və 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarının Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi olduğunu bildirib.

Səfir bu il avqust ayının 8-də Vaşinqtonda keçirilən Sammitdə əldə olunan nəticələrdən söhbət açaraq Zəngəzur dəhlizi vasitəsilə maneəsiz girişi təmin edəcək və regional əlaqəni inkişaf etdirəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyini, Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacağını deyib.

Azərbaycan ilə Ermənistan arasında sülh dövrünün başlandığı, Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırdığı, Azərbaycanın bu addımının bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən alqışlandığı qeyd edilib.

Səfir Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini, ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk prosesini və onunla əlaqəli strukturların bağlanması ilə bağlı qərar qəbul etdiyini bildirib.

Çıxışdan sonra Zəfər Günü və ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub. Tədbirdə  səfirlik tərəfindən tərcümə olunmuş kitablar və Azərbaycan mədəniyyətini əks etdirən jurnallardan və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib, qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim olunub.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Düşənbə 







Sosial həyat