İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Azərbaycan Bacarıqlar Akseleratoru” (Skills Accelerator Azerbaijan) layihəsinə dair dövlət qurumları, ali təhsil müəssisələri və özəl şirkətlərdən ibarət yerli tərəfdaşlarla onlayn görüş keçirilib.
4SİM-dən XQ-yə bildirilib ki, görüşün məqsədi layihənin əsas istiqamətləri barədə ilkin məlumat vermək, planlaşdırılan fəaliyyətləri təqdim etmək və tərəfdaşlarla fikir mübadiləsi aparmaq olub.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bildirib ki, “Bacarıqlar Akseleratoru” təşəbbüsü - Dünya İqtisadi Forumunun (DİF) Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi (Center for New Economies and Society) tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. Platformanın məqsədi əmək bazarındakı bacarıq boşluqlarını aradan qaldırmaq, gələcəyin peşələrinə uyğun yeni bacarıqların formalaşdırılmasını dəstəkləmək və ömürboyu öyrənməni təşviq etməkdir.
Qeyd olunub ki, bu gün DİF-in “Bacarıqlar Akseleratoru Şəbəkəsi” (“Skills Accelerator Network”) 35-dən çox ölkədə fəaliyyət göstərir. Bu şəbəkə dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq üçün vahid platforma rolunu oynayır. Təşəbbüs müxtəlif ölkələrdə bacarıq inkişafı strategiyalarının formalaşdırılmasına, təlim proqramlarının hazırlanmasına və dövlət-özəl tərəfdaşlıqlarının gücləndirilməsinə dəstək verir. Azərbaycan da bu beynəlxalq platformaya qoşularaq öz milli bacarıq ekosisteminin inkişafına töhfə verəcək.
4SİM-in Layihələrin idarəolunması şöbəsinin müdiri Gülminə Məlikzadə “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi barədə təqdimatla çıxış edib. Bildirilib ki, proqram çərçivəsində Azərbaycanda əmək bazarının təhlili, qısamüddətli ixtisasartırma modullarının tərtibi və əmək bazarının inkişafı üçün yeni təlim və öyrənmə imkanlarının yaradılması nəzərdə tutulub.
Qeyd olunub ki, layihə çərçivəsində qurulacaq dövlət-özəl tərəfdaşlığı mexanizmləri əmək bazarının real tələblərinə uyğun olaraq yeni bacarıqların formalaşdırılmasını və işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək.

