Noyabrın 13-də Braziliya Federativ Respublikasının Manaus şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş” imzalanıb.
XQ xəbər verir ki, hökumətlərarası sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho imzalayıblar.
Bu sənəd iki ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarətin asanlaşdırılması, gömrük nəzarətinin səmərəliliyinin artırılması və beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məsələlərində əhəmiyyət kəsb edir.
İmzalanan sazişin məqsədi gömrük məsələləri üzrə qarşılıqlı dəstək göstərmək, hüquqpozmaların qarşısının alınması və araşdırılması sahəsində inzibati yardım mexanizmini formalaşdırmaq, gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsini həyata keçirmək, eyni zamanda texniki əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl idarəetmə və nəzarət üsullarının paylaşılması və gömrük prosedurlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

