Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xariqələr yaradan qətiyyətli Lider” adlı kitabının təqdimat mərasimi keçirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edən güclü lider kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Təqdimatı keçirilən kitabda da məhz bu məqamlardan geniş bəhs olunur.
YAP Veteranlar şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Azərbaycanın hazırda ən möhtəşəm dövrünü yaşadığını deyib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.
Mərasimdə, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı Sayman Aruz, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə kitabın əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, yeni nəşrdə Azərbaycanı Zəfərə aparan yol həm siyasi, həm də fəlsəfi baxımdan şərh edilir.
Sonra müəllifi Zərifə Quliyeva kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib.
XQ

