“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin təqdimatı

post-img

Azərbaycanın Almaniyadakı səfirliyinin, Alman İqtisadiyyatının Şərq Komitəsinin və “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin birgə təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə təqdimat keçirilib.

Ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Azərbaycan-Almaniya münasibətlərinin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasından söz açan N.Ağayev ildə 3 milyard kubmetrlik Azərbaycan qazının Almaniyaya ixracını nəzərdə tutan müqavilələrin əhəmiyyətini vurğulayıb.

Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç çıxışında assosiasiyanın fəaliyyət istiqamətləri və Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənən gündəliyi barədə məlumat verib. O, Azərbaycanın regionda aparıcı iqtisadi platforma kimi yüksələn rolunu qeyd edərək, tərəfdaşlığın əsas istiqamətlərinin yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya və institusional islahatların dəstəklənməsi olduğunu bildirib. Akuliç bu il imzalanan ticarət, iqtisadiyyat və investisiyalara dair birgə yol xəritəsində kimya sənayesi, səhiyyə, rəqəmsallaşma və yaşıl keçid üzrə 10-dan çox konkret layihənin əksini tapdığını qeyd edib.

Sonra “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin baş direktoru Fərhad Məmmədov “Yaşıl Enerji Dəhlizi” və layihənin reallaşması istiqamətində görülən işlər, eləcə də bu prosesdə Azərbaycanın fəal rolu barədə geniş təqdimatla çıxış edib.

Məlumat verilib ki, ümumi uzunluğu 3 min kilometr olan dəhliz vasitəsilə yaşıl enerji Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bu kabel vasitəsilə ildə təxminən 4 giqavat gücündə yaşıl enerjinin Avropaya ötürülməsi planlaşdırılır.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin bərpaolunan enerji sahəsində fəaliyyəti barədə təqdimatla çıxış edib.

Çıxış və təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

XQ



Son xəbərlər