İlaxır çərşənbələr, bütünlükdə, əski layları, mifoloji qatdan müasir dövrümüzə qədər olanları əhatələmək potensiyası ilə diqqətçəkici açılımlara əsas verir. Novruzqabağı keçirilən mərasimlərlə bağlı türk xalqlarının inam və etiqadlarında, əfsanə, rəvayət, dastan, nəğmə, bayatı və s. nümunələrində lazımi qədər maraqlı epizod və əhvalat özünə yer alır.
Bunların hamısı öz kökləri etibarilə ilkin təsəvvürə və ordan üzü bəri gələnlərə bağlanır. Bu zənginlikdə hər bir çərşənbənin öz yeri var. Dünyanın yaradılışına bağlanan 4 ünsürün (su, od, yel, torpaq) sərgilədiyi təsəvvürü əhatələyən müxtəliflik həm də özü ilə bağlı yaxınlıqları, bir çevrə daxilində sistem təşkil etməni diqqət önünə gətirir.
Od çərşənbəsi ətrafında da bir-birindən maraqlı fikir və mülahizələr söylənməkdədir. Uzaq Sibirdən Bavariyaya qədər bütün xalqlar oda sitayiş etmiş, ona pənah gətirmişlər. Od bəşər sivilizasiyasının ən böyük kəşflərindəndir və dünyanın dinamik inkişafının ən mühüm təminatlarındandır. İbtidai insanların mifoloji dərkində sitayişlərin sərgilədiyi mənzərə və təbiət varlıqlarına olan münasibət bütün parametrlərdə onu öyrənməyə köklənirdi.
Sirli-sehrli xarici aləmin sərgilədiyi təsəvvür, günəşin çıxması, yağışın yağması, buludun gəlməsi, fərqli-fərqli əsrarəngizliklərin özünü göstərməsi insanların marağına səbəb olmaqla dürlü-dürlü hekayə və əhvalatların yaranması üçün əsas olmuşdur. “Üçü bizə yağıdır”, “üçü cənnət bağıdır” düşüncəsinin bədii-estetik, fəlsəfi-qnesioloji, tarixi-psixoloji dərki çeşidli yanaşmalarda eyni aspekti, dünyanın yaranışında olanların stixial xarakterində olanları sərgiləyir.
Xalq dilində işləklik qazanmış “çillə qovan tonqal” mərasim zənginliyində işarələnmənin bir komponenti olaraq qədim insanların düşüncəsində bir akt olaraq qəlibləşmə xüsusiyyəti ilə özünü göstərir. “Novruz çərşənbələri” adı ilə rituallar səviyyəsində silsiləvi məzmun daşıyan bu mərasimlər çələngi qədim azərbaycanlıların dünyagörüşünü, arzu və istəklərini, həyat bilgilərini əhatələyir.
İşığı, günəşi çağırmaq ritual aspektində mifoloji səviyyədən paradiqmatik mənzərəyə qədər bir əsrarəngizliyi sərgiləyir. Avesta, şumer abidələri, qədim türk epos silsiləsi, mərasim aktları, meydan tamaşaları, mif, əfsanə, atalar sözü, məsəl və s. örnəkləri bütün tərəfləri ilə bir istiqamətdə Novruz və novruzqabağı zənginliyə yüklənir. Odun funksiyası və semantik qatındakı işarələnmələr orta əsrlərdən bu yana müxtəlif kontekstdə etnoqraflar, arxeoloqlar, folklorşünaslar və s. səviyyəsində təhlillərə əsas olmuşdur.
Xalq arasında od çərşənbəsi müxtəlif adlarla “üsgü çərşənbə”, “üsgü gecəsi” və s. şəklində özünü göstərir. “Addı çərşənbə” ifadəsinin özündə bir əzizləmə, simsar bilmə var və onun simvolik qatı əsrarəngizlik dolu birliyi, yaxınlığı, istiliyi, həyat şövqünü və s. məqamları diqqət önünə gətirir. “İgid, bir ocaq çat qaya başında, alovsuz qopuza əlim yatmayır” çağırışı paradiqmatik səviyyəsi ilə birliyə, odun sərgilədiyi kutsallığa bağlanır.
Torpağa istilik, hərarət bəxş edən günəşlə yerdəki nişanəsi olan odun sərgilədiyi təsəvvür inam, etiqad anlamında bir eyniyyətə yüklənir. Yusif Vəzir Çəmənzəminli odun funksional mahiyyətinə diqqət yetirərək vurğulayır ki, “ənasiri-ərbəə deyilən bu dörd amil xalqımız arasında təqdis olunur. Bunların içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və çırağa and içərlər, suyu murdarlamazlar. Novruza yaxın çərşənbələrdə sabah erkən axar su üstə çıxarlar, çillə kəsdirərlər və s. Qız ərə gedərkən onu ocağın başına dolandırarlar, çərşənbələrdə tonqal qalarlar.
Bu adətlərin haralardan başlandığını izah etmək üçün bir az tarixə doğru dönməliyik. Herodotun təqribən iki min beş yüz il bundan əvvəl təsvir etdiyi adət bu gün eynilə aramızda yaşayır”. Odun və suyun müqəddəsləşdirilməsi və çərşənbə səviyyəsində dörd ünsürün sərgilədiyi təsəvvür əski inamlardan, insanların həyatı dərkinin başlanğıcına dayanmadan çağdaş dövrümüzə qədər eyni təsəvvürə yüklənir.
Od çərşənbəsinin mərasim və ayin səviyyəsində sərgilədiyi mənzərə etnokulturoloji sistemin ilkinliyə dayanan mədəniyyət, yaşam və təsəvvür fondunu bir bütöv olaraq əhatələyə bilmək gücü ilə görünür. “Oda pənah aparanın ocağı sönməz”, “ocaq sönməyən yerdə məskən salarlar”, “odu, çırağı yandıran xeyir aparar”, “oddan kül olar, küldən od”, “odla oynayan ocaqsız qalar” və s. deyimlər tarixi etibarilə çox qədim təsəvvürləri, ilkin düşüncədə olanları əhatələmək imkanları ilə atalar sözü, məsəl səviyyəsində qəlibləşmişdir.
Andlar, inanclar, alqış-dualar, əsatir, rəvayət timsalında olan mədəniyyət və təsəvvür zənginliyi öz məzmun xətti ilə odun funksional çəkisinə, tonqal çatmaq timsalında mərasim aktına və həmin prosesdə söylənilənlərə bağlanır. “Ocaqda kül titrəyəndə od xeyrə oynayar”, “çıraq yandıranın çırağı sönməz”, “çıraq yeri qibləyə olan ev uğurlu olar” və s. inanclar od-ocaq timsalında təsəvvürün simvolikasını, semantik məna qatında işarələnən xronotopların ümumi sistemini faktlaşdırır.
Çərşənbələr, eləcə də od çərşənbəsi timsalında əhatələnən təsəvvürlər öz kökləri ilə mifoloji sistemə, odun insan həyatında oynadığı funksional rola yüklənir. Qışın yağı, düşmən funksiyasında sərgilədiyi təsəvvür yazın (odun) xilasedici, himayəçi təsəvvürünü çox əski zamanlardan qəlibləşdirməklə ritual səviyyəsində təkrarlanmasına əsas olmuşdur.
“Qodu-qodu” mərasimindən günəşə qurban kəsməyə qədər olan təsəvvürlər silsiləsi öz çeşidli aspektləri ilə alt qatda olanların qəlibləşməsinə şərait yaratmışdır. Günəşə qurban kəsmək mərasimi ilə bağlı söyləmələrdə vurğulanır ki, “günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən günəşə qurban aparardılar”.
Günəşin doğması şərəfinə keçirilən bu qurban və eləcə də bu kimi mərasim aktları bütün spektrləri ilə çox əski təsəvvürdə oturuşmuş inam və etiqadları diqqət önünə gətirməklə od çərşənbəsi səviyyəsində mükəmməl bir təsəvvürün mərasim timsalında formalaşmasına əsas olmuşdur. Qayaüstü təsvirlərdəki rəsmlər, arxeoloji qazıntılarda əldə olunan tapıntılar, inam və etiqadlar çərşənbə adı ilə sıralanmadakı mənzərənin genetikasını aydınlaşdırmağa şərait yaradır.
Odun toplum düşüncəsindəki birləşdiricilik, el qurma, səmimiyyət, gözəllik, əsrarəngizlik səviyyəsində olan funksiyaları xalqın müxtəlif aspektlərdə əfsanə, rəvayət, nağıl, dastan səviyyəsində təqdim etdiyi epizod və əhvalatlarda da özünün əksini tapır. Burada od, ocaq qarşısında səcdəyə durmadan inam gətirməyə qədər olanlar arxaik qatdan üzü bəri daşınanlara bağlanır.
İbtidai zamanın yaşam tərzi həyatla mücadilədə andları, alqış-duaları təbiiliklə ortaya qoymuşdur. “Od haqqı”, “günəş haqqı”, “o işığa and olsun” və s. ifadələrin təsəvvürdə qəlibləşməsi və əski qatı min illərin yaşam tərzinin əks-sədası olaraq özünü göstərir.
“Ağ günə çıxasan”, “günün işıqlı olsun”, “üstünə nur yağsın”, “günün ağ olsun”, “üstünə günəş doğsun” və s. ifadələrin bir şüur hadisəsi olaraq sərgilədiyi təsəvvür müxtəlif aspektdə, üfiqi və şaquli yanaşmalarda əsaslı təsəvvürü, inam və etiqadları sərgiləyir. İfadənin müstəqim mənası və alt qatı metaforik anlamda təhtəlşüurda oturuşmuş dünyagörüşü, mifə qədər olanları və sonrakı çağlara daşınmanın oda inam haqqında təsəvvürləri və od çərşənbəsi timsalında ehtiva olunanların ümumi konseptini əhatələyir.
Qapıda, əkin sahələrinin qırağında ocaq qalanması bu çərşənbədə simvollaşmanı, ilahi qüvvələrdən köməklik diləməni, inamları əhatələməklə, həm də çağırış xarakteri ilə diqqət önünə gəlir. Burada odun əski təsəvvürə bağlanan müqəddəsləşdirilməsinin ümumi cizgiləri, kultlaşdırma məramı özünü göstərir. Od çərşənbəsi öz ümumi məzmunu ilə boz ayın sərtliklərinə, bozluq etməsinə əngəl kimi bir təsəvvürü də içinə alır və od, ocaq ritualının ümumi təsiri ilə yumşaqlığı, təbiətin oyanışını sürətləndirmək istəyinə köklənir.
“Duman qaç, qaç, duvağını aç, aç” deyimindəki işarələnmələr, eləcə də “gün çıx, gün çıx, kəhər atı min çıx” çağırışları toplumun qış, zillət və çətinliklərlə dolu həyatının daha rahat, şən, sevinc dolu anlarına çağırış funksiyası ilə ona (təbiətə, canlı aləmə) təsir etmək düşüncəsində görünür. “Ağırlığım, uğurluğum odlara” deyiminin (və təsəvvürünün) ritual xarakteri odun dərd-azara əlac olma funksiyasını, mahiyyətində normativləşən inam və etiqadları əhatələyir.
“Şam-çırağı alışdırın, küsülüləri barışdırın” və s. od çərşənbəsində Gün, İşıq, Od timsalında olan əski dünyagörüşün hərəkətliliyini sərgiləyir və qışın gətirdiyi fəsadlar səviyyəsində ondan qurtuluşu zərurətə çevirir. Ritual, mərasim timsalında qəlibləşmə üçün əsas olur. “Ocağında od olanın işi avand olar”, “ocağı olanın sığınmağa bucağı da olar”, “oda inanar, torpağa qısılarlar” və s. deyimlərin mətn informasiyası min illərin həyat təcrübəsini, müdriklik baxımından qəlibləşmiş düşüncə zənginliyini diqqət önünə gətirir.
Qədim əcdadlar odun insan həyatında və bütünlükdə həyat nizamı timsalında kutsallığını müxtəlif səviyyələrdə, ritualdan mərasimlərə qədər və od çərşənbəsində bir araya gətirməklə ümumiləşdirməyə həssaslıq göstərmişlər. Oda sitayiş, səcdə bütün paradiqması və simvolik məzmunu ilə dünya xalqlarında müxtəlif çeşidliliklə canlandırmalara əsas olmuş və bu gün də elmi-nəzəri fikir həmin əski yaddaşda olanların günümüzə qədərki semantikasına ayrı-ayrı elementləri, epizodları kontekstində həssaslıq göstərir. Odunuz gur, ocağınız isti olsun!
Səhər Hidayət qızı ORUCOVA,
filologiya elmləri doktoru, professor


