Sumqayıtda Dövlət Simfonik Orkestrinin konserti keçirilib

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.

XQ xəbər verir ki, layihə çərçivəsində aprelin 18-də Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında konserti keçirilib.

Konsertdə orkestr Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”nı səsləndirib.

Gecədə tamaşaçılar orkestrin ifasında eyni zamanda Niyazinin “Arzu”, Arif Məlikovun “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piazzollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərlərini dinləmək imkanı əldə ediblər.  

İfa olunan bütün əsərlər sumqayıtlı musiqisevərlərin könlünü oxşayıb, alqışlarla qarşılanıb. 

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Mədəniyyət