Türkoloji Qurultayın yubileyi Bakıda elmi məclislərlə qeyd edildi

post-img

I Türkoloji Qurultay – 100

I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı Bakıda keçirilən daha bir nüfuzlu elmi məclis – Xəzər Universiteti, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkil etdiyi beynəlxalq elmi simpozium başa çatıb.

1 əsr əvvəl ilk Türkoloji Qurultayın keçirildiyi tarixi “İsmailiyyə” sarayında – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında yubiley məclislərinə yekin vurulub. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyada keçirilən beynəlxalq konfrans kimi, Xəzər Universitetinin evsahibliyi etdiyi simpoziumun da yüksək səviyyədə təşkil edildiyini və uğurla başa çatdığını vurğulayıb.

Qeyd edilib ki, hər iki ünvanda təşkil edilmiş toplantı və müzakirələrdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Rusiyanı təmsil edən alimlər iştirak ediblər. Dilçilik, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələri üzrə məruzələrdə Birinci Türkoloji Qurultayın elmi irsi yenidən və sistemli şəkildə dəyərləndirilib, müasir türkoloji araşdırmalar üçün yeni metodoloji yanaşmalar irəli sürülüb.

İstanbul Universitetinin dünya şöhrətli türkoloqları Məhərrəm Erkinin və Əhməd Cəfəroğlunun yetirməsi, professor Osman Fikri Sərtkaya XQ-yə müsahibəsində bildirdi ki, I Türkoloji Qurultayın özü kimi, 1 əsrlik yubileyinin də Azərbaycan paytaxtında yüksək təntənə ilə keçirilməsi ilə Türk xalqlarının mənəvi aləminə yeni bir tarix yazıldı:

– 1926-cı ildə indiki AMEA-nın tarixi zalında keçirilmiş I Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının elmi və mədəni həyatında dönüş nöqtəsi olmuşdur. Həmin qurultayda türk xalqlarının dili, tarixi, ədəbiyyatı, əlifba siyasəti, etnoqrafiyası və mədəni inkişafı ilə bağlı strateji əhəmiyyət daşıyan qərarlar qəbul edilmiş, Türk dünyasının aparıcı alim və ziyalıları ilk dəfə geniş miqyasda bir elmi platformada bir araya gəlmişdir.

Mürəkkəb və ziddiyyətli siyasi şəraitə baxmayaraq, qurultayın ən mühüm tarixi nəticələrindən biri latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi olmuşdur. Bu qərar yalnız texniki islahat deyil, həm də türk xalqları arasında elmi və mədəni inteqrasiyanın əsasını qoyan mühüm ideoloji addım kimi qiymətləndirilməlidir. Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktualdır və müasir türkologiyanın inkişafına istiqamət verən mühüm mənbə rolunu oynayır.

Konfrans çərçivəsində təqdim etdiyim məruzə Dədə Qorqud kitabı ilə bağlıdır. “Dədə Qorqud kitabındakı bəzi şəxs adlarının yeni oxunuşları haqqında fikirlər” mövzusuna həsr edilib və klassik mətnlər üzərində aparılan filoloji təhlillərin hələ də yeni nəticələr verdiyini göstərir. Türk dünyasında ən çox tədqiq olunan abidələrdən biri olan “Dədə Qorqud” irsində belə, hələ də elmi baxımdan aydınlaşdırılmalı olan məqamlar mövcuddur. Bu fakt türk mədəniyyətinin və tarixi yaddaşının dərinliklərinin gələcək tədqiqatlar üçün geniş imkanlar açdığını sübut edir.

Bu baxımdan Azərbaycanda son illər həyata keçirilən elmi və mədəni təşəbbüsləri yüksək qiymətləndirirəm. Xüsusilə vurğulamaq istərdim ki, 11 sentyabr 2024-cü ildə Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Kurumunun birgə təşkilatçılığı ilə keçirilən “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası layihəsi üzrə ümumi razılıq əldə edilmişdir. Bu qərar türk xalqları arasında vahid elmi və mədəni məkanın formalaşdırılması istiqamətində mühüm mərhələ olmaqla, bir əsr əvvəl – 1926-cı il Bakı Türkoloji Qurultayında qarşıya qoyulmuş idealların real nəticəyə çevrildiyini göstərir.

Onu da qeyd edim ki, Azərbaycanın zəngin elmi və mədəni potensialı tarixən region üçün mühüm rol oynamışdır. Xüsusilə Bakı şəhəri XIX əsrin sonu – XX əsrin əvvəllərində Türk dünyasının aparıcı elmi və mədəni mərkəzlərindən biri kimi tanınmış, maarifçilik hərəkatının, mətbuatın, ədəbiyyatın və elmi fikrin inkişafında xüsusi yer tutmuşdur. Bu gün Bakının yenidən Türk dünyasının elmi əməkdaşlıq və inteqrasiya platformalarından birinə çevrilməsi həmin tarixi missiyanın müasir dövrdə davam etdiyini aydın şəkildə nümayiş etdirir.

Digər tərəfdən, məni Bakıya və Azərbaycana mənəvi baxımdan bağlayan çox önəmli bir amil də var. Bu, həyatımda və elmi yolumda dərin iz qoymuş müəllimlərimlə – xüsusilə də dünya miqyasında tanınan görkəmli türkoloq Əhməd Cəfəroğlu ilə bağlı xatirələrim və elmi bağlılığımdır. Eyni zamanda, müəllimlərimdən biri olan Zəki Vəlidi Toğan da mənim formalaşma prosesimdə mühüm rol oynamış şəxsiyyətlərdəndir. Bu, mənim üçün ayrıca bir şərəf tarixçəsidir.

Lakin etiraf etməliyəm ki, Əhməd Cəfəroğlu ilə qurduğum elmi və insani münasibətlər həyatımın ən dəyərli səhifələrində xüsusi yer tutur. Hər dəfə Bakıya gələndə həmin mənəvi bağlar, həmin unudulmaz xatirələr məni yenidən o illərə qaytarır.

Köprülünün tələbəsi olan Əhməd Cəfəroğlu filologiya doktoru kimi İstanbul Universitetində - əvvəlcə Türk dili tarixi kafedrasında dosent, sonra professor vəzifəsində çalışmışdır. Böyük alim Mehmet Fuad Köprülünün vəfatından sonra həmin kafedraya rəhbərlik etmişdir. O, eyni zamanda, universitet nəzdində fəaliyyət göstərən Türkiyat İnstitutunun direktoru olmuşdur.

Əhməd Cəfəroğlu yalnız nəzəri biliklərlə kifayətlənən bir tədqiqatçı deyildi. Onu yaxından tanıyanlar haqlı olaraq qeyd edirdilər ki, o, türkçülüyü yalnız kitablardan öyrənən və ya başqalarından eşidən bir alim deyil, bütün varlığı ilə bu ideyanı yaşadan və təmsil edən bir şəxsiyyət idi.

Alimin müxtəlif ölkələrdə və müxtəlif dillərdə nəşr olunmuş 350-dən artıq elmi əsəri vardır. O, Avropanın aparıcı universitetlərində türk dili və türkologiya mövzularında mühazirələr oxumuş, bir müddət Roma Sapienza Universitetində də fəaliyyət göstərmişdir. Eyni zamanda, bir sıra nüfuzlu beynəlxalq elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur.

İllər sonra anladım ki, elmi taleyimdə son dərəcə böyük mənəvi çəkisi olan bir gerçəklik də vardır: mən Fuad Köprülü məktəbinin davamçısı olan bir alimin – Əhməd Cəfəroğlunun yetirməsi olmuşam. Bu, elmi nəsil baxımından son dərəcə məsuliyyətli və şərəfli bir mövqedir. O, məni beynəlxalq və nüfuzlu elmi dairələrdə təqdim edərkən həmişə xüsusi təmkin və etimadla danışar, ən çətin elmi işlərin belə öhdəsindən gələ biləcəyimi vurğulayardı.

Həmin illərdə SSRİ-nin Bakıda nəşr olunan nüfuzlu “Sovetskaya türkologiya” jurnalının redaksiya heyəti bütün sayları onunla yanaşı, mənə də göndərirdi. Bu gün həmin nadir nüsxələr bir çox məşhur kitabxana və arxivlərdə belə tapılmayan qiymətli bir kolleksiya kimi şəxsi arxivimdə qorunur. Bu toplu, eyni zamanda, Əhməd Cəfəroğlunun mənəvi və elmi yadigarıdır.

Bu dəfə Bakıya səfərim də məni həmin düşüncələr və xatirələrlə yenidən üz-üzə qoydu. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycanı azad, müstəqil, bütün əraziləri üzərində suverenliyini bərpa etmiş bir dövlət kimi görmək və bunu bilavasitə burada – Bakıda hiss etmək mənim üçün xüsusi qürur və böyük mənəvi məmnunluq mənbəyidir.

Egey Universiteti Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Yılmaz Özkaya isə Bakıda təşkil edilmiş beynəlxalq elmi məclislərin, aparılan geniş müzakirələrin 1 əsr əvvəl yazılmış tarixin önəmini və qarşıya qoyduğu hədəfləri getdikcə bütövləşən və güclənən Türk dünyasına layiqincə çatdırdığını söylədi:

– 100 il əvvəl Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış türkoloqların iştirakı ilə keçirilən bu mötəbər toplantıda ortaq əlifba, dil, ədəbiyyat, tarix, mədəniyyət və mənəvi irsin öyrənilməsi istiqamətində fundamental müzakirələr aparılmış, türkologiya elminin gələcək inkişaf xətti müəyyənləşdirilmişdir. Məhz həmin qurultaydan sonra türk dilləri və mədəniyyətləri üzrə tədqiqatlar daha sistemli xarakter almış, yeni elmi istiqamətlər formalaşmışdır.

1 əsr sonra eyni tarixi məkanda, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans qurultayın ideya müəlliflərinin, təşkilatçılarının və iştirakçılarının xatirəsinin anılması baxımından bütün Türk dünyası üçün mühüm elmi-mənəvi hadisədir. Bu konfrans 1926-cı il qurultayının ideya miqyasını və strateji dərinliyini müasir elmi kontekstdə yenidən gündəmə gətirmişdir.

Tarixi Bakı Qurultayı yalnız elmi forum deyil, humanitar elmlərin ümumi inkişaf trayektoriyasını dəyişən bir platforma idi. Həmin toplantıda ilk dəfə olaraq bütün türk xalqlarının dili, ədəbiyyatı, yazı sistemi və mədəni irsinin vahid elmi yanaşma və ortaq metodoloji əsaslar üzərində öyrənilməsi ideyası irəli sürülmüşdür. Bu yanaşma sonrakı onilliklər ərzində Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və ümumilikdə Türk dünyasında aparılan tədqiqatların formalaşmasına ciddi təsir göstərmişdir.

Bir əsrlik zaman məsafəsi göstərir ki, qurultayın irəli sürdüyü ideyalar aktuallığını itirməmiş, əksinə, XXI əsrdə yeni elmi və texnoloji imkanlar fonunda yenidən canlanmışdır. Əgər 1926-cı ilin iştirakçıları vahid elmi platforma və ortaq araşdırma mühiti arzusunda idilərsə, bu gün rəqəmsal korpuslar, yazılı abidələrin elektron kodlaşdırılması, müasir reyestrlər, elmi verilənlər bazaları və beynəlxalq tədqiqat şəbəkələri həmin ideyanın real elmi infrastruktur səviyyəsində həyata keçirilməsinə imkan yaradır.

Bu baxımdan Bakıda keçirilən beynəlxalq konfrans və simpozium yalnız tarixi xatirənin yaşadılması ilə məhdudlaşmır, eyni zamanda, türk xalqlarının elmi əməkdaşlığında yeni mərhələyə – praktik və texnoloji cəhətdən dəstəklənən qarşılıqlı fəaliyyət modelinə keçidin rəmzi kimi tarixə yazıldı.

Bugünkü beynəlxalq elmi konfrans çərçivəsində Azərbaycanın bütün Türk dünyası ilə elmi və mədəni dialoqu xüsusi əhəmiyyət daşıyır. Türk dünyasını təmsil edən hər bir ölkə vahid intellektual məkanın mühüm elmi mərkəzi kimi çıxış edir və bu mərkəzlərin hər biri özünəməxsus akademik ənənəyə söykənir. Azərbaycan elmi mühiti isə Bakı elmi məktəbinin klassik irsindən başlayaraq müasir tədqiqat institutlarına və innovativ araşdırma mərkəzlərinə qədər uzanan davamlı inkişaf xətti ilə seçilir. Məhz bu konfrans müxtəlif elmi məktəbləri bir platformada birləşdirərək tarixi elmi irslə çağdaş elmi dinamikanın üz-üzə gəldiyi və qarşılıqlı şəkildə zənginləşdiyi intellektual məkan formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş sərəncam Türk dünyasının elmi-mədəni irsinə, alim və ziyalılarına göstərilən yüksək dövlət qayğısının və ehtiramın bariz nümunəsidir. Bu təşəbbüs təkcə tarixi hadisənin anılması deyil, eyni zamanda, türk xalqları arasında elmi əməkdaşlığın, ortaq dəyərlər üzərində qurulan mədəni inteqrasiyanın və intellektual həmrəyliyin daha da möhkəmləndirilməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilməlidir.

Bakıda təşkil edilmiş mötəbər elmi məclislər iştirakçılar üçün həm mənəvi kədər, həm də dərin qürur və sevinc hissi ilə müşayiət olunur. Kədər onunla bağlıdır ki, qurultayın görkəmli iştirakçılarının böyük bir qismi 1937-ci il repressiyaları zamanı faciəli şəkildə məhv edilmişdir. Sevinc isə ondan qaynaqlanır ki, onların irəli sürdüyü ideyalar bu gün də yaşayır, inkişaf edir və Türk dünyasının müxtəlif ölkələrindən olan alimlər yenidən bir araya gələrək elmi və mədəni dialoqu davam etdirirlər. Bu mənada, bugünkü konfrans yalnız tarixi yaddaşın bərpası deyil, eyni zamanda, faciələrlə kəsilmiş elmi irsin XXI əsrdə yeni məzmunla davam etdirilməsinin rəmzidir.

Bakı təntənələri başa çatdı və bir daha göstərdi ki, türkologiyanın aktual problemləri yalnız ayrı-ayrı ölkələrin elmi gündəliyi çərçivəsində deyil, vahid elmi məkan və ümumi strateji baxış əsasında araşdırıldıqda daha dolğun və səmərəli nəticələr verir. Müxtəlif ölkələri və elmi məktəbləri təmsil edən alimlərin məruzələri türkologiya elminin çağdaş mərhələdə multidissiplinar yanaşmaya, koordinasiyalı tədqiqatlara və institusional əməkdaşlığa ehtiyac duyduğunu aydın şəkildə ortaya qoydu. Əsas nəticələrindən biri də o oldu ki, türk dünyasının zəngin tarixi, dili, ədəbiyyatı və mədəni irsi üzrə aparılan tədqiqatlar bundan sonra daha sistemli şəkildə əlaqələndirilməli, ortaq layihələr, birgə elmi proqramlar və davamlı tədqiqat şəbəkələri vasitəsilə inkişaf etdirilməlidir.

Xəzər Universitetində keçirilən simpoziumda iştirak edən Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək qəzetimizə müsahibəsində toplantının yalnız elmi baxımdan deyil, eyni zamanda, siyasi-mədəni və mənəvi baxımdan da mühüm əhəmiyyət daşıdığını vurğuladı:

– Türkiyədən, Azərbaycandan və digər türkdilli ölkələrdən nüfuzlu alimlərin bir araya gələrək ortaq dil, tarix və ədəbiyyat problemlərini müzakirə etməsi türk dünyasında elmi və mədəni davamlılığın canlı nümunəsidir.

Kamal Çiçək bildirib ki, bu cür görüşlər XX əsrin əvvəllərində formalaşmış maarifçilik və birlik ideyalarının bu gün də yaşadığını və yeni nəsil tədqiqatçılar tərəfindən inkişaf etdirildiyini açıq şəkildə nümayiş etdirir. Müasir şəraitdə bu beynəlxalq simpoziumu yalnız elmi müzakirə platforması kimi dəyərləndirmək kifayət deyil. Onun fikrincə, tədbir son illərdə bütün türk dünyasını əhatə edən regional və beynəlxalq əməkdaşlıq prosesləri ilə sıx bağlıdır və bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ortaq siyasi, iqtisadi və mədəni təşəbbüslərlə ideya baxımından üst-üstə düşür.

Xəzər Universitetində təşkil olunan bu beynəlxalq toplantı tarixi dəyər daşıyır və Türk dünyasında elmi inteqrasiyanın dərinləşdirilməsi yolunda mühüm mərhələdir. Onun sözlərinə görə, bu simpozium müxtəlif ölkələrdə formalaşmış elmi məktəblər arasında körpü rolunu oynayır, tədqiqatçıların qarşılıqlı əməkdaşlığını gücləndirir və yeni ortaq layihələrin yaranmasına zəmin yaradır.

Bakı məclislərinin daha bir iştirakçısı Kırşəhir Ahi Evran Universitetinin dosenti, türkoloq Osman Kabadayı isə açıqlamasında qeyd etdi ki, bu toplantılar yalnız yubiley xarakteri daşımadı, eyni zamanda, türk dünyasının elmi və mədəni gələcəyi baxımından mühüm bir mərhələ oldu:

– I Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi məclislər Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimləri, ziyalıları və fikir adamlarını eyni məqsəd ətrafında bir araya gətirdi. Fevralın 27-dən keçirilən görüşlərdə, aparılan müzakirələrdə iştirak edən tədqiqatçıları birləşdirən əsas amal türk dillərinin, ədəbiyyatlarının, ortaq tarixin və ümumi mədəni irsinin qorunması və gələcək nəsillərə daha mükəmməl ötürülməsi arzusunun gerçəkləşməsinə yeni dəstək elmi dəstək qazandırılması idi.

Xəzər Universitetində keçirilən simpoziumda “I Bakı Türkoloji Qurultayında qazax aydınları” mövzusunda məruzəm maraqla qarşılandı. Müzakirələr göstərdi ki, simpozium yalnız keçmişin elmi mirasına istinad etmir, eyni zamanda, müasir dövrdə türkoloji tədqiqatların qarşısında duran problemlərin həllinə yönəlmiş yeni baxışları və metodoloji yanaşmaları da ortaya qoyur.

Möhtəşəm yubiley tədbirlərinin təşkilində əməyi olan təşkilatçılara, alimlərə və dəstək göstərən bütün qurumlara təşəkkürümüzü bildiririk. Türk dünyasının elmi və mədəni birliyi yolunda atılanbelə addımlar ümumi gələcəyimizin möhkəmlənməsinə xidmət edir.

Müsahiblərimizin də dedikləri kimi, Bakı konfransı və simpoziumu, müxtəlif görüşlər və təmaslar bir daha göstərdi ki, 100 il əvvəl Bakıda bir araya gəlmiş görkəmli türkoloqların daşıdığı ideallar bu gün yenidən canlanır və yeni elmi nəsil bu zəngin irsi layiqincə davam etdirir. Belə beynəlxalq elmi platformalar həm də Türk dünyasında ortaq elmi məkanın yaradılmasına, tədqiqatçıların birgə layihələrə cəlb olunmasına və akademik əməkdaşlığın möhkəmlənməsinə imkanlar açır.

Namiq QƏDİMOĞLU
XQ











Sosial həyat