Son illər ərzində Sumqayıt şəhəri sürətli inkişaf yolu keçərək müasir və abad yaşayış məkanına çevrilib. Ötən günlərdə burada intensiv yağışların yaratdığı fəsadlar operativ aradan qaldırılıb, su basmış ərazilər təmizlənib, kanalizasiya xətləri açılıb və digər zəruri işlər icra olunub, zərər çəkmiş yollar təmir edilib.
Müsbət haldır ki, fövqəladə hallarda şəhər icra hakimiyyəti və yerli xidmət qurumları, o cümlədən bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfat strukturları koordinasiyalı şəkildə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən şəhərin Zülfü Hacıyev küçəsində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Sözügedən ərazidə 1000 kvadratmetr sahəni əhatə edən qazon örtüyü döşənib. Yaxın vaxtlarda şəhərin əsas magistral yollarından hesab olunan Koroğlu prospekti və Bakı küçəsində də qazon örtüyünün salınması planlaşdırılır. Onu da qeyd edək ki, son vaxtlar Sumqayıtın müxtəlif ərazilərində ümumilikdə 14 min ədəd qızılgül kolu əkilib. Bu isə şəhərin dekorativ görünüşünü xeyli zənginləşdirib.
Şəhərin bağbanları, eyni zamanda, mövcud ərazilərin qulluq və mühafizəsini də diqqətdə saxlayırlar. Park və xiyabanlarda mütəmadi olaraq ot biçini işləri aparılır, yaşıllıq sahələri səliqəyə salınır və onların qorunması təmin edilir.
Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları günə erkən saatlardan başlayaraq şəhərin küçə və prospektlərində genişmiqyaslı təmizlik işləri həyata keçirirlər. Onlar yolların süpürülməsi, məişət tullantılarının vaxtında yığılaraq daşınması, konteynerlərin təmiz saxlanılması və ümumi abadlıq işlərinin görülməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər.
Şəhərin əsas yollarında və intensiv istifadə olunan ərazilərdə xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla ətraf mühitin təmizliyi daim nəzarətdə saxlanılır. Görülən işlərin səmərəliliyini artırmaq məqsədilə bütün proseslər əvvəlcədən müəyyən edilmiş plan üzrə təşkil olunur.
Bu gün Sumqayıtda müşahidə olunan səliqə-sahman, küçə və prospektlərin təmizliyi, parkların baxımlı vəziyyəti məhz müvafiq xidmət sahələri kollektivlərinin gündəlik əməyinin nəticəsidir.
Ə.ƏLİYEV
XQ

