Ağalı kəndinə çatan kimi adamın diqqətini ilk cəlb edən səliqə-sahmanla yanaşı, həm də torpağın ilıq nəfəsidir. İllərlə həsrət qaldığı sahiblərinə qovuşan bu yerlər indi hər qarışında həyatın yenidən canlandığını nümayiş etdirir. “Ağıllı kənd” adını daşıyan bu məkan təkcə texnologiyanın deyil, həm də zəhmətin, ümidin və qayıdışın rəmzinə çevrilib.
Ətrafa tamaşa edirəm. Ərik, şaftalı, armud ağacları, sanki, bu torpağın sevincini özündə saxlayaraq budaqlarını meyvə ilə doldurub. Kəndin yaxınlığında yerləşən “Şirin aqro” şirkətinin təsərrüfatında işin qızğın çağıdır. Sahələrdə ağaclara qulluq edilir, alaq otları təmizlənir.
– Şirkətin layihə rəhbəri Ravik Müslümov bol məhsullu ərik ağaclarına göstərərək deyir:
– Torpaq zəhməti sevir. Builki meyvələrə baxın, bunlar, sadəcə, məhsul deyil, zəhmətin, alın tərinin bəhrəsidir. Şirkətimizin 100 hektarlıq sahəni əhatə edən bağlarında həyat qaynar bir ritmlə davam edir. 60 hektarda şaftalı, 40 hektarda isə ərik ağacları səliqə ilə düzülüb. Bu bağlarda yetişən ərik meyvəsi, əsasən, may ayının ortalarından etibarən yığılaraq bazarlara yola salınır. Zəngilan ərikləri təravətli ətri, dadı ilə yerli və xarici bazarlarda rəqabətliliyini ildən-ilə yüksəldir. Yeri gəlmişkən, bu meyvələrin dünya bazarında rəqabət üstünlüklərindən biri də erkən yetişməsidir. Məhsulumuz digər ölkələrlə müqayisədə satışa daha tez çıxarılır və bu da ixrac imkanlarını genişləndirir.
Günəşin istisini, torpağın nəfəsini və suyun saflığını özündə birləşdirən Zəngilan əriyi təkcə dadı ilə deyil, görünüşü ilə də seçilir. Elə buna görədir ki, hazırda “Şirin aqro”da yetişdirilən məhsulun təkcə ölkə daxilində deyil, xaricdə də alıcıları çoxdur.
– Bağda çalışan işçilərlə söhbətimiz də elə onların yetişdirdiyi meyvələr kimi şirin alınır. Ağalı kənd sakini İlqar Dünyamalıyev gülümsəyərək deyir:
– Doğma yurda qayıdanda yolboyu ən çox düşündüyümüz məsələ işlə bağlı idi. Amma ilk günlərdəncə işlə təmin olunduq. Doğma dədə-baba torpağımızda çalışmaq olduqca qürurdur.
Digər bağbanlar – Səfər Səlimov, Nəsir Zeynalov, Aydın Quliyev və Səlim Hüseynli həm yeni evlərindən, həm də iş şəraitindən razılıqla danışırlar. Onların səsində təkcə məmnunluq yox, həm də gələcəyə inam duyulur. Müasir suvarma sistemləri, keyfiyyətli tinglər, aqronom məsləhətləri torpağa verilən dəyərin göstəricisi kimi fərəh doğurur.
Zəngilan bağlarında təkcə meyvə yetişmir. Burada, eyni zamanda, respublikanın iqtisadi inkişafına xüsusi töhfəsi ilə seçilən və 30 illik işğaldan azad olunmuş bir bölgənin dirçəlişi, insanların öz yurduna bağlılığı və dövlət dəstəyinin real nəticələri boy atır.
Həkəri və Bərgüşad çaylarının yaxınlığı isə bu torpağın damarlarında axan həyat kimidir. Suvarma üçün geniş imkanlar yaradan bu çaylar bağlara can verir, ağacları yaşadır, məhsulu bol edir. Ağacların damcı sistemi ilə suvarılması və yeni texnikalarla dərmanlanması bağbanların işlərini son dərəcə asanlaşdırır.
…Günəş yüksəldikcə bağlarda iş daha da canlanır. İnsanlar yorulsa da, üzlərindəki təbəssüm itmir. Çünki onlar, sadəcə, işləmir, həm də zəhmətdən zövq alırlar, torpağı dirçəldirlər, bol və dadlı məhsul yetişdirməkdən qürur duyurlar.
Meyvə bağlarını gəzərkən və ətrafı seyr edərkən bir həqiqət aydın olur: bu torpaq təkcə məhsul vermir, o həm də ümid yetişdirir. Bu ümid inama dönüb, qızılı rəngə çalan əriklər kimi artıq sərhədləri aşaraq dünyaya yayılır.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

