Şəmkir–Gədəbəy yolu keçilməz olub...

post-img

Çoxdan idi Gədəbəyə yolum düşmürdü. Amma bu dəfə gedəndə çox təəssüfləndim. Bir zamanlar sürətlə keçilən və rahat bir marşrut olan Şəmkir–Gədəbəy yolu bərbad günə düşüb.

Yol yenicə istifadəyə veriləndə hamı sevinirdi ki, nəhayət, bu səfalı dağ rayonuna rahat gedib-gəlmək mümkün olacaq. Amma indi artıq həmin yolu keçmək əsl sınağa çevrilib. Əvvəllər 40-45 dəqiqəyə rahatlıqla gedilən bu yol indi saat yarıma qət olunur.

...Sürəti saatda 20-30 kilometr ilə məhdudlaşdırmaq məcburiyyətində qalırdım, çünki hər addımda qarşımda dağılmış asfalt “yollar” və böyük çuxurlar çıxırdı. İdarə etdiyin maşına az ziyan dəysin deyə, bu yolda hərəkət etmək əsl cəldlik və peşəkarlıq tələb edir. Yolun vəziyyəti o qədər acınacaqlıdır ki, bir maşının belə buradan salamat çıxması möcüzədir. Burada təmir edilməmiş hər bir hissə qəzaya səbəb ola biləcək böyük riskləri özü ilə daşıyır.

Əgər bu vəziyyət tezliklə dəyişməzsə, Gədəbəyin turizm sektoru da ciddi zərər görəcək. Qarşıdan yay mövsümü gəlir və bu, bölgə üçün ən vacib dövrlərdən biridir. Lakin belə bir yol turistlərin sayını yarıbayarı azalda bilər. Əksər səyahətçilər Gədəbəyin çətin yolu keçməkdənsə, digər bölgələrə yollanacaq.

Rayon icra hakimiyyətində bildirdilər ki, əlaqədar qurumlar tezliklə cari təmir işlərinə başlamağa söz veriblər. Düzü, təəccübləndim. Əgər söhbət mən gəldiyim magistral yoldan gedirsə, orada cari təmir işləri aparmaq mənasızdır və necə deyərlər, “şapalaqla üz qızartmaq”dır. Bəzən də yol təsərrüfatı işçiləri məsuliyyətdən qaçaraq deyirlər ki, bilirsiniz, dağ rayonudur, qar, yağış suları asfaltın altına dolur və yolu bu vəziyyətə salır. Tamamilə əsassız fikirlərdir, bəhanələrdir. Məgər yer üzündə dağlıq ərazilər bircə bizim ölkədə var? İsveçrənin yolları ilə gedərkən sanki nağıllar aləminə düşürsən. Bizdə niyə olmasın?

Nə isə, Şəmkir–Gədəbəy yolunun bərpası üçün nəqliyyat və turizm sektoruna cavabdeh olan təşkilatlar dərhal tədbir görməlidir. Hər ötən gün, Gədəbəyin inkişafına daha çox mane olur və əgər vaxtında addım atılmasa, bu vəziyyət bölgə üçün böyük itkilərə səbəb olacaq. Bir daha deyirəm ki, bu yolun bərpası vacibdir, yoxsa Gədəbəyin potensialı böyük zərər görəcək.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sosial həyat