“Qarabağ bülbülləri”nin cəh-cəhi “Euronews”dan eşidildi

post-img

Dağlarının dumanı, çaylarının pıçıltısı, çəmənlərinin ətri ilə göz oxşayan istedadlar diyarı Qarabağ əsrlər boyu sənətin, sözün, musiqinin beşiyi olub. El arasında deyirlər ki, Qarabağda körpələr muğam üstə ağlayar, muğam üstə gülər. Çünki musiqi bu yurdun havasında, suyundadır. Burada hər isti nəfəsdən bir avaz, hər səmimi baxışdan bir nəğmə yaranır. Muğam isə bu ruhun ali ifadəsidir.

Tarixin dərin qatlarına boylandıqca Qarabağın sənət salnaməsinin zənginliyi daha aydın görünür. Bu torpaq saz-söz ustadlarının ilham mənbəyi olub. Qurbaninin hikmət, Aşıq Pərinin incə duyğularla dolu misraları, Sarı Aşığın bayatıları, sazın sehri dağları aşaraq ellərə yayılıb, zaman keçdikcə xalqın ruhuna hopub. Aşıq havaları, muğam dəstgahları, xalq mahnıları milli musiqimizin sütunlarına çevrilib. “Arazbarı”, “Kərəmi”, “Mani” kimi havalar xalqın duyğularını ifadə edən bənzərsiz nümunələrdir.

Qarabağın musiqi yaddaşında isə elə bir zirvə var ki, oradan yüksələn hər səs unudulmazdır, bu zirvə Şuşadır. Musiqi beşiyimizin sinəsində ucalan şəhər səsin, sözün və ruhun möhtəşəmliyi, ahəngi ilə əhatə olunub. Burada igidlər süngü ilə tarix yazdığı kimi, sənətkarlar da səs və sazla əbədiyyətə çevrilən dastanlar yaradıblar. Elə buna görə də Şuşa canlı konservatoriya, Azərbaycan musiqisinin nəfəs aldığı məkandır.

Üzeyir Hacıbəylinin ilk musiqi nəfəsi burada duyulub, onun notlara köçürdüyü duyğular məhz o mühitin məhsuludur. Eyni havanı udan, eyni bulağın gözündən su içən Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov və bir çoxları bu şəhərin ruhunu sənətləri ilə dünyaya tanıdıblar. Şuşanın təbiəti belə musiqi kimidir, dağların sərtliyi, soyuğu ilə bulaqların incə, həzin səsi sənətkarların ruhunu oxşayaraq notlarda öz əksini tapıb. Belə bir mühitdə yaranan əsərlərin dillər əzbəri olması da təsadüfi deyil. Rəngarəng musiqi çələngində “Segah”ın sevgi ilə dolu ahəngi, “Şur”un incə lirizmi, “Cahargah”ın fəryadı, “Rast”ın qürurlu səslənişi xalqın ruhuna yansıyır.

Xan Şuşinskinin səsində, avazında Qarabağın vüqarlı dağları gözümüzdə canlanır, hər zənguləsində Şuşanın heyrətamizliyi hiss olunur. Onun adı çəkiləndə Səməd Vurğunun “Azərbaycan” poemasından həzin misralar yaddaşlarda canlanır:

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bu zəngin mədəniyyət beşiyi haqqında ötən günlərdə nüfuzlu beynəlxalq media qurumu olan “Euronews”un hazırlayıb yayımladığı videosüjet muğamın incəliklərini dünya musiqisevərlərinə təqdim etdi. Süjetdə Qarabağ muğam məktəbinin dərin kökləri, ənənələri və bu sənətin nəsildən-nəslə ötürülməsi xüsusi vurğulandı. Eyni zamanda, Qarabağ musiqi ənənəsinin formalaşmasında təbiət, mühit və insan amillərinin vəhdətindən söhbət açıldı.

Doğma Qarabağdan yüksələn muğamın zil səsi zamanın sınağından keçərək bu günə gəlib çatıbsa, burada müəllimlərin əməyi danılmazdır. Onlar muğamı yaşadır, qoruyur və gələcəyə ötürürlər. Bu missiyanı daşıyanlardan biri də Müşfiqabad qəsəbəsində yerləşən Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində dərs deyən səs müəllimi, pedaqoq, xanəndə Habil Məmmədovdur. Onun yetişdirdiyi uşaqlar səhnədə muğam oxuyanda, əslində, bütöv bir məktəbi, torpağı təmsil edirlər. Səhnədə alqışlanan azyaşlı ifaçıların yanında dayanan müəllimin zəhməti əvəzsizdir. Çünki bu gün muğam yaşayırsa, deməli, onu yaşadanlar var.

Habil Məmmədov deyir ki, Qarabağ musiqi mühiti Azərbaycan sənət tarixində elə bir məktəb formalaşdırıb ki, təsiri yalnız ifaçılıqla məhdudlaşmır. Bu mühitdə Aşıq Valeh, Qurban Primov, Sara Qədimova, Səxavət Məmmədov kimi sənətkarlar yetişib:

– Bu mühitdə böyüyən ifaçılar üçün musiqi zaman-zaman hiss edilən, yaşanan həyatın ayrılmaz bir hissəsi olub. Qarabağın təbiəti, insanları və səsi elə bir estetik vəhdət yaradıb ki, bu mühitdə formalaşan sənətkarın musiqiyə baxışı daha dərin və instinktiv olur. İstedadlar yurdunda yetişən ifaçılar muğamı daha tez mənimsəyirlər. Bunun səbəbi mühitin özüdür. Qarabağda böyüyən bir gənc üçün muğam sanki əvvəldən içində olan istedadı yenidən oyatmaqdır.

Qarabağ muğam məktəbinin əsas fərqləndirici xüsusiyyəti isə onun ifa üslubundadır. Burada səs işlətmə texnikası sərbəst, emosional və daha geniş diapazonludur. Zəngulənin quruluşu və səsin “rənglənməsi” Qarabağ məktəbinə xüsusi estetika verir. Bu məktəbdə ifaçı səsi formalaşdırır, yönləndirir və dinləyicisinə yansıdır. Zəngulələr daha uzun nəfəs üzərində qurulur, səs keçidləri yumşaq və təsirli olur.

Qarabağ üslubunun ən mühüm cəhətlərindən biri də ifaların çox vaxt zil registrdə aparılmasıdır. Qarabağ məktəbində səs yumşaq, axıcı və fərqli çalar daşıyır. Bu məktəbin gücü onun ötürdüyü duyğudadır, ifaçı musiqini yaşayır. Bu səbəbdən Qarabağ muğamı dinləyicidə həm də emosional təsir yaradır.

Hər bir uşaq eyni sürətlə qavramır, eyni şəkildə hiss etmir və eyni anda musiqiyə açılmır. Bu fərqlilik müəllim üçün həm çətinlik, həm də böyük bir sınaqdır. Muğamın uşaqlara öyrədilməsi və gələcək nəsillərə ötürülməsində əsas çətinliklərdən biri səsin formalaşdırılmasıdır. Zəngulələrin düzgün verilməsi, nəfəsin idarə olunması və səsin muğam estetikası ilə uyğunlaşdırılması uzun zaman tələb edir. Uşaq səsi təbii və saf olsa da, onu klassik muğam üslubuna uyğunlaşdırmaq səbir və düzgün metodika istəyir.

Bu yanaşmanı daha dəyərli edən məqam isə tədrisin yalnız sinif otağı ilə məhdudlaşmamasıdır. Şagirdlərlə birlikdə hazırlanan videolar, ifalar və layihələr tədrisin davamı kimi çıxış edir. İstedadlı uşaqların bir arada qrup şəklində çalışması onların bacarıqlarını inkişaf etdirir, ictimai mühitdə özlərini ifadə etmək imkanı yaradır. Bu cür layihələr milli musiqinin, xüsusilə də xalq və retro mahnılarının təbliğinə xidmət edir.

Müəllimin məqsədi nəticəni də göstərməkdir. Çünki sinif otağında formalaşan istedadın geniş auditoriya tərəfindən eşidilməsi uşaqlar üçün motivasiya yaradır və real nəticəni ortaya qoyur. Şagirdlərin səhnəyə çıxması, efirlərdə görünməsi onların özünəinamını artırır və gələcək sənət yoluna ciddi təsir göstərir. Bu gün sosial media platformalarının rolu da danılmazdır.

Paylaşılan ifalar mədəni təsir vasitəsinə çevrilir. Həmin mahnının uşaqlar arasında yayılması, kəndlərdə, məktəblərdə səslənməsi artıq mədəniyyətin canlı şəkildə ötürülməsi deməkdir. Eyni zamanda, konsert uşaqlar üçün fərqli təcrübədir. Müsabiqə mühitində bir neçə münsifin önündə çıxışdansa, minlərlə insanın qarşısında ifa etmək daha böyük məsuliyyət tələb edir.

Muğamdan fərqli olaraq müasir dövrdə geniş yayılan bəzi musiqi nümunələri daha sadə strukturda olduğu üçün texniki və bədii baxımdan eyni dərinliyi daşıya bilmir. Yeni nəsil daha çox trendlərə uyğun, ritmik və qısa formatlı musiqilərə maraq göstərsə də, milli musiqinin rolu dəyişməz olaraq qalır. Çünki milli musiqi xalqın köküdür. O, yaddaşı, tarixi və kimliyi qoruyur. Bu musiqiyə heç bir xarici qüvvə təsir edə bilməz, çünki onun formalaşdığı mühit, dil və emosional zəmin unikaldır. Azərbaycan musiqisi məhz özünəməxsusluğuna görə dünyaya fərqli bir səs təqdim edir.

Milli musiqi ictimai və mənəvi dəyərləri gücləndirən vasitədir. Xüsusilə çətin tarixi dövrlərdə musiqi xalq üçün mənəvi dayaq rolunu oynayıb. 2020-ci il Vətən müharibəsi zamanı yayılan görüntülərdə döyüşçülərin milli mahnılarla ruhlandığı, bu musiqilərlə yola çıxdığı tez-tez müşahidə olunurdu. Milli musiqi vətən sevgisinin səsli formasıdır. Torpağa, tarixə və kimliyə bağlılıq musiqinin hər notunda hiss olunur.

Ona görə də mədəniyyətimizi qorumaq, inkişaf etdirmək və yeni nəsillərə düzgün şəkildə ötürmək hər bir sənətkarın missiyasıdır. Gənclərin bu sahəyə cəlb olunması isə gələcəyin musiqi mənzərəsini müəyyənləşdirir. Əgər yeni nəsil öz kökünə bağlı qalarsa, milli musiqi Azərbaycan mədəniyyətinin dünyada daha güclü və orijinal şəkildə təmsil olunmasına imkan yaradacaq.

Ləman TƏHMƏZ
XQ



Mədəniyyət