“Sazı dilləndirən ürəyin atəşidir”

post-img

Zər qədrini zərgər, saz dəyərini sazbənd bilər

Sazbənd Mürsəl Ağalarovla görüşümüz şər qarışan vaxta təsadüf etdi. Uzaqdan əsən külək torpaq qoxusu ilə birgə sazın səsini də özü ilə ətrafa yayırdı. Usta Mürsəl qapısı yarıaçıq bir emalatxanada sazı əzizləyə-əzizləyə sinəsinə sıxıb fikrə dalmışdı.

– Salam, usta.

– Xoş gəldin. Sazın səsi səni bura gətirdi, eləmi?

– Bəli, usta.

Özünün dediyinə görə, hər səhər gün doğmadan işə başlayır. Əvvəlcə emalatxananın pəncərəsini açır, havasını dəyişir, sonra alətlərə toxunmaqla sanki onları oyadır.

Emalatxanada sadə ağac parçası canlı musiqi alətinə çevrilir. Ustanın barmaqları simlərin üstündə astaca gəzir, hər toxunuşu bir söz kimi ürəyə dəyir.

– Usta, saz danışır deyirlər. Doğrudurmu?

– Saz danışmaz, onu danışdıran insanın içindəki oddur. O od yoxdursa, min il sazı sinənə sıxsan da, səsi boş çıxar.

– Mürsəl divardan aşıq Ədalətin asılmış fotosunu göstərir:

– Ustad sənətkarımız hər zaman sazı əlində olmaqla yanaşı, sözü də ürəyində daşıyırdı. Ona görə sazı dillənirdi. Ədalət Nəsibovdan söz düşmüşkən, usta yaddaşını sanki yeniləyir: “Bir dəfə aşığa sual verirlər ki, ustad, bu saz səni, yoxsa sən sazı yenirsən? Cavab verir ki, baxır məqamına. Elə vaxt olur ki, bir az vəziyyət yaxşı getmir, iş alınmır, müştəri zəifləyir onda saz məni yenir”.

– Mən də sazı öyrənə bilərəm?

Usta gülümsəyir. Hiss edirəm ki, atalarımızın məşhur “qırxında öyrənən” məsəli yadına düşüb:

– Sazı tutmağı, onu dilləndirməyi hamı öyrənə bilər. Amma aşıq olmaq, o, başqa bir məsələdir. Aşıq olmaq üçün əvvəl “ürəyin sınmalıdır”. Yadda saxla, saz əlində yox, ürəyində olmalıdır. Əgər ifa edib kövrəlməsən, bil ki, hələ yolun əvvəlindəsən.

– Bunsuz mümkün olmaz?

– Olmaz, qardaş. Odsuz ürək nə sevər, nə də danışar. Sinəsindəki sazın səsi birdən dəyişir. Daha dərindən, daha da yanğılı bir ifa ilə.

Vaxt uzandıqca usta ilə söhbətimiz daha da dərinləşir. Mən suallarımı yönəldirəm, o da cavab verir, amma hər cavab sanki bir dərsdir.

Söhbətimizin şirin yerində qapı astadan döyülür. İçəriyə daxil olan gənc təmir üçün tar gətirib. Gəncin gözlərindən sanki qəribə bir ümidsizlik görünür:

– Usta, əmanət olan tarımı düzəldə bilərsiniz? – ehtiyatla soruşur. Usta tarı əlinə alır, diqqətlə baxır. Taxtanın çatlarını, simlərin qırılmış yerlərini yoxlayır. Sonra sakitcə gülümsəyərək: düzəltmək olar. Amma məsələ alətdə deyil. Oğlan çaşqınlıqla ustanın üzünə baxır: Bəs nədədir? Usta gəncə oturmaq üçün yer göstərir. Danış görüm, bu alət sənin üçün nə deməkdir? Əvvəlcə tərəddüd edən gənc yavaş-yavaş söhbətə başlayır. Bu tar mənə atamdan yadigardır. Atamı itirəndən sonra bir daha ona toxunmamışam. Üstündən illər keçib, tar “dilə” gəlib.

Usta gənci diqqətlə dinləyir. Sonra tarı masanın üstünə qoyur.

– Bax, alətlər, sadəcə, taxta və sim deyil. Onlar xatirələri daim yaşadır. Sənin tarın qırılmayıb, sadəcə, susub. Usta işə başlayır. Elə bil o, tarı yox, bir insanın yaddaşını bərpa edir. Gənc sakitcə emalatxananın küncündə oturub ustaya diqqətlə baxır. Nəhayət, usta tarı ona uzadır.

Gənc tərəddüdlə simlərə toxunur. İlk səs emalatxanaya yayılır. Gənc gözlərini yumaraq öz aləminə dalır, sanki illər sonra ilk dəfə əmanətinin səsini duyur.

Sazbənd Mürsəl Ağalarov Laçının Mirik kəndindəndir. Ürək yanğısı ilə kəndlərindən söz açır. Hiss edirsən ki, ürəyi doludur. Doğulub başa çatdığı Mirik kəndindən ağızdolusu danışır:

– Elə məni də bu sənəti öyrənməyə məhz kəndimiz, onun əsrarəngiz meşələri oldu. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olub. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak-maraq sözündən olub, “müşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır.

Laçın azadlığına qovuşandan sonra dəfələrlə kəndimizə getmişəm. İlk gedişimdə inanın ki, tanımadım. Evlərimiz tamamilə dağıdılıb, viran qoyulub. Ermənilər illərlə meşələrimizi tamamilə qırıb, məhv edib. Hər dəfə doğma, füsünkar Laçına gedəndə saz mənə yol-yoldaşlığı edir. Elə ki, yoruldum saz sinəmə taxılır.

Mürsəl 1990-cı ildən bu sənətlə məşğuldur. 1992-ci ildə məcburi köçkün həyatı yaşadıqdan sonra Xəzər rayonunun Qala qəsəbəsində məskunlaşıb. Mirik kəndinin də tanınmış aşıqları olub. Aşıq Teymur, Ziyadxan, Zahid. Hazırda aşıq Teymurun oğlu Bəhlul atasının davamçısıdır.

Usta min bir əziyyətlə emalatxana düzəldib. Sənəti yaşatmaq üçün illərlə çalışıb. Vaxtilə köç edərkən özünün dediyinə görə, 500-ə yaxın təkcə saz alətinin materialını gətirib. Uzun illər istifadə edib. Hazırda isə Gürcüstandan alır. “Elə bilirsiniz ki, hər ağacın materialı saz üçün yarayır?” – sazbənd Mürsəl sözünə davam edir:

– Məşhur sazbəndlər hər ağacdan saz düzəltməyib, keyfiyyətli ağac materialı üçün el-el, oba-oba gəzib, daha çox yaşlı ağaclara üstünlük veriblər. Hər bir alətin özünün materialı olur. Ən əsası, sazı hazırlamaq onun materialına xüsusi diqqət yetirmək lazımdır. Sazın çanağı tut ağacının seçmə növlərinin oduncağını ovmaqla, qolu isə qoz ağacından hazırlanır. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1200 millimetr, çanağının dərinliyi isə 200 millimetr olur. Bəzən elə sazlara rast gəlirsən ki, saz çox ağır olur. Dəmyə yerində bitən ağacın çəkisi yüngül, həm də məsamələri sıx olur. Sonrakı mərhələsində çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Bir vaxtlar simlər yüksəkkeyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış. Ümumiyyətlə, musiqi alətləri düzəltmək hiss və təcrübə tələb edən sənətdir.

Usta sazbəndlik sənətinə marağın olmamasından söz açıb narahatlığını da bildirir:

Təəssüf ki, bu gün sazbəndlik sənətinə maraq azdır. Mən heç kimdən maddi maraq güdmədən bu sənəti öyrədərəm, bircə istək olsun yetər, təki sənət yaşasın. Həmçinin özünü sazbənd adlandıran çoxdur, amma öz sənətinin ustası olanlar çox azdır. Bu da ondan irəli gəlir ki, sazbəndliklə məşğul olanların bir çoxu sənəti özbaşına öyrənib. Amma usta yanında sazbəndliyi öyrənənlər də var. Sazbəndlik minilliklərin sənətidir. Onun daşıyıcısı həm dülgər, həm tərtibatçı-rəssam, həm musiqiçi, həm də saz-söz sənətinə yaxşı bələd olmalıdır. “Zəri zərgərdən, sazı sazbənddən alarlar” deyimi də təsadüfi deyilməmişdir. Usta sazbəndlər təkcə saz düzəltməmiş, həm də zaman-zaman sazı təkmilləşdirmişlər. Azərbaycanda ustad sazbəndlər həmişə olub, bu gün də var.

Mürsəl doğma kəndinə dönüşü səbirsizliklə gözləyir. Köç etdikdən sonra sazbəndlik sənətini yaşatmağı planlaşdırır.

Müşfiq MİRZƏ
XQ



Sosial həyat