Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində BMT-nin Baş katibinin müavini və UNESCAP-ın icraçı katibi Armida Salsiah Alişahbana ilə görüşüb.
Görüşdə Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu xüsusi vurğulanıb. Ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunmuş Zirvə Görüşünə sədrliyi, həmçinin 2024-cü ildə COP29-a uğurlu ev sahibliyi qeyd olunub.
Tərəflər arasında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə də görüşüb.
Görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Şri-Lanka Demokratik Sosialist Respublikasının kənd təsərrüfatı inkişafı, sosial təminat və icmanın gücləndirilməsi naziri Upali Pannilac ilə də görüşüb.
Nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan artan münasibətləri yüksək qiymətləndirib və müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək imkanlarını müzakirə ediblər. İqtisadi əlaqələrin gücləndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetirilib.
Şri-Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma görə dərin minnətdarlığını ifadə edib.
XQ


