Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş, zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
Heydər ƏLİYEV,
ümummilli lider
Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü milli dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqını və dövlətini zamanın ən çətin sınaqlarından uğurla çıxaran dahi şəxsiyyətin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində ölkəmiz ictimai-siyasi, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olmuşdur. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan dünyanın qabaqcıl ölkələri ilə geniş iqtisadi, siyasi və mədəni əlaqələr qurmuş və bu əlaqələr getdikcə daha da möhkəmləndirilmişdir.
1969-cu ildə dahi liderin hakimiyyətə gəlişi respublikamızın həyatında mühüm dönüş nöqtəsi oldu. İctimai-siyasi proseslər canlandı, iqtisadi islahatlar geniş vüsət aldı. Xüsusilə milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin inkişafı və ana dilimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi.
Hər bir xalqın varlığını təsdiq edən əsas amillərdən biri onun dilidir. Lakin sovet dövründə “vahid sovet xalqı” ideyası adı altında müxtəlif xalqların dili və milli kimliyi sıxışdırılır, rəsmi dövlət dili kimi rus dili üstün tutulurdu. Təhsil sistemində və yerli mətbuatda rus dilinə geniş yer verilməsi milli dillərin inkişafına maneələr yaradırdı. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev böyük cəsarət və qətiyyət nümayiş etdirərək ana dilimizin müdafiəsinə qalxdı.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin il aprelin 21-də qəbul edilən sayca 4-cü Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, milli kimliyin qorunması və dilimizin hüquqi statusunun möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə idi.
Həmin dövrdə respublikada ana dilli məktəblərin açılması, dərsliklərin nəşri, ədəbiyyatın inkişafı və dilçi alimlərin fəaliyyətinə dəstək göstərilməsi istiqamətində mühüm addımlar atıldı. Rəsmi tədbirlərdə ana dilinin istifadəsi genişləndirildi ki, bu da dilimizin ictimai nüfuzunu artırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər müstəqil Azərbaycanın dil siyasətinin formalaşdırılmasına xüsusi diqqət yetirdi. 1995-ci ildə qəbul olunan Ana Qanunda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit olundu və onun qorunması, inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyənləşdirildi.
Sonrakı illərdə bu sahədə mühüm hüquqi sənədlər qəbul edildi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman, iyulun 4-də Dövlət Dil Komissiyasının yaradılması barədə sərəncam, avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında” fərman imzalandı. 2002-ci il sentyabrın 30-da qəbul edilən “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun isə dilimizin işlənməsi, qorunması və inkişafı üçün hüquqi baza yaratdı.
“Hər bir Azərbaycan vətəndaşı öz ana dilini bilməlidir” - deyən Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi, inkişafı naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında azərbaycançılıq ideyasını önə çəkərək dilin milli kimliyin əsas dayağı olduğunu xüsusi vurğulayan Ümummilli lider qeyd edirdi ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır.
Bu gün Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun artması və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndərin məqsədyönlü siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley iclasında çıxışı zamanı vurğulamışdır ki, ana dili dövlət müstəqilliyinin və milli suverenliyin rəmzidir.
Doğma dilimizin saflığının qorunması, onun ədəbi normalarının tətbiqi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir vətəndaşın, xüsusilə də ziyalıların məsuliyyətidir. Azərbaycan dilinin zənginləşməsi üçün elmi araşdırmalar genişləndirilməli, gənc nəsildə dilə sevgi aşılanmalı və düzgün istifadə mədəniyyəti formalaşdırılmalıdır.
Qloballaşma dövründə milli dillərin qorunması daha da aktuallaşır və müstəqil dövlətimiz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət yürüdür. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünya azərbaycanlılarını birləşdirən mənəvi körpü kimi də öz mövqeyini gücləndirir.
Mehparə ƏLİYEVA
XQ

